Simarə İmanova: "Gəncliyin zövqünü şikəst etməklə məşğuldurlar"
Onun ifaçılıq mədəniyyəti, səs tembri, səhnə təcrübəsi danışmağa da, kiməsə irad bildirməyə də haqq verir. Söhbət Xalq artisti, xanəndə Simarə İmanovadan gedir. Bu günlərdə onun canlı efirdə tanınmış aparıcıya irad bildirməsi də diqqətlərdən kənarda qalmadı.
Xanəndə «Şərq»ə müsahibəsində bugünkü Azərbaycan səhnəsindən giley dolusu danışdı. Danışdıqları isə real həqiqətlərə, yerində söylənən cəsarətli fikirlərə söykənmişdi.
- Hər vaxtınız xeyir. Son günlər aparıcı Zaur Kamala iradınız bir çoxlarının ürəyindən tikan çıxardı. Bir çox sənətkarlar cəsarət edib tənqidlərini dilə gətirməsələr də, sizin çıxışınız cəsarətli oldu.
- Mən olanları dilə gətirdim. Haqlı olaraq qüsurlardan danışdım. Yalan demirəm. Bizim dövlətimiz, ölkə başçımız, Mehriban xanım milli musiqimizə, muğamlarımıza bu qədər dəyər, önəm verir. Niyə bizim efirlər bundan nəticə çıxarmaq istəmir? Müəyyən qədər televiziyalarda da milli müsiqilərimizə önəm verilməlidi axı. Efirlərdə ara musiqilərə o qədər çox yer verilir ki, bu da insanları yorur. Biz sənət adamlarını da narahat edir. Nə qədər efirdə eyni insanlara imkan veriləcək ki, at oynatsınlar. Nə qədər efirdə ucuz musiqilər fonoqramla təqdim olunacaq? Televiziyalarda yaradıcılıq ruhu hiss olunmur, robot, kompüter proqramı kimi bütün telekanallarda demək olar eyni simaları görürük. Gənclərin zövqü korlanır. Bu fikrə dar çərçivədən yanaşmasınlar. Efirlərimiz gəncliyin zövqünü şikəst etməklə məşğuldur. Buna haqqınız yoxdu. Biz təsadüfi insanlara şərait yaratmamalıyıq ki, belə rahat səhnəyə çıxsınlar. Mənim heç kimlə qəsdi-qərəzliyim yoxdu. Digər tərəfdən mənim heç reklama ehtiyacım da yoxdu. Mən 19 yaşında ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist adına layiq görülmüşəm. Ən gənc yaşımda Əməkdar artist olmuşam. Ən gənc yaşlarımda yenə də Xalq artisti adına layiq görülmüşəm. Yəni dövlət tərəfindən mükafatlar almışam. İlin qadını mükafatına layiq görülmüşəm. Yəni demək istəyirəm ki, mən dövlət tərəfindən diqqətlə, qayğılya əhatə olunan sənətkaram. İnanın, efirlərə də ehtiyacım yoxdu.
- Bu gün efirimiz ucuz görünür deyə buna ehtiyac görmürsüz?
- Bəli, efirlərdə bir-iki veriliş istisna olmaqla digərləri bazar adamları, ucuz şoularla doldurulub. Mənim elə efirdə nə işim var? Bilirsiz, mən özümü tərifləmək niyyətində deyiləm. O yaşım da ötüb. Dəfələrlə öz ölkəmi dünyanın ən mötəbər tədbirlərində, konsert salonlarında yüksək səviyyədə təbliğ etmişəm. Bununla da fəxr etmişəm. Əlimi də vicdanıma rahatlıqla qoyuram ki, mən harda çıxış etmişəmsə, ölkəmi layiqli təmsil etmişəm. Bu mənim sənətkar olaraq borcumdu. Sadəcə mən nəyə təəssüflənirəm? Bu gün sənəti olmayanlar gəlib efirdə meydan sulayanda bu mənim sənətimə, qüruruma toxunur. Şəxsən bir sənət adamı kimi bu məqamlar mənə pis təsir edir. Axı bu efirlərə, onların çıxışlarına təkcə Azərbaycanda baxmırlar, dünyada da bizi izləyirlər. Xarici ölkələrə gedirik, milli musiqimizlə, ifalarımızla onları təəccübləndirə bilirik. Amma özümüz özümüzə dəyər verə bilmirik. Dünyanın yarısından çoxunu gəzmişəm, böyük səhnələrdə çıxışlarım olub. Sizcə, mənim ehtiyacım var ki, efirə zəng edim ki, sən Allah, məni efirə dəvət et. Bunu özümə alçaqlıq bilirəm. Ad çəkmirəm. Amma bütün verilişlərdən dəvət alıram, sadəcə hər verilişə getmirəm. Çünki özümü o verilişlərdə görmürəm. Özümü gördüyüm verilişdə iştirak edirəm. Sənətim mənə o ixtiyarı verir ki, verilişləri seçərək dəvətləri qəbul edim. Əgər mən səhnəni paylaşıramsa, o verilişin aparıcısı bilməlidir