“Yem məhsullarının idxal edildiyini səbəb göstərərək qiymətləri qaldıracaqlar. Dünya bazarlarında qiymət qalxdıqca, bizdə də qiymət qalxacaq”
Kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli əhalini gözlənilən bahalaşma ilə bağlı xəbərdar edib. Ekspert bildirib ki, yeni ildən etibarən ətin qiymətində təxminən 25-30 faiz bahalaşma gözlənilir. Ekspert qiymət artımın yerli istehsalın azalmasıyla əlaqələndirib: “Hər il ət istehsalı getdikcə azalır. Bu il isə ət istehsalının azalması xüsusilə hiss olundu. Ona görə də ətin qiymətində bahalaşma baş verir. Bu il ətə tələbatın az olduğu yay aylarında və eyni zamanda Məhərrəmlik ayında ətin qiymətində 1 manat bahalaşma baş vermişdi". Ekspert bildirib ki, bu ilin 11 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə ət idxalı 93 faiz artıb. Bu da ölkə daxilində ət istehsalının azaldığını göstərir: "Təəssüf ki, idxal əti ilə daxildə ətə olan tələbatı ödəmək bir qədər çətindir. Çünki ölkə daxilində bazarın konyukturası buna imkan vermir. Bazarlarda qəssabların satdığı ətin içərisində idxal ətinin sayı çox azdır. Yəni bazarlarda satılan ətin əksəriyyəti yerli istehsaldır". A.Nəsirli hesab edir ki, gələn il ət və ət məhsulları, quş və quşçuluq məhsullarının bahalaşacağı gözlənilir: "Son 3 ildir ki, ölkədə heyvandarlığın yem bazasına ciddi zərbə dəyib. Belə ki, fermerlər yonca sahələrindən məhsul götürə bilmirlər. Qış aylarında havaların mülayim keçməsi zərərvericilərin inkişafına səbəb olur. Ona görə də ot sahələri məhv olub. Bu vəziyyətin qarşısını almaq üçün ciddi addımların atılmaması təəssüf doğurur. Çünki yaranan vəziyyət ət istehsalında maya dəyərinin bahalaşmasına səbəb olur". Ekspert xatırladıb ki, 2024-cü il 1 yanvar tarixinədək ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlar təsdiq üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət etməli və öz məhsullarını bəyan etməlidirlər: "Əks halda qida və yem məhsullarının idxalına məhdudiyyət tətbiq olunacaq. Əldə etdiyim məlumata görə, idxal şirkətlərinin əksəriyyəti hələ də qeydiyyatdan keçməyiblər. Bu isə həmin şirkətlərin məhsullarının ölkəyə idxalına məhdudiyyət qoyulacağını göstərir. Nəticədə ölkədə ət və ya quş ətində qıtlıq yarana bilər. Təxminən 6 ay müddətində ölkədə ət məhsullarının qiymətində bahalaşma baş verəcək".
İqtisadçı Pərviz Heydərov isə “Sherg.az"a açıqlamasında qeyd etdi ki, idxaldan asılılıq azalmadıqca, yerli istehsalın həcmi artmadıqca qiymət artımı qaçılmaz olacaq:
- Ət istehsalı və tədarükü sahəsində yaxın perspektivdə ölkəni ciddi problemlər gözləyir. Bu sahədə vəziyyət qənaətbəxş deyil. Ət və ət məhsullarının istehsalı və tədarükü əvvəlki illərə nisbətən xeyli aşağı düşüb. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var. Səbəblər arasında örüş yerlərinin azalmasını, yemin bahalaşmasını, ümumi inflyasiya, bahalaşma tendensiyasını göstərə bilərik. Problemdən çıxış yolu dövlətin heyvandarlıqla məşğul olan fermerlərə dəstək verməsindədir. Heyvandarlığın artımı üçün qapalı heyvandarlığın inkişaf etdirilməsi fikri tez-tez səslənir. Qapalı heyvandarlıq təcrübəsi, bəli, bir çox ölkələrdə var. Bizim ölkədə də var. Bir sıra regionlarda bununla məşğul olurlar. Lakin məsələ qapalı heyvandarlığın böyük vəsait tələb etməsindədir. Qapalı heyvandarlıq nədir; bir şəxs iri baş heyvan alır, onu tövləyə bağlayır, yemini, suyunu hər gün – səhər, axşam heyvanın qarşısına qoyur, o heyvan örüşə, naxıra getmir. Daim tövlədə qalır, orda yeyir-içir, böyüyür, kökəlir. Buna kökəltmə də deyirlər, “bordağ” da. Bordağa bağlanan heyvanın əti çox olur. Yağlı olur, amma vitaminli olmur. Çünki heyvan çölə çıxmayıb, təbii otlarla qidalanmayıb, gəzə-gəzə istədiyi, ehtiyacı olan otdan, çiçəkdən yeməyib. Məsələn, “şved” inəkləri var. Ətlik və südlük heyvanlardır. Onlar yalnız qapalı saxlanılır. Bu heyvanlar örüş üçün deyil, örüşdə davrana bilmirlər. Onlar qapalı şəraitdə - fermada saxlanılır. Təbii şəraitdə yetişdirilən inək 1 bardaq süd verəndə, “şved” inəyi bir vedrə süd verir. Əti də çox olur. Amma bu südün də yağlılığı çoxdur, vitamin baxımından isə kasaddır. Hər fermer, kəndli də bordağa heyvan bağlamaq imkanına sahib deyil. Otun bağlaması - 1 “pres” ot 6-7 manatdır. Bir “pres” otu bordağdakı heyvanın qarşısına qoyanda bir neçə dəqiqəyə yeyib qurtarır. Adi kəndli, fermer ona yem çatdıra bilməz. Bu xərclər nəzərə alınaraq dövlət tərəfindən iri müəssisələr yaradılmalıdır və ət istehsalı, tədarükü səviyyəsi artırılmalıdır. Bu işlər görülməsə, biz qarşıdakı illərdə ət məsələsində ciddi problemlə qarşılaşacağıq. Yerli istehsalın həcmi mütləq artırılmalıdır ki, idxaldan asılılıq azalsın. Belədə qiymət artımının qarşısını mümkün qədər ala bilərik. Əks halda, bu, mümkün olmayacaq. Çünki ət istehsalçıları yem məhsullarının idxal edildiyini səbəb göstərərək qiymətləri qaldıracaqlar. Dünya bazarlarında qiymət qalxdıqca, bizdə də qiymət qalxacaq. Harda yerli istehsal ehtiyacları ödəyirsə, orda qiymət artımının önünü kəsmək, ən azından sabit saxlamaq mümkün olur.