Bu səbəbdən də faizin enib-qalxması onlar üçün heç nəyi dəyişmir
Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot faiz dərəcəsini aşağı salıb.
MB uçot dərəcəsini 7.5 faizdən 7.25 faizə, faiz dəhlizinin yuxarı həddini 8.5 faizdən 8.25 faizə endirib və faiz dəhlizinin aşağı həddini isə 6.25 faiz səviyyəsində dəyişməz saxlayıb. Qərar sabahdan qüvvəyə minəcək.
Qeyd edilib ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2 faiz) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib.
Mərkəzi Bank uçot dərəcəsini dəyişdirən zaman ən çox verilən sual bu qərarın kredit faizlərinə necə təsir etməsi ilə bağlıdır. Yəni uçot dərəcəsinin endirilməsi kredit faizlərini də azaldacaqmı?
Millət vəkili Vüqar Bayramovun "Şərq"ə açıqlamasına görə, uçot dərəcəsinin endirilməsi inflyasiya səviyyəsinin azalması və bu meyillərin hədəf diapazonu daxilində formalaşması ilə bağlıdır.
Təbii ki, makro-iqtisadi stabilliyin qorunması da prioritetdir: "2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsinin azaldılması ilə bağlı qərarlar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dən 8.5 faizə endirən Mərkəzi Bank ötən ilin son ayında da əlavə 0.5 faizlik azalmaya getmişdi. 2024-cü ildə də eyni yanaşma davam etdirilir.
Mərkəzi Bankın uçot dərəcəsini endirməsi gözlənilən idi. Çünki makro-iqtisadi stabillik və istehlak bazarındakı mövcud qiymət səviyyəsi buna zəmin yaradır. Bununla yanaşı, baş bank hələlik faiz dəhlizi ilə bağlı konservativ siyasətini davam etdirir. Bu baxımdan da azalmalar mərhələli həyata keçirilir.
Mərkəzi Bankın son açıqlamasında sözügedən qərarın əsas səbəbi də məhz inflyasiya gözləntilərinin stabilləşməsi, profisitli tədiyə balansı və digər pul siyasəti alətləri ilə əlaqələndirilir".
Millət vəkili hesab edir ki, MB faiz dəhlizinin aşağı həddini dəyişdirilməməklə öz notlarının optimal gəlirliyini qoruyub saxlamağa çalışır: "Bununla, baş bank qiymətli kağızlar bazarındakı mövqeyini gücləndirməyə və sektor iştirakçılarından daha çox vəsait cəlb etməyə çalışır. Öncə də qeyd etdiyimiz kimi, bu ondan xəbər verir ki, Mərkəzi Bank öz notlarının son faiz dərəcələri üzrə kəskin azalmalara getməyi hədəfləmir".
Kreditlərin ucuzlaşması məsələsinə gəldikdə isə V.Bayramov deyib ki, hələlik uçot dərəcəsinin bu faizlərə ciddi təsiri yoxdur: "Əvvəlki açıqlamamızda qeyd etdiyimiz kimi, bu təsirlərin müşahidə olunması üçün hələ bir müddət lazımdır. Bu heç də Mərkəzi Bankın mövcud fəaliyyəti ilə bağlı deyil. Bununla yanaşı, Mərkəzi Bankın belə qərarlarını gəlirlik əyirisi ilə yanaşı kredit və depozit bazarına da təsir göstərməsi olduqca vacibdir.
Digər tərəfdən, son aylar depozit faizlərində də artımlar müşahidə olunur. Artıq sistem əhəmiyyətli banklar illik manat depozitlərini 9.0 faizlə qəbul edirlər. Bir müddət öncə orta hesabla 6.0 faiz təklif olunurdu. Depozit faizlərindəki artımlara "Blumberq" platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin sayı və eləcə də onların ortaçəkili faiz dərəcəsi də təsirsiz ötüşməyib. Belə ki, Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsilə cəlb edə bilib və bu da banklarda əlavə vəsaitlərə tələb yaradıb. Amma bankların daha bahalı borclanmasının kredit faizlərini artıracağı istisna deyil. Bu baxımdan, uçot dərəcəsi daxil olmaqla digər alətlər vasitəsilə kredit faizlərində optimallığın qorunması çox vacibdir".
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənovun da fikrincə, uçot dərəcəsinin kredit faizlərinə bir o qədər də təsiri yoxdur. Ekspertin sözlərinə görə, uçot dərəcəsinin endirilməsi Mərkəzi Bankın inflyasiya təhlükəsi görmədiyindən və əksinə, ölkədə iqtisadi aktivliyi canlandırmaq istədiyindən xəbər verir: "Banklar Mərkəzi Bankdan ucuz kredit götürür və vətəndaşlara kreditlər verirlər. Ona görə də faiz endiriləndə uyğun olaraq kredit faizləri də düşməlidir. Çünki bu halda pul həcmi arta bilir və Mərkəzi Bank inflyasiyanın olmasından qorxmur. Yəni nəzəriyyədə bu, belədir. Lakin təcrübədə belə olmur. Bizdə Mərkəzi Bankdan kredit götürmək elə də asan deyil. Əksər banklar, ümumiyyətlə, MB-dən kredit götürə bilmir. Bu səbəbdən də faizin enib-qalxması onlar üçün heç nəyi dəyişmir".
Ə.Həsənov onu da əlavə edib ki, Azərbaycanda qiymətlər daha çox idxal malları ilə həll olunur: "Biz malların çoxunu xaricdən gətirdiyimiz üçün Mərkəzi Bankın uçot dərəcəsi qiymətlərə təsir etmir.
İqtisadçı-ekspert Eldəniz Əmirov da "Şərq"ə açıqlamasında deyib ki, Mərkəzi Bankın uçot dərəcəsini azaltması inflyasiya göstəricilərinə ciddi təsir etməyəcək: "Mərkəzi Bankların pul siyasətinə dair verdiyi qərarların real iqtisadiyyata təsiri, o cümlədən inflyasiyaya təsiri müxtəlif transmissiya kanalları vasitəsilə baş verir. Azərbaycan bu kanalların inflyasiyaya təsir edən seqmenti işləmədiyi üçün uçot dərəcəsinə dair qərarlar inflyasiyaya təsir etmir. Bir məsələni də qeyd edək ki, uçot dərəcəsinin azaldılması təkcə inflyasiyaya deyil, həm də banklararası bazara və qiymətli kağızlar bazarına təsir edir. Azərbaycanda məhz AMB-nin bu qərarı hər iki bazarın - banklararası və qiymətli kağızlar bazarının idarə edilməsində rol oynayır".