Türkiyədə keçmiş Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə baş vermiş şübhəli ölümü ilə bağlı istintaq davam edir. Araşdırma çərçivəsində "Kurtlar Vadisi Pusu" serialının aktyoru da ifadə verəcək.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, məşhur serialda "Kazım Kaşifoğlu" obrazını canlandıran və Kaşif Kozinoğluna bənzədilən Sedat Savtak ifadə vermək üçün çağırılıb.
Məlumata görə, Savtak "məlumatlı şəxs" qismində ifadə verəcək.
Qeyd edək ki, 2011-ci ildə Silivri həbsxanasında vəfat edən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı daha əvvəl də "Kurtlar Vadisi Pusu" serialı nəzarətə götürülüb, serialın ssenaristləri isə "məlumat sahibi" qismində ifadəyə çağırılıblar.
Prokurorluğun diqqətini cəlb edən məqamlardan biri "Kurtlar Vadisi Pusu" serialının 2011-ci il noyabrın 10-da yayımlanan 136-cı bölümü olub.
Həmin bölümdə "Kazım Kaşifoğlu" adlı obrazın hücrədə saxlanıldığı və daha sonra ölümlə hədələndiyi səhnələr nümayiş olunub.
Kaşif Kozinoğlu isə məhz həmin bölümün yayımlanmasından iki gün sonra - 2011-ci il noyabrın 12-də Silivri Cəzaçəkmə Müəssisəsində dünyasını dəyişib.
Həmçinin onun ölümü ilə bağlı daha əvvəl görüntülər də ortaya çıxıb.