Ölkəyə ixrac azalıb: Səbəb nədir?

Bu ilin ilk 10 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 37 milyard 367 milyon dollar olub. İxrac 23 milyard 193 milyon, idxal isə 14 milyard 174 milyon dollar olub. Bu müddətdə idxal 4,6 faiz artsa da, ixrac 7,7 faiz azalıb.

İxracda yaşanan geriləməni “Sherg.az” üçün şərh edən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, azalmanın əsas səbəbi neft-qaz sektoru ilə bağlıdır: 
“Əgər ötən ilin ilk on ayında 22 milyon  682 min ton neft ixrac edilib 17 milyard 179 milyon dollar pul əldə olunmuşdusa, 2023 –cü ilin ilk on ayında 22 milyon 268 min ton neft ixrac edilərək 13 milyard 785  milyon qazanc əldə olunub. Neft ixracından gələn gəlirlər 3 milyard 394 milyon aşağı düşüb. Keçən ilə nəzərə 400 min ton az satılsa, belə əsas səbəb neftin qiymətlərində yaşanan aşağı düşmədir ki, nəticədə  belə fərqin yaranmasına gətirib çıxarıb. Qazın  qiyməti də keçən ilə nəzərən aşağı enib. Belə ki, keçən ilin ilk on ayında 18,4 milyard kub metr qaz 14,65 milyard dollara satılmışdısa, bu ilin ilk on ayında 22,9 milyard kub metr qazdan 12,3 milyard qazanc əldə olunub. Baxmayaraq ki qaz hasilatında və ixracında artım olub, amma qaz qiymətlərində müşahidə olunan azalma səbəbiylə qaz satışından əldə olunan qazanc 2 milyard  382 milyon dollar azdır. Qaz satışından əldə olunan gəlir hasilatın artması konteksində yaşanıb. Neftdə isə hasilatda və qiymət paralel olduğu üçün ümumilikdə mənfəət azalıb. Qeyri-neft sektorunda müəyyən artım var. Lakin bu irəliləyiş neft-qaz sektorunu kompensasiya etməyə yetəcək qədər deyil”.