Qulu Məhərrəmli: "Pandemiya şəraitində televiziyalar xüsusi iş
rejimində çalışmalıdır, studiya, texniki avadanlıqlar tez-tez dezinfeksiya
edilməlidir. Fərdi mikrofanlar olmalıdır"
Əməkdar artist Baloğlan Əşrəfov dünyadan köçdü. Fəqət,
televiziyalardan narazı köçdü. Deyəcəklər ki, indiyə qədər televiziyalar
Baloğlan Əşrəfov üçün doğma idi, sanki öz evi idi, dəvət etməyəndə inciyirdi (bəlkə
də - red.), proqramlara can-başla gəlirdi, nə oldu? İndi “pis” olduq?! Bu
mübahisəni tərəflərə buraxaq. Bir tərəf haqq, digərləri hələ ki, nahaq
dünyadadı. Amma ortada hazırkı durum üçün çox ciddi ittiham olan məsələ var;
Baloğlan Əşrəfov koronavirusa yoluxmuşdu. Və yoluxmasının əsas səbəbkarı kimi televiziyaları
göstərirdi. Əməkdar artist “Axşam.az” a belə bir açıqlama vermişdi:
“Başlanğıcda Covid-19-u ağır keçirdim. Səhhətimlə bağlı çoxlu problemlərim var
idi. Tənginəfəs olurdum. Hazırda müalicəm davam edir. Amma ümid edirəm ki,
tezliklə yaxşılaşacam. Evdəkilərdən kimsə yoluxmayıb hələ ki... Mən də otağımda
təcrid olunmuş vəziyyətdə müalicə alıram”. Sonra isə sənətçi televiziya
kanallarının müğənnilərin səhhətindən xəbəri olmadan efirə dəvət etmələrini
qınamışdı. Və məhz bu səbəbdən yoluxanların sayının daha da artdığını demişdi:
"Telekanallarda təbliğat aparmaq lazımdır. Verilişlərə müğənnilərin hamısını çağırırlar. Bilmirlər hansı xəstədir, hansı sağlamdır. Hər kəsə eyni mikrofonu verirlər. Hamı bir mikrofondan istifadə edir. Çöldə maskalı gəzirlər, amma içəridə maskasız. Ona görə də təbliğat aparmaq lazımdır. Elə müğənnilər var ki, ola bilər virusa yoluxub: ya özü bilmir, ya bilərəkdən gizlədir. Onun mikrofonundan mən də istifadə edirəm, başqası da. Nəticədə mən də yoluxuram. Buna görə də nəzarət etmək lazımdır".
Mərhum sənətkarın irad bildirdiyi məqama hələ pandemiyanın ilk vaxtlarında “Şərq” diqqət etmişdi və efirdə yayımlanan proqramlar zamanı, aparıcıların, dəvət edilmiş qonaqların, mütəxəssislərin tibbi maskadan istifadə etməsinin zəruriliyini vurğulamışdıq. İlk vaxtlarda bəzi telekanallar buna əməl edirdi. Hətta müğənnilər bər-bəzəkli maska yarışına da girişmişdilər. Nümunəsi, Xatirə İslamın daş-qaşlı maskada efirə çıxması.
Tok-şoularda da dəvət edilənlər
tibbi maskada olurdular. Lakin qısa zamanda bu qaydalar pozuldu. Karantin
qaydaları görməzdən gəlindi. Mərhum sənətkarın dediyi kimi, dəvət edilənlərin
studiyada bir-birinə yaxın məsafədə, həm də tibbi maskasız əyləşməsi, proqramın
gedişində eyni mikrofondan istifadə halları artdı. Hazırda da vəziyyət belədir.
İradlara qarşı tv-lərin arqumenti bu olur ki, dəvət olunanların TV binasına
girişdə hərarətləri yoxlanır, dezinfeksiyaedici məhluldan istifadə edilir.
Lakin rəhmətlik Baloğlan Əşrəfovun dediyi kimi, dəvət edilənlərin hansının
yoluxmuş, hansının xəstə, hansının sağlam olduğunu təkcə