Azərbaycanda 15 Bolqarıstan şirkəti fəaliyyət göstərir.
Bunu Azərbaycan-Bolqarıstan biznes forumunda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
S. Məmmədov Azərbaycanla Bolqarıstan arasında strateji münasibətlərin inkişaf etdiyini qeyd edib:
"Əlaqələrimiz 2015-ci ildə imzalanan birgə bəyannaməyə istinad edir. Ölkələrimiz arasında 65 sənəd imzalanıb. Ölkələr arasında olan əməkdaşlıq ənənəvi ticarət və investisiya fəaliyyətlərindən kənara çıxır. Bolqarıstan və Azərbaycan Avropa İttifaqının ümumi dəyəri 2,1 milyon avro olan iki tvinninq layihəsində birgə iştirak edib və bu, bizim müxtəlif istiqamətlərdə əməkdaşlığa və tərəfdaşlığa sadiqliyimizi nümayiş etdirir".
Nazir müavini qeyd edib ki, təkcə 2024-cü ilin birinci rübündə qarşılıqlı ticarət təxminən dörd dəfə artaraq 153 milyon ABŞ dollarına çatıb: "İxracımız isə illik dörd dəfədən çox artaraq 146 milyon ABŞ dolları təşkil edib. Bolqarıstan hazırda Azərbaycanın TOP10 ixrac bazarı sırasındadır".