Bu gün Dünya Fil Günüdür. Bu xüsusi gün nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalan fillərin qorunmasına diqqət çəkmək məqsədi daşıyır.
Afrika savanna fili dünyanın ən böyük quru heyvanıdır. Yetkin erkək fillərin boyu orta hesabla 3 metrə, çəkisi isə 6 tona çatır. Fillər vəhşi təbiətdə 60-70 il yaşayır. Yeni doğulan balaların çəkisi isə 120 kiloqrama qədərdir.
Üç fil növü var
Fillərin üç əsas növü mövcuddur: Afrika savanna fili, Afrika meşə fili və Asiya fili. Afrika fillərinin qulaqları daha böyükdür və forması Afrika qitəsinə bənzəyir. Asiya fillərinin qulaqları isə Hindistan yarımadasının formasını xatırladır.
Xortumlarında 150 minə yaxın əzələ var

Filin xortumunda təxminən 150 min əzələ vahidi yerləşir. Fillər xortumlarından su içmək, qoxuları müəyyənləşdirmək və ətrafdakı əşyaları tutmaq üçün istifadə edirlər. Xortumlarına 8 litrə qədər su çəkə bilirlər.
Dişləri əslində kəsici dişlərdir
Fil dişləri böyümüş kəsici dişlərdir və təxminən 2 yaşından çıxmağa başlayır. Fillər onlardan ağac qabığını soymaq, kökləri qazmaq və təhlükə zamanı müdafiə olunmaq üçün istifadə edirlər. Lakin fil sümüyünün yüksək qiyməti bu heyvanların brakonyerlər tərəfindən ovlanmasına səbəb olur.
Gün ərzində 150 kiloqrama qədər qida yeyirlər
Fillər ot, yarpaq, meyvə, kök və ağac qabıqları ilə qidalanırlar. Gündə 150 kiloqrama qədər qida qəbul edə və günlərinin dörddə üçünü yeməyə sərf edə bilərlər.
Fillər vibrasiyalarla da ünsiyyət qurur
Fillər müxtəlif səslər, bədən dili, toxunma və qoxu vasitəsilə əlaqə saxlayırlar. Bundan başqa, torpaqda yaranan vibrasiyaları hiss edərək bir-biri ilə əlaqə qura bilirlər.
Bala fil doğuşdan 20 dəqiqə sonra ayağa qalxır
Fil balaları doğulduqdan təxminən 20 dəqiqə sonra ayağa qalxa, bir saat ərzində isə yeriyə bilirlər. İki gün sonra sürüyə tam şəkildə uyğunlaşa bilirlər.
“Fillər heç vaxt unutmur”

Fillərin yaddaşla əlaqəli beyin hissəsi insanlarla müqayisədə daha böyük və sıxdır. Məhz buna görə onların güclü yaddaşı ilə bağlı “fillər heç vaxt unutmur” ifadəsi yaranıb.
Afrika fillərinin 90 faizi yoxa çıxıb
Son 100 ildə Afrika fillərinin təxminən 90 faizi əsasən fil sümüyü ticarəti səbəbindən məhv edilib. Hazırda vəhşi təbiətdə təxminən 415 min Afrika fili qalıb. Asiya fillərinin sayı da son üç nəsildə ən azı 50 faiz azalıb.
Fillər üçün ən böyük təhlükə insandır
Ölçülərinə və güclərinə görə fillərin təbii düşmənləri azdır. Onların ən böyük təhlükəsi isə insandır. Yaşayış məkanlarının daralması, brakonyerlik və turizm fillərin sayının azalmasının əsas səbəblərindəndir.
Turizm fillərə zərər vura bilər

Fillərlə gəzinti, onları çimizdirmək və yemləmək kimi turistik fəaliyyətlər ilk baxışdan zərərsiz görünsə də, heyvanlar üçün ciddi stress və travmaya səbəb olur. Sirklərdə keçirilən fil nümayişləri də onların təbii davranışlarına zidd hərəkətlərə məcbur edilməsinə gətirib çıxarır.
Fil sümüyü üçün minlərlə fil öldürülür
Məlumatlara görə, brakonyerlər hər il təxminən 20 min fili dişlərinə görə öldürür. Bu proses fillərin genetikasına da təsir göstərə bilər. Təbiətdə getdikcə daha kiçik dişlərlə, hətta dişsiz doğulan fillərin sayının artdığı bildirilir.
Dünya Fil Günü bir daha xatırladır ki, fillərin gələcəyi onların təbii yaşayış mühitinin qorunmasından və brakonyerliyə qarşı mübarizədən asılıdır.