İqtisadçı vurğulayıb ki, Azərbaycan yaratdığı infrastrukturlarla qonşu ölkələrin enerjisinin dünya bazarına çıxarılmasında müstəsna rolu olub
İllərdir təşkil edilən Bakı Enerji Həftəsi uğurlu və nümunəvi bir modelə çevrilmiş enerji məsələlərinin müzakirəsi və qarşıdakı dövrdə əməkdaşlığın yeni yollarının müəyyən edilməsini əlaqələndirən mühüm platformaya çevrilib. Bakı Enerji Həftəsi çərçivəsində enerji sektorundakı aktual məsələlər müzakirə edilir. Enerji sənayesində çalışan, sərmayələr xərcləyən nəhəng şirkətlərin nümayəndələri əhəmiyyətli təkliflərlə çıxış edərək dünya miqyasında enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verməyə çalışırlar. 30-dan çox ölkədən 300-dək şirkətin iştirak etdiyi Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir.
Enerji Həftəsinin açılış mərasimində Prezident İlham Əliyevin iştirakı və çıxışı bütövlükdə qlobal enerji ailəsinə hörmətin nümunəsi kimi səciyyələnir, tədbirin statusunu daha da yüksəldir. Bu mühüm platformanın müəllifi Azərbaycandır. Qlobal enerji ailəsinin ortaq iqtisadi dialoquna çevrilən Bakı Enerji Həftəsinin builki özəlliyi və yeni məzmun gətirən ən başlıca istiqaməti isə bu dəfə “yaşıl enerji” blokunun xüsusi yer almasıdır. Tədbirlərə qatılan şirkətlərin təxminən 15 faizi məhz həmin sektorların təmsilçiləridir. Onların əksəriyyəti Azərbaycanın “yaşıl enerji” sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Vaxtilə “Əsrin müqaviləsi” böyük enerji strategiyasının əsasını qoyduğu kimi, iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulması bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcı kimi dəyərləndirilə bilər. Bu fakt COP29-a ev sahibliyi edən ölkə olaraq Azərbaycan artıq qlobal aktor rolunda çıxış edərək yeni əməkdaşlıq şəbəkəsi yaratmasını göstərir. Bakı Enerji Həftəsinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin dediyi kimi, COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən bunun bütün üstünlüklərini və çətinliklərini çox yaxşı dərk edirik. Qeyd edək ki, bu il Azərbaycanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Yeni neft strategiyasının Azərbaycanın müstəqillik tarixində mühüm rolu hədsiz dərəcədə böyükdür, ölkəmizin iqtisadi inkişaf təməllərinin və formalaşan güclü maliyyənin əsasını məhz neft gəlirləri təşkil edib. Neft gəlirləri respublikamızın sosial-iqtisadi tərəqqisinə dərin zəmin yaratmaqla bərabər, güclü ordu quruculuğunun təmin olunmasında da bir vasitə olmuş və Azərbaycanın öz dövlət suverenliyini, ərazi bütövlüyünü təmin etməsində də fundamental baza rolunu oynamışdır. Bu baxımdan “Əsrin müqaviləsi”nin imzalanması tarixi-iqtisadi rəmzi məna daşıyır. Bu əlamətdar hadisənin Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapması təsadüfi deyil. Ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan yaşıl enerji istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır. 2024-cü ildə Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkənin dünyada beynəlxalq və geniş miqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha sübut edir. Belə genişmiqyaslı hadisə ərəfəsində enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfəni bir daha vurğulayacaq. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir. Ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də yaşıl enerji kimi mövzular Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi yer tutur. Tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan “Zero Waste” prinsipinə sadiq qalaraq, 2024-cü ildə də Bakı Enerji Forumu zamanı çap vasitələrindən istifadə minimum səviyyəyə qədər azaldılaraq, əsasən elektron vasitələrə üstünlük veriləcək. Beynəlxalq “Zero Food Waste” təşəbbüsünü dəstəkləyərək, forum zamanı qidadan optimal istifadə prinsipi də tətbiq ediləcək.
Bundan başqa, Bakı Enerji Forumu çərçivəsində “MiniBoss” məktəbinin tələbələrinin “Ecoleaf” adlı startapı nümayiş olunacaq. Startapın ideyası başlıq hissəsində toxum olan qələmlər və tərkibində bitki toxumu olan qeyd dəftərləridir. Forumda iştirak edən nümayəndələrə də bu ekoloji təmiz məhsullar təqdim olunacaq. Ənənəvi olaraq, Bakı Enerji Həftəsi çərçivəsində baş tutacaq tədbirlər zamanı ikitərəfli işgüzar görüşlər (B2B, B2G) keçiriləcək. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Bununla yanaşı, tədbir çərçivəsində Bakı Ekspo Mərkəzinin foyesində “Heydər Əliyev adına yarımdalma qazma qurğusu” maketi, "Mədəni" rəqəmsal kontent müəllifi tərəfindən rəqəmsal rəsmlər toplusu, Qərbi Kaspi Universitetinin “Dizayn” fakültəsindən olan tələbələrin əl işlərindən ibarət sərgi nümayiş olunacaq. Ölkə liderlərinin və enerji sektoru üzrə olan qərarvermə səlahiyyətlərinə malik şəxslərin Bakıda toplanması ölkəmizin neft-qaz strategiyasının daha uğurlu şəkildə davam etdirilməsinə xidmət edir. Bu, eyni zamanda alternativ enerji strategiyasının uğurla həyata keçirilməsinə imkan verəcək və özəl sektorda şirkətlərarası əməkdaşlığı stimullaşdıracaq. Bu kimi mühüm platformalara beynəlxalq marağın ildən ilə artması Azərbaycanın dünya miqyasında artan nüfuzunun göstəricisidir. Azərbaycanın beynəlxalq aləmlə əlaqələri və əməkdaşlıq coğrafiyası genişlənir. Bu coğrafiya ABŞ, Avropa İttifaqı, Türkiyə, ərəb-islam dünyası və digər əraziləri əhatə edir. Bakı Enerji Həftəsinə dünya səviyyəsində verilən daha bir önəmin göstəricisi nüfuzlu dövlətlərin rəhbərlərin təbrik məktublarıdır. Bu xüsusda ABŞ prezidenti Cozef Baydenin məktubunu da xatırlatmaq zəruridir. Nəzərə alaq ki, bir həftə ərzində ABŞ Prezidenti Azərbaycana ikinci məktubunu göndərir. Bu, dünyada çox nadir enerji toplantısıdır ki, ABŞ Prezidenti təbrik göndərib. Baydenin həftə ərzində ikinci məktubu Azərbaycan-ABŞ münasibətlərinin pozulduğunu iddia edən dairələrə də tutarlı cavabdır. Bu əlaqələri pozmağa çalışan erməni lobbisi məqsədlərinə nail olmadı. ABŞ bundan sonra da Azərbaycan-Ermənistan münasibətlərində neytrallığını qorusa, Bakı-Vaşinqton əlaqələri daha da inkişaf edəcək. Azərbaycan birmənalı olaraq qlobal iştirakçıdır. O, artıq dünyada söz sahibinə çevrilib. Dünyanın aparıcı mərkəzlərindən olan Avropanın enerji təhlükəsizliyində ölkəmiz mühüm rol oynayır. Eyni zamanda Qərbin Qafqazda və hətta yaxın gələcəkdə Mərkəzi Asiyada belə fəaliyyəti bu və ya digər formada Azərbaycanla bağlı olacaq. Çünki enerji resurslarının ixracı Azərbaycan üzərindən mümkün olacaq və ölkəmizin Mərkəzi Asiyada getdikcə artan nüfuzu ölkəmizlə qərb arasında olan münasibətlərin burada bərqərar olmasına öz töhfəsini verəcək.
İqtisadçı-ekspert, sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, Azərbaycan Avropanın etibarlı qaz təminatçısı imicini qazanıb. Ekspertin sözlərinə görə, Azərbaycan bugün təkcə neft-qaz təchizatçısı deyil, artıq yaşıl enerji ixracatçısı olacaq dövlət statusunu qazanmaq üzrədir və bu istiqamətdə artıq bir çox işlər görülüb:
"Hətta istehsal ediləcək enerjinin Qara dənizin dibi ilə Avropaya ötürülməsi həm neft-qaz, həm də yaşıl enerji sahəsində Azərbaycanı ən etibarlı enerji tərəfdaşlarından birinə çevirir. Burada bir məqamı xüsusi qeyd etmək lazımdır. Biz adətən neft-qaz ixracından danışarkən əsasən onun iqtisadi tərəflərini düşünürük. Ancaq deyərdim ki, bu statusu, imici qazanmaq bizə eyni zamanda siyasi dividentlər gətirir. Azərbaycan Cənubi Qafqazda söz sahibinə məhz bu əməlləri ilə çevrilib. 1994-cü ildə, "Əsrin müqaviləsi" bağlandığı dönəmdə mən də fəaliyyət göstərmişəm. Bugün neft-qaz sahəsində nə görürüksə, hansı tədbirlər keçiririksə, hamısının bünövrəsi "Əsrin müqaviləsi" ilə qoyulub. İctimai-siyasi sabitliyin olmadığı bir zamanda ümumi daxili məhsulu (ÜDM) 1 milyard dollar, büdcəsi 350-400 milyon dollar olan bir dövlətə birdən-birə 7.5 milyard dollar yatırım edilməsi nə demək idi? Bu, bir ölkəyə xarici neft şirkətlərinin investisiyası deyildi, birbaşa Heydər Əliyev dühasına, ona olan güvənə yatırımlar idi. Bu sektordakı bütün uğurlarımızın təməl daşı o zaman qoyulub. Azərbaycan hazırda belə tədbirlərin keçirildiyi ən uyğun və uğurlu məkana çevrilib. Bugün bəşəriyyəti düşündürən, narahat edən problemlərin Azərbaycanda beynəlxalq tədbirlərini keçiririk".
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban da bildirib ki, Azərbaycan neft-qaz istehsal və ixrac edən Xəzəryanı ölkələr arasında bir mayakdır. İqtisadçı vurğulayıb ki, Azərbaycan yaratdığı infrastrukturlarla qonşu ölkələrin enerjisinin dünya bazarına çıxarılmasında müstəsna rolu olub: "Bakı Enerji Həftəsi çərçivəsində Türkiyə və Azərbaycanın dövlət şirkətləri "SOCAR" və POTAS arasında qaza sahəsində 4 saziş imzalanıb. Azərbaycan qazının Avropaya nəqli ilə bağlı tranzit sazişidir. Düzdür, Azərbaycan 2013-cü ildə belə bir saziş imzalamışdı, amma o Cənub Qaz Dəhlizinə aid idi. Ancaq indiki saziş onu nəzərdə tutur ki, biz Avropaya ikinci marşrutla öz yanacağımızı göndərmək imkanını qazanırıq. Həmçinin, Türkmənistan qazının Azərbaycanın infrastrukturu ilə Türkiyəyə ötürülməsi ilə bağlı da saziş imzalanıb. "Şahdəniz 1" layihəsi üzrə müqavilənin 2030-cu ilədək uzadılmasıdır. Hər il məhz "Şahdəniz 1" layihəsi üzrə 3.5 milyard kub metr qazın Türkiyəyə çatdırılması nəzərdə tutulur. Türkiyə ümumilikdə bizdən 10 milyard kub metrə yaxın qaz alır. Ancaq onun 6 milyard kub metrdən çoxu TANAP vasitəsi ötürülür ki, bu da "Şahdəniz 2"layihəsidir. Digər yandan bu ilin dekabrında İğdırdan Naxçıvana ilk mavi yanacaq həcmlərinin gəlməsi ilə bağlı kommersiya sazişi imzalandı. Azərbaycan bütün regionda və uzaq ölkələrdə öz qazımızla əməkdaşlığı genişləndirdik. Əvvəl Bakı-Tbilisi-Ceyhan sadəcə 3 ölkəyə bağlı idisə, indi ilkin etapda 7 ölkəni, ikinci mərhələdə isə 10 ölkəni əhatə edəcək. Cənab Prezidentin bəyan etdiyi kimi qaz coğrafiyası daha da genişlənəcək".