Natiq Cəfərli: Neft qiymətlərinin artmasının böyük trendə çevriləcəyini düşünmürəm

Dünya bazarında neft qiymətləri dəyişib.
Belə ki, WTI markalı neftin mart füçersləri 2,42% bahalaşaraq, bir barelinin qiyməti 75,19 ABŞ dolları olub.
“Brent” markalı neftin mart füçersləri 0,06% ucuzlaşaraq, bir barelinin qiyməti 80,01 ABŞ dolları təşkil edib. 

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli "Sherg.az"a söyləyib ki, oktyabrdan başlayaraq gündəlik geosiyasi dəyişikliklər neft bazarına təsir edir:

"Dünən axşam yenidən Husilərin gəmilərə hücumu və bombalanması barədə amerikalılar tərəfindən məlumat verildi.  Bu isə həmin vaxt birdən-birə neftin keçiş faizinin artmasına səbəb oldu. Yəni, hələlik bu tendensiya geosiyasi gərginlik ilə bağlıdır. Bunun fundamental trendə dönməsi üçün dünyada neft istehlakı artmalıdır. Çinin də ümümidaxili məhsulu əvvəlki illərdəki kimi artmır. Avropada da resessiya var. Ona görə də neft qiymətlərinin artmasının böyük trendə çevriləcəyini düşünmürəm. Amma Hörmüz boğazında, Qırmızı dənizdə və Süveyş kanalı ətrafında hərbi gərginliyin artması neft qiymətlərinə təsir edir".