Qlobal maliyyə bazarlarında uzun illərdir formalaşmış bir stereotip var: geosiyasi gərginlik artdıqca investorlar riskli aktivlərdən uzaqlaşır və kapital “təhlükəsiz liman” kimi qəbul edilən qızıla yönəlir. Lakin son proseslər bu ənənəvi yanaşmanın hər zaman işləmədiyini göstərir. İran ətrafında davam edən hərbi-siyasi gərginliyə baxmayaraq, qızıl bazarında müşahidə olunan dinamika fərqli ssenarinin formalaşdığını ortaya qoyur. Tarixi maksimum səviyyələrə qədər yüksəlmiş qızıl qiymətləri son həftələrdə kəskin geriləmə ilə diqqət çəkir. Bu isə onu göstərir ki, hazırda investor davranışlarını yalnız geosiyasi risklər deyil, eyni zamanda enerji bazarlarında yaranan yeni fürsətlər və qlobal iqtisadi balansdakı dəyişikliklər müəyyən edir. Nəticədə, qızıl əvvəlki kimi “sığınacaq” rolunu tam şəkildə qoruyub saxlaya bilmir və bazarda yeni prioritetlər ön plana çıxır.
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Sherg.az-a bildirib ki, qızıl adətən geosiyasi risklər artanda “təhlükəsiz liman” kimi bahalaşır, amma bazarlar təkcə müharibə xəbərləri ilə hərəkət etmir:

"Hazırda qiymətin enməsi bir neçə amilin üst-üstə düşməsi ilə bağlı ola bilər. Ən əsas səbəblərdən biri ABŞ dollarının güclənməsi və faiz dərəcələrinin yüksək qalmasıdır. Məsələn, Federal Reserve faizləri yüksək saxladıqda investorlar qızıl kimi faiz gətirməyən aktivlərdən daha çox istiqrazlara yönələ bilirlər. Bu da qızılın qiymətinə təzyiq göstərir. Digər tərəfdən, bazarlar bəzən geosiyasi risklərə əvvəlcədən reaksiya verir. Yəni İran ətrafında gərginlik artıq qiymətlərdə qismən nəzərə alınıbsa, yeni xəbər axını əlavə bahalaşma yaratmaya bilər. Əksinə, əgər vəziyyət gözləniləndən daha da pisləşmirsə, investorlar qazanc götürərək satış edə bilirlər. Qızılın son enişinin müvəqqəti olub-olmadığı isə bir neçə faktordan asılıdır. Əgər geosiyasi gərginlik genişlənərsə və ya maliyyə bazarlarında panika artsa, qızıl yenidən bahalaşa bilər. Amma faizlər yüksək qalarsa, dollar güclü olarsa və inflyasiya nəzarətdə saxlanarsa, yaxın müddətdə qızılın daha da ucuzlaşması ehtimalı da var".
A. Nəsirli hesab edir ki, hazırkı vəziyyətdə qızılın qiymətindəki enişi tam təsadüfi saymaq olmaz:
"Amma bu, uzunmüddətli trendin dəyişdiyi anlamına da gəlmir. Bazar həm risklərə, həm də makroiqtisadi siqnallara paralel reaksiya verir və bu səbəbdən qızılın qiyməti yaxın dövrdə dəyişkən qalmağa davam edə bilər".