Ankaradakı restoranda çalışan “Fiko” adlı robot ofisiant müştəriləri qarşılayır, uşaqlarla maraqlanır, bəzən rəqs edir və masaların yığışdırılmasına kömək edir. Amma onu digər ofisiantlardan fərqləndirən daha bir xüsusiyyət var: maaş alır və həftədə bir gün istirahət edir.

Sherg.az-ın məlumatına görə, restoran sahibi Sungur Deliözoğlu bildirib ki, Fiko artıq maaşının artırılmasını da istəyir. Onun sözlərinə görə, robot restorana gətiriləndən cəmi 3-4 gün keçməsinə baxmayaraq, xüsusilə uşaqlı ailələrin böyük marağına səbəb olub.

“Bəzən masaları yığışdırır, amma kefinə düşəndə uşaqlarla rəqs edir. "Patron, artım, patron, artım" deyib durur. Nə qədər işləyirsə, qarşılığını da o qədər istəyir”, - sahibkar deyib.

Deliözoğlu qeyd edib ki, Fikonun maaşı var və həftədə bir gün istirahət edir. Robot hətta iş yükünün çoxluğundan şikayətlənərək istirahət günlərinin artırılmasını tələb edir:
“Deyir ki, çox işləmişəm, icazə günümü iki günə çıxaraq. Maaşı var, amma daim bunu gündəmə gətirib artım istəyir.”