2009-cu ildən başlayaraq, bu proses 100% süni idi: misli görünməmiş pul çapı və kəsir. Daha dəqiq desək, 15 ilə 27 trilyon dollar.
Bu sözləri tanınmış amerikalı iqtisadçı Harri Dent “Dent Fox News Digital”a açıqlamasında 2024-cü il üçün iqtisadi proqnozlar səsləndirərkən deyib.
O bildirib ki, 2024-cü il həyatımızda görəcəyimiz ən ciddi çöküş ili olacaq.
Son əldə edilən imkanların investorların böyük hissəsində “mülayim tənəzzül” nikbinliyi yaratmasına baxmayaraq, Dent bunu sabun köpüyü adlandırıb və vurğulayıb ki, bu köpük 2024-cü ildə partlayacaq:
“Tarixən bazar qabarcıqları səhm qiymətlərinin sürətlə artması, sonra isə kəskin azalma ilə xarakterizə olunur. Bu qabarcıq əslində 2021-ci ilin sonlarında, COVİD pandemiyasından sonra şişməyə başlayıb və ilk əlamətlər 2022-ci ildə “Nasdaq”ın 38% ucuzlaşmasında özünü göstərdi. Bu, S&P-də 86%, NASDAQ-da isə 92% çöküşdür. Kriptovalyutada isə bu, 96% olacaq. Yeri gəlmişkən, daşınmaz əmlak 2012-ci ilin ən aşağı səviyyəsinə qayıdacaq”.
O, Böyük Depressiya proqnozlaşdırdığını bildirib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, belə proqnozlar barəsində fikirlərin səsləndirilməsi ilk dəfə deyil:
“Hətta “Böhran kahini ” adlandırılan Roubini də bu barədə praqnozlar söyləyib. Əslində məsələnin kökündə müəyyən rasional amillər dayanır. Çünki doğurdan da 2008-2009-cu il böhranı pul ilə basdırıldı. Yəni problemlər həll olunmaq əvəzinə pul ilə üzəri örtüldü. Daha sonra bütün dünyada pandemiya dövrü çox bərbat idarə olundu. Logistik xəttlərin kəsilməsi, qapanmalar iqtisadiyyata böyük zərbə vurdu. Hətta problemlərin həlli üçün iqtisadiyyata əlavə 15-17 trilyon dollar pul səpildi. Nəticə etibarı ilə infilyasiyanın yüksəlməsinə şərait yaratdı. Bütün bunları nəzərə alsaq təbii ki, dünya iqtisadiyyatında problemlərin olduğunu deyə bilərik. Dünya ölkələrinin ümumi borcu dünyanın Ümumi Daxili Məhsul (ÜDM) istehsalından 3 dəfə çoxdur. Bunun özüdə ciddi problemdir. Elə ölkələr var ki, ÜDM dən 2 dəfə artıq borca malikdir. Yəni bütün sözügedən problemləri üst-üstə yığsaq böhran ehtimalları kifayət qədər güclüdür”.
N. Cəfərli böhranı yumşatmağın mümkün olduğunu da vurğulayıb:
“Hər şey dünyanın aparıcı ölkələrinin hansı siyasət yürütdüklərindən aslı olacaq. Əgər qarşılıqlı ticarət müharibələri və sanksiyalar artmaqda davam edəcəksə, təbii ki, bu logistikanın və dünya ticarətinin daha da axsamasına gətirib çıxaracaq. Nəticə etibarıilə ölklərin borc yükü artacaq və daha kəskin böhranların əsasını qoyacaqdır. Hər şey siyasi iradədən və idarəetmə formasından aslı olacaq”