Tütün məmulatı idxal və istehsal edən sahibkarlıq subyektlərinin reyestri aparılacaq

Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin Əsasnaməsi, tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması, tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin aparılması qaydası təsdiq olunub.
Sherg.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınacaq, tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin reyestri aparılacaq.

İqtisadiyyat Nazirliyi Reyestrin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişafı üçün zəruri tədbirlər görəcək.

Həmçinin onlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Reyestrin Prezidentin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Reyestrin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görəcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bu Qərarın 1-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Prezidentin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin edəcəklər.

Əsasnamədə qeyd olunub ki, reyestrin aparılmasının məqsədi tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektləri ilə bağlı dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də müvafiq sahə üzrə təhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.

Reyestrdən istifadə ödənişsizdir və reyestrin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Reyestrə aşağıdakı məlumatlar daxil ediləcək.
- qeydiyyat tarixi;
- qeydiyyat nömrəsi;
- qeydiyyata alınmış fəaliyyət (tütün məmulatının, o cümlədən siqaretin idxalı və (və ya) istehsalı);
- qeydiyyatın dayandırılması, bərpa edilməsi, yenidən rəsmiləşdirilməsi və ya ləğvi barədə məlumatlar.