ki, mənimlə efirə kimi çağıra bilər. Hər yerindən duranla mən efirdə fikir mübadiləsi apara, səhnəni paylaşa bilmərəm. Mənim sənətim buna icazə vermir. Axı sənət uyğunluğu olmalıdır. Yenə deyirəm, istedadlı gənclərimiz var. Müasir musiqilərin əleyhinə də deyiləm. İllərdir tələbə yetişdirirəm. İncəsənət və Mədəniyyət Universitetinin dossentiyəm. Tələbələrimə dəstək oluram. Bu il Avstriyanın Vyana şəhərində tələbəmi də özümlə səhnəyə çıxartdım. Bir tələbə üçün belə bir səhnədə çıxış etmək ancaq xəyal ola bilərdisə, mən o xəyalı reallaşdırmışam. İstəmişəm ki, azərbaycanlı gənc üçün o qapılar açılsın. Heç kimə sirr deyil ki, Vyana dünyanın ən məhşur musiqi ocaqlarından biridir. Sizcə, bundan sonra mən səhnəyə təsadüfən gələn bir müğənni ilə bir səhnəni bölüşə bilərəmmi? Dövlət tərəfindən musiqimizə bu qədər qayğı var, amma təəssüf ki, bəzi teleməkanlar, aparıcılar, bəzi insanlar bizim musiqimizi cılızlaşdırırlar. Onlar səhnədən xəbərsiz insanları bəh-bəhlə efirə dəvət edib onları sənətkar kimi təqdim edəndə mən özümü təhqir olunmuş hesab edirəm. Mən Simarə İmanova olaraq buna etirazımı bildirirəm. Bütün dünya bizim musiqimiz qarşısında, muğamlarımızın qarşısında acizdir. Amma biz buna dəyər verə bilmirik. Biz bu musiqilərimizi qorumalıyıq. Qorumuruq deyə bədxah düşmənlərimiz də hər dəfə bir musiqimizi oğurlayıb ona sahib olmağa çalışırlar.
- Bu il Nəsimi ili elan olundu. Çox təəssüf ki, məhz belə bir ildə Afət kimi müğənnilər Nəsiminin qəzəlini ucuz ifalarla kölgələmiş oldular. Hələ üstəlik qəbahətlərindən utanmadan efirlərdə sənətdən danışdılar.
- Mən efirlərdə bu cılızlıqları görüb narahat oluram. Sənətkarlar iradlarını dilə gətirməlidirlər. Nəsiminin qəzəlinə belə toxunmağa heç kimin haqqı yoxdu. Nəsiminin sənətini qavramayan, qəzəlin mahiyyətindən xəbərsiz biri Nəsimi yaradıcılığına necə müraciət edə bilər? O müğənninin cavabını Rasim Balayev kimi böyük sənətkar verdi. O cavabı eşidən müğənninin özünə dəyəri olsaydı, bir də o musiqini ifa etməyə cəsarət etməzdi. O müğənni əgər bundan nəticə çıxarmadısa, bu da onun savadsızlığından xəbər verir. Onu efirə çıxaran aparıcılar da, o telekanallar da o müğənni qədər günahkardılar. Onların qəbahəti o müğənnidən də çoxdu. O oxudu, efirə çıxarana nə gəlmişdi? Niyə efirdə o musiqini səsləndirməyə şərait yaratdılar? Dünən çıxan müğənni bir mahnı ilə özünü "raskrutka" edir, ertəsi günü özünü sənətkar elan edir. Aparıcı da sabah onu efirə elə böyük sənətkar kimi təqdim edərək dəvət edir ki, mən baxanda xanəndə olduğum üçün xəcalət çəkirəm. Hər oxuyana sənətkar deyə bilməzsiz. Buna haqqınız yoxdu. Səhnəni bu qədər ucuzlaşdıra bilmərik. Sənətkar sözünü niyə belə cılızlaşdırmışıq? Efirdə olan aparıcılar hər yoldan keçənə sənətkar deyir. Zamanında karifeylərimiz özlərinə sənətkar deməyib. Amma dünən çıxan özünə sənətkar deyir. Aparıcılarımız da onları elə təqdim edir ki, o müğənni də inanır ki, sənətkardı. Vallah ayıbdı. Axı bunun sənəti yoxdu, oxuduğu biabırçılıqdı, səhnə mədəniyyəti sıfır səviyyəsindədi. Sən bunu efirə necə çıxara bilərsən. Buna nə haqqınız var? Niyə millətin əsəblərinə toxunursuz. Niyə səhnəmizi belə ucuz müğənnilərin qucağına qurban verirsiz? Vallah, bu cinayətdi. Demirəm şou proqramlar olmasın, efirdə səhərdən axşama muğam səslənsin. Amma bu şouları da səviyyəli şəkildə təqdim etmək olar. Azərbaycan teleməkanı o səviyyəsini itirməyə başlayır. Axı bizim səhnənin çox güclü sənətkarları, keyfiyyətli musiqiləri var. Onları efirə dəvət edin. Efirlərimizi şəxsi münasibətlərin, ucuz müğənnilərin qurbanı etməyin.