- Natiq Cəfərli: “İqtisadiyyatla məşğul olan qurumlar öz fəaliyyətlərinin fəlsəfəsini bilmirlər”
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət dairəsini getdikcə genişləndirir. AQTA-nın məlumatına görə, ev şəraitində hazırlanan məhsulların bazara – satışa çıxarılması üçün sertifikat almaq lazım gələcək. Yəni, pendir, qatıq, qaymaq, şor, mürəbbələr, şorabalar, kompotlar, şirniyyatlar… bir sözlə evdar xanımların əlindən çıxan hər cür qida məhsuluna AQTA-nın sertifikatı, icazəsi olmalıdır. Məsələn, 8-ci kilometr bazarında mürəbbə, xiyar, kələm turşusu satan qadın gərək sertifikat alsın, sonra məhsulunu piştaxtaya çıxarsın.
Təbii ki, burada hər bir bir satıcının şor və ya kələm turşusu vedrəsini əlinə alıb AQTA-nın qapısı ağzında növbəyə dayanması nəzərdə tutulmur. Bazar, mağaza, market (marketlərdə də ev üsulu hansısa qidalar, ərzaqlar satılır – M.R.) rəhbərliyi, restoran, kafe, şadlıq sarayı sahiblərindən qidalara görə sertifikat tələb olunacaq. Bunun özü də xırda bizneslə - ev şəraitində ərzaq hazırlayanlar üçün maneə yaradacaq.
Məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli qeyd edir ki, iqtisadiyyatla məşğul olan rəsmi qurumlar, o qurunlarda çalışanların əksəriyyəti iqtisadiyyatın, öz fəaliyyətlərinin məğzini, fəlsəfəsini bilmirlər. Düşünürlər ki, onların vəzifəsi nəzarətdir, anlamırlar ki, əsas işləri vətəndaşa xidmətdir: 
- AQTA deyir ki, evdə hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələb edəcək. Sertifikatı olmayanlar cərimələnəcək, hazırlayan da, satan da cəzalanacaq. Yeni qaydalar xüsusilə bazarlarda ev üsulu ilə hazırlanan konservləşdirilmiş məhsullara, mürəbbələrə və digərlərinə aid ediləcək. AQTA bu qərarı, məqsədlərini görün necə əsaslandırır və izah edir, sitat: “Yeni mexanizm çərçivəsində ilk növbədə, ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan və bazara çıxarıla bilən qida məhsullarının dairəsi dəqiqləşdiriləcək. Həmin məhsulların hazırlanması, saxlanılması, daşınması və istehlakçılara təqdim olunması zamanı müvafiq tələblər müəyyənləşdiriləcək”. Yəni, AQTA deyir ki, nədən turşu, nədən mürəbbə hazırlamalı olduğunuzu biz müəyyən edəcəyik, onların siyahısını dəqiqləşdirəcəyik. Hazırlanması, saxlanılması və daşınması qaydalarını AQTA olaraq biz müəyyən edəcəyik. Məşhur siyasətçi demiş, ey AQTA, mürəbbə və turşunu hazırlama və saxlama qaydalarını sizin gənc, ingilisdilli və rus dilli "qaqaşlardan" ibarət işçilərinizmi yaxşı bilir, yoxsa bu işlə onillərdir məşğul olan Tükəzban xalamı?! Tükəzban xala bu işi anasından, nənəsindən öyrənib, sizin işçilərə isə AB ölkələrindən gələn Mişel, Hans treninq keçib, xalanın bildiyinin heç 1%-ni belə siz bilmirsiniz, öyrənə də bilməzsiniz – bu bir. İkincisi, ey AQTA, Tükəzban xala bişirdiyi mürəbbəni, düzəltdiyi turşunu, tutalım, kafeyə, restorana satır, dünyada çoxdan qəbul edilmiş bir qayda var - ən yaxşı nəzarətçi müştəridir, ən yaxşı tənzimləyici rəqabətdir. Tükəzban xaladan mürəbbə alan Adil dayı öz kafesinin, müştərisinin düşməni deyil axı ki, zay məhsul alsın, müştəri itirsin – elə deyil?! Yaxşı, AQTA nın bu addımından sonra nə dəyişəcək – bəli, mənasız aşırı tənzimləmə, sertifikatlaşma işə düşəcək, cərimə “qılıncı” həmən “qınından” çıxacaq, Tükəzban xalanın sertifikat alması üçün xərci artacaq, o da məcburən Adil dayıya 2 kq balondakı mürəbbəni əvvəl 20 manat satırdısa, indi 30 manata satacaq. Adil dayının kafesinə gələn müştəri əvvəl çay masasına 7-8 manat ödəyirdisə, indi 10-11 manat ödəməli olacaq. Dəyişən yalnız qiymətlər olacaq.