Gələn il ABŞ dolları ucuzlaşacaq? - Maraqlı proqnoz

İqtisadçı qlobal geosiyasi risklər şəraitində 2024-cü ilin iqtisadi mənzərəsini şərh edib


  “2024-cü illə bağlı iqtisadi proqnozlarımı demək istəyirəm, amma geosiyasi hadisələrlə bağlı iqtisadi proqnoz çox çətindir. Çətin olmasaydı, nə Dünya Bankı, nə Beynəlxalq Valyuta Fondu, nə öz doğma Maliyyə Nazirliyimiz və Mərkəzi Bankımız il ərzində proqnoz göstəricilərini dəyişdirməzdilər. Eləcə də, ilin ortasında dövlət büdcəsinin proqnozları yenilənməzdi”.
  
Bu sözləri  “Sherg.az”a açıqlamasında hazırkı qlobal geosiyasi risklər şəraitində 2024-cü ilin iqtisadi mənzərəsini şərh edən iqtisadçı-eskpert  Eldəniz Əmirov deyib. 
  Ekpertin sözlərinə görə, qlobal iqtisadiyyatda inflyasiyanın eniş sürəti 2023-cü illə müqayisədə azalacaq.  FED, ECB və digər mərkəzi bankların uçot dərəcəsinin azalması prosesi davam edəcək: 

“Qloballaşmadan  “yorulan” dünya iqtisadiyyatının ayrı-ayrı bloklara bölünməsi prosesinin sürətlənməsi də istisna deyil. Çinin böyümə imkanlarının bu il də zəifləyəcəyini  (Çinin Bir Kəmər Bir Yol proqramı təkcə dəhliz deyildi, bu, Çinin genişlənməsinə hədəflənmiş proqram idi. Bu istiqamətdə işləri heç qaydasında getmir) güman edirəm.   Dünyada ümumi iqtisadi artımın 2,5 faiz ətrafında (0,2 faiz bəndi nisbi xəta ilə) olmasını, pessimist ruhlu beynəlxalq qurumların və onların ekspert komandasının özünü doğrultmayan qlobal böhran proqnozlarının 2024-cü ildə tamamilə mənasız olduğunun təsdiqlənməsini, yaxın Şərqdə münaqişə genişlənərsə, enerji bazarlarında və əsas ticarət yollarında əhəmiyyətli fasilələr yaradaraq yüksək enerji və ərzaq qiymətlərinin formalaşdırmasını proqnozlaşdırmaq olar.  Eyni zamanda Rusiyada sosial həyat geniş anlamda geriləyəcək.  Yaşıl enerji layihələrinin və dekarbonizasiya prosesinin dinamikası  artırılacaq.
 ABŞ dolları digər valyutalarla müqayisədə ucuzlaşdırılacaq.
Avrasiya dəhlizləri xəritəsində gələcək üçün ciddi fərqlər yarada biləcək C.Baydenin təklif etdiyi İMEC layihəsi (Hindistandan Avropaya Yaxın Şərqlə uzanan dəhliz) ilə bağlı da hansısa yenilik  olmayacaq. 
Dünya böyük, proseslər isə zəngin. Hər istiqaməti əhatə etmək mümkün deyil. Amma ümumi şəkildə gələn il Amerikada, Rusiyada, Hindistanda və Avropa Parlamentində olacaq seçkilərdə sürpriz neqativlər və dünyaya təsir etmək gücündə olan subyektlərin fəsadlı planları üzə çıxmasa, 2024-cü ilin dünya üçün iqtisadi cəhətdən son beş ilin (2020-2024) ən pozitiv iqtisadi ili olacağını ehtimal etmək olar. Həm də ki proqnoz edən hardan bilsin ki, bir gün səhər yuxudan oyanıb eşidəcək ki, Putin Ukraynaya hücum əmri verib və ya HƏMAS gecə İsrailə hücuma keçib. Əlinə fürsət düşən ABŞ də fürsəti əldən verməyib Rusiyanın, İsrail də HƏMAS-ın yaxasından yapışacaq və geosiyasi məqsədlərə çatmayana qədər onları buraxmayacaq. Nəticədə bazar konyukturasında yaranan kəskin fərqli dinamika bütün iqtisadi proqnozları alt-üst edəcək”.