Vüqar Bayramov: İdxal ölkədən valyuta aparır

Əvvəlki ilin uyğun dövrü ilə müqayisədə xaricdən daha çox məhsul gətirmişik


  "Bu ilin ilk 10 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 37 milyard 367 milyon dollar olub. İxrac 23 milyard, idxal isə 14 milyard dollar olub". 

Bu barədə "Sherg.az"a  millət vəkili Vüqar Bayramov deyib. 

Deputat bildirib ki, bu müddətdə ixrac 7,7 faiz azalıb: 
"Enerji məhsullarının qiymətinin əvvəlki illə müqayisədə aşağı olması ixracın dəyərini azaldıb. Bununla belə, idxalda artım tendensiyası davam edib. Yəni əvvəlki ilin uyğun dövrü ilə müqayisədə xaricdən daha çox məhsul gətirmişik. İdxal ölkədən valyuta aparır, ixrac isə valyuta gətirir. Bu baxımdan, idxalın həcminin artması ölkədən valyutanın çıxması baxımdan arzuolunan deyil.
  Bu dövrdə ərzaq məhsullarının idxalında da artımlar qeydə alınıb. Mal ətində idxal 93,3 faiz, siqaretlərdə 48,9 faiz unlu qənnadı məmulatlarında 12,7 faiz, şokolad və şokolad məhsullarında 12,6 faiz, təzə tərəvəzdə 4,9 faiz artıb. Son statistika göstərir ki, idxalın əvəzlənməsi prosesinin sürətlənməsi olduqca vacibdir. Xüsusən, ərzaq məhsulları üzrə yerli istehsalın genişləndirilməsi hesabına idxaldan asılılığın aradan qaldırılmasına ehtiyac var".