- “2025-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 3,2 dəfə artaraq 795 milyon dollar olub"
“Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri həm iki ölkə arasındakı münasibətlərin dərinləşməsi, həm də müxtəlif beynəlxalq platformalarda əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması bu ölkələrin bir-birinə nə qədər yaxın olduğunu, münasibətlərin səmimiyyət, hörmət və ehtirama əsaslandığını göstərir”.
Bu sözləri millət vəkili Vüqar Bayramov Sherg.az-a Özbəkistan-Azərbaycan iqtisadi əlaqələrini təhlil edərkən bildirib:
“Azərbaycan çoxvektorlu xarici siyasət yürüdən ölkədir. Dövlətimiz CICA (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə), Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalar çərçivəsində Özbəkistanla sıx işbirliyi qurub. Bu baxımdan, biz Azərbaycanın müttəfiqlərinin sayının artmasını müşahidə etməklə yanaşı, qardaş ölkələrlə strateji müttəfiqliyin əbədi xarakter aldığını və rəsmiləşdiyini görürük. Azərbaycan və Özbəkistan arasında iqtisadi baxımdan kifayət qədər böyük potensial var. 2025-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 3,2 dəfə artaraq 795 milyon dollar olub. Hədəf ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaqdır. İqtisadi münasibətlər yalnız ticarət dövriyyəsində deyil, eləcə də birgə investisiya qoyuluşlarında və təcrübə mübadiləsində özünü göstərir”.
Deputatın sözlərinə görə, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib:
“Artıq şirkət tərəfindən 15 layihə qiymətləndirilib və təhlil olunub. O cümlədən 6 prioritet istiqamət üzrə maliyyələşdirilmə həyata keçirilir. Layihələr çərçivəsində ayrılan vəsaitlərin həcmi 25 milyon dollara qədər yüksəlib. Bütün bunlar investisiya sahəsində ölkələrin ciddi əməkdaşlıq qurduğundan xəbər verir. Atılan addımlar prioritet sahələrdə əlaqələri dərinləşdirməklə bərabər, tərəflərin mühüm iqtisadi mənfəət götürməsinə şərait yaradacaq. Kifayət qədər geniş sektorlar üzrə razılaşmalar əldə olunub. Lakin ən vacib sənəd “Əbədi dostluq haqqında Müqavilə” idi. Tarixi sənəd iki qardaş xalqın eyni kökdən bəslənən taleyini və sarsılmaz gələcəyini əbədiyyətə möhürləyən strateji bir əhdnamədir”.
V.Bayramov onu da qeyd edib ki, Özbəkistan Qarabağın bərpasında misilsiz qardaşlıq dəstəyi nümayiş etdirib:
“Qarabağda təhsil sektorunun bərpasına ilk yardım edən ölkələrdən biri məhz Özbəkistan olub. Özbəkistan şirkətlərinin Qarabağın bərpasına cəlb edilməsi də ana prioritetlərdəndir. Yalnız təhsil və humanitar sektorlarda deyil, eyni zamanda yenidənqurma istiqamətində də Özbəkistan şirkətləri ilə daha sıx əməkdaşlığın qurulması hədəflənir. Sadaladıqlarım iki ölkə arasındakı münasibətləri dərinləşdirməklə yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpasını sürətləndirəcək, biznes icmalarının birgə layihələr icra etməsinə geniş imkanlar açacaq. Bu isə şübhəsiz ki, həm Azərbaycan, həm də Özbəkistan iqtisadiyyatı üçün böyük dividendlər və müsbət dinamika vəd edir".