Maraqlı təbiət hadisəsi: Sağsağan ququ quşunun balasını öz balası kimi böyüdür

Türkiyənin Şanlıurfa vilayətində qeydə alınan görüntülər təbiətin maraqlı və qeyri-adi davranışlarından birini ortaya çıxarıb. Belə ki, bir sağsağanın öz balası hesab etdiyi təpəli ququ balasını bəsləyərək ona qulluq etdiyi anlar lentə alınıb.

Sherg.az xəbər verir ki, quşlar aləmində “yuva paraziti” kimi tanınan təpəli quqular yumurtalarını öz yuvalarında inkubasiya etmək və balalarını böyütmək əvəzinə, sağsağan kimi digər quş növlərinin yuvalarına qoyurlar.

Mütəxəssislərin bildirdiyinə görə, dişi təpəli ququ yumurtasını yuvaya qoymazdan əvvəl oradakı yumurtaların bir hissəsini və ya hamısını çıxararaq ev sahibi quşu aldadır.

Nəticədə sağsağan öz balaları əvəzinə ququ balasını böyüdür, onu bəsləyir və qoruyur. Şanlıurfada qeydə alınan görüntülər də məhz bu maraqlı təbiət hadisəsini əks etdirir.

Alimlər bu davranışın ququların nəsillərini davam etdirmək üçün inkişaf etdirdikləri ən maraqlı strategiyalardan biri olduğunu bildirirlər.