Neft bazarının taleyini Hörmüz boğazında baş verənlər müəyyənləşdirir - İqtisadçı

  • Xalid Kərimli: “Gərginlik dərinləşərsə, enerji bazarında yeni şoklar yaşana bilər"

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0,43 faiz azalaraq 4 123 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0,14 faiz ucuzlaşaraq 60,66 ABŞ dolları təşkil edib. Neftin qiyməti isə əksinə, artıb. Londonun ICE birjasında “Brent” markalı xam neftin fyuçersləri 76,52 dollara yüksəlib. “Brent” markalı neftin qiyməti 0,29 faiz artıb. WTI markalı xam neftin fyuçerslərinin qiyməti isə 0,19 faiz bahalaşaraq bir barel üçün 72,21 dollara çatıb.

Mövcud vəziyyəti şərh edən iqtisadçı Xalid Kərimli “Sherg.az”a açıqlamasında bildirib ki, neftin qiymətinin dünya birjalarında dəyişməsinin əsas səbəbi Hörmüz boğazı ətrafında baş verən proseslərdir:

- ABŞ-İran münasibətlərində gərginliyin yenidən artması neft bazarına təsir göstərir. ABŞ-ın İrana qarşı növbəti zərbələri və ABŞ Prezidenti Donald Trumpın razılaşmanın artıq qüvvədən düşdüyünü bəyan etməsi bazarlarda müəyyən narahatlıq yaradıb. Bununla belə, neftin qiymətində kəskin artım müşahidə olunmur. Səbəb odur ki, investorlar bu qarşıdurmanın genişmiqyaslı müharibəyə çevriləcəyini gözləmirlər. Birjalar da bu ehtimalı nəzərə alır. Buna baxmayaraq, Hörmüz boğazı ətrafında cərəyan edən hadisələr qiymətlərə müəyyən dərəcədə təsir göstərir.

Qızılın qiyməti isə adətən fərqli istiqamətdə hərəkət edir. Neftin bahalaşması enerji və daşınma xərclərini artırır. Bu isə inflyasiyanın yüksələcəyi ilə bağlı gözləntiləri gücləndirir. Yanacağın bahalaşması məhsul və xidmətlərin maya dəyərinə təsir göstərdiyindən ümumi qiymət artımına səbəb olur. Belə şəraitdə mərkəzi banklar inflyasiyanı nəzarətdə saxlamaq üçün faiz dərəcələrini artırmağa meyilli olurlar.

Faiz dərəcələrinin yüksəlməsi isə qızıl üçün mənfi amildir. Çünki qızıl faiz gəliri gətirməyən aktiv hesab olunur. Nəticədə investorlar daha gəlirli maliyyə alətlərinə üstünlük verir və bu da qızılın qiymətinin enməsinə səbəb olur. Məhz bu mexanizm son günlər qızıl bazarında müşahidə olunan ucuzlaşmanı izah edir.