Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri ilkin variantla müqayisədə 20 milyon manat artırılıb.
"Report" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Sənədə əsasən, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat (2026-cı ilin təsdiq olunmuş proqnozuna nisbətən 1,7 % çox), xərclərinin isə ilkin variantdakı kimi 42 milyard 400 milyon manat (+1,7 %) olacağı gözlənilir.
Son nəticədə dövlət büdcəsində 3 milyard 146 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,7 % çoxdur.
2027-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə ilkin variantla müqayisədə 10,4 milyon manat çox - 47 milyard 619,2 milyon manat, xərclərinin isə 9,6 milyon manat az - 50 milyard 377,1 milyon manat olacağı gözlənilir.
Bunlar 2026-cı ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,9 % və 3,1 % çoxdur.
Son nəticədə icmal büdcədə 2 milyard 757,9 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 28,7 % azdır.