Ölkədə kənd təsərrüfatı məhsullarının yığımı başa çatıb. 2023-cü ildə 1010,5 min ton və ya 2022-ci ilə nisbətən 5,9 faiz az kartof, 1825,6 min ton (0,1 faiz çox) tərəvəz, 438,2 min ton (6,6 faiz az) bostan məhsulları, 1261,3 min ton (0,7 faiz çox) meyvə və giləmeyvə, 224,5 min ton (5,6 faiz çox) üzüm, 1,1 min ton (12,3 faiz çox) yaşıl çay yarpağı, 29,3 min ton (0,2 faiz az) günəbaxan, 219,8 min ton (1,3 faiz az) şəkər çuğunduru, 6,3 min ton (24,9 faiz çox) tütün və 276,1 min ton (14,4 faiz az) pambıq yığılıb.
Dövlət Statistika Komitəsinə istinadən xəbərə görə, 2022-ci illə müqayisədə 2,8 faiz çox məhsul götürülüb. 2023-cü ildə istehsal olunan dənli və dənli paxlalı bitkilərin 1833,8 min tonunu və yaxud 56,4 faizini buğda təşkil edib. Buğdanın məhsuldarlığı 33,8 sentner olub.
Statistikaya görə, ölkədə kartof yığımı azalıb. Səbəb nədir və bu vəziyyət kartofun bahalaşmasına səbəb ola bilərmi?
Məsələyə münasibət bildirən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov "Sherg.az"a bildirib ki, keçən il əkin sahəsi təxminən 9 faiz azalıb:
"Ümumilikdə son bir neçə ildə kartofun əkin sahəsi 75 mindən 25 min hektara düşüb. Bu da kartof işi ilə məşğul olan fermerlərin bu sahəyə marağının azalması ilə bağlıdır. Baxmayaraq ki, Azərbaycanda kartofun qiyməti yüksəkdir, ancaq istehsal etdikləri kartofu yaxşı qiymətə sata bilmirlər. Əldə edilən məhsulun bir hissəsini Qafqazda saxlayıb qış mövsümündə bazara çıxarmaq ehtimalı yoxdur. Çünki anbarların sayı az və icarəsi çox yüksək qiymətədir. Kartof daha çox itkiyə getdiyinə görə, heyvanlarına yedizdirmək məcburiyyətində qalırlar. Bəzi regionlarda isə məhsuldarlıq çox aşağı səviyyədədir. Bununla bağlı lazımi qurumlar işlər görmür. Onları vaxtı-vaxtında suvarma sistemi ilə təmin etmir".
Ekspert vurğulayıb ki, kartofçuluq sahəsində seleksiz təşkil etmək lazımdır:
"Fermerlər kartofdan toxum materialı kimi istifadə edirlər. Ona görə də məhsuldarlıq və keyfiyyət aşağı səviyyədədir. Tədbir görülməsə, gələcəkdə kartof yığımının azalması qaçınılmazdır. Xarici ölkələrdə daha baha qiymətə və keyfiyyətsiz kartof idxal edilir. Çünki onlar keyfiyyətli məhsulu öz bazarlarında saxlayır, keyfiyyəti aşağı olanı isə digər ölkələrə satırlar".