“2024-cü il üçün qlobal iqtisadi proqnozlar 2023-cü ildən bir qədər aşağıdır. Əgər 2022-ci ildə qlobal iqtisadi artım 3,5 faiz olubsa, 2023-cü ildə bu göstəricinin 3 faiz olacağı gözlənilirdi. 2024-cü ildə isə, iqtisadi artımın bir qədər də aşağı düşəcəyi, 2,9 faiz olacağı proqnozlaşdırılır”.
Bu sözləri 2024-cü illə bağlı dünyada və Azərbaycanda iqtisadi proqnozlar barəsində “Sherg.az”a danışan iqtisadçı ekspert Xalid Kərimli deyib.
O bildirirb ki, pandemiyaya qədərki 2000-2019 cu illərdə dünya iqtisadi artımı ortalama 3,8 faiz olub:
"2024 -cü ildə inkişaf etmiş ölkələrdə iqtisadi artımın 1,4 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 4 faiz olacağı gözlənilir. Növbəti ildə infilyasiyanın bir qədər aşağı düşməsi ehtimal olunur. Bu il qlobal infiliyasiya göstəricisi 6,9 faiz idisə, gələn il üçün 5,8 faiz olması proqnozlaşdırılır. Dünya banklarının sözügedən istiqamətdə həyata keçirdiyi tədbirlər və daha aşağı əmtəə qiymətləri infiliyasiya səviyyəsinin enməsinə şərait yaradacaqdır. Qlobal iqtisadi göstəricilərin aşağı düşməsinə əsas səbəb dünyanın bir çox yerində davam etməkdə olan müharibələrlə əlaqədardır. Avropanın iqtisadi artımı çox zəifləyib, ümumi iqtisadi inkişafın geriləməsinin səbəbi də budur. Hazırkı Ukrayna-Rusiya müharibəsində iqtisadi baxımdan Avropa daha çox zərər çəkir. Digər bir səbəb Çində daşınmaz əmlak bazarında olan problemlərdir. Bunun gələn il daha çox şiddətlənəcəyi güman edilir. Bu da qlobal iqtisadi göstəricilərə mənfi təsir göstərəcəkdir”.
X.Kərimli bu il Azərbaycanda iqtisadi artımın gözləntilərin altında olduğunu söyləyib:
“2023-cü il üçün 1,9-2 faizlik artım gözlənilirdi. Amma hazırda noyabr ayına qədər olan iqtisadi artım göstəricisi 0,8 faizdir. Bunun da əsas səbəbi qeyri-neft sektorunda olan artımın proqnozlaşdırılandan aşağı olmasıdır. Qeyri-neft sektorunun 4 faiz artacığı gözlənilirdi, amma 3,2 faiz artdı. Neft sektorunda isə azalma müşahidə olunur. Bunun da əsas səbəbi neft hasilatının aşağı düşməsidir. Azərbaycan üçün növbəti il 2,4 faizlik iqtisadi artım praqnozlaşdırılır. Neft sektorunda 1,7 faizlik azalma, qeyri-neft sektorunda 4,6 faizlik yüksəlmə gözlənilir. Ölkədə iqtisadi baxımdan 2023-cü ilə nəzərən daha yaxşı il olması gözlənilir. İnfiliyasiya hazırda 9,4 faizdir. Hansısa dəyişiklik olmasa gələn il üçün bu göstəricinin 5,3-5,5 faiz aralığında olması ehtimal olunur. Vətəndaşlar infiliyasiyanın aşağı düşməsini qiymətlərin aşağı düşməsi kimi qiymətləndirirlər, amma bu doğru yanaşma deyil. İnfiliyasiya qiymət səviyyəsinin artmasıdır. Yəni infiliyasiyanın sürətinin azalmasından söhbət gedir”.