Neftdən kənar iqtisadiyyatın inkişafı üçün hökumət səylərini ikiqat artırmalıdır
"Bu il Azərbaycan Respublikası Dövlət Neft Fonduna neftin satışından gələn gəlirlər təqribən 5 milyard dollar təşkil edəcək". Bunu iqtisadçı İlham Şaban deyib. Ekspert bildirib ki, son 17 ildə "AzəriÇıraq-Günəşli"dən dövlətin mənfəət şəklində əldə etdiyi ən aşağı qazanc 2020-ci ildə - 3,52 mlrd. dollar olub: "Amma 2022-ci ildə neftin gətirdiyi mənfəət demək olar ki, 10 mlrd. dollar idi. Ötən il 6 mlrd. dollardan bir qədər çox olmuşdu. Yəni biz onu müşahidə edirik ki, mənfəət neftinin dəyəri son 5 ildə qeyri-stabildir və azalmağa meyillidir. Çünki qlobal bazarlar təlatümlü dövrünü yaşayır. Bəs növbəti 5 ildə necə olacaq? Təbii ki, azalacaq, çünki hasilat azalır. Nə qədər qazana biləcəyimiz isə dünya bazarındakı qiymətlərdən asılı olacaq. Əgər neftin orta qiyməti hər ixrac etdiyimiz barel üçün 70 dollardan az olmayacaqsa, onda ilinə orta hesabla 3,5-4 mlrd. dollar qazanmaq şansımız var. Azərbaycan ötən ildən özünün emal zavodunun ehtiyaclarını ödəmək üçün xam neft idxal etməyə başlayıb. Həcmlər hələ kiçikdir, amma ildən ilə artacaq. “Azneft”in nefti 2025-ci ildən sonra yaxın beşillikdə təqribən 2 mln ton azala bilər, yataqların çıxarıla biləcək ehtiyatları get-gedə azalır. Demək, Azərbaycanın yeni xərc maddəsi də yaranacaq - xam neftin idxalı üçün çəkilən xərclər. Buna görə də neftdən kənar iqtisadiyyatın inkişafı üçün hökumət səylərini ikiqat artırmalıdır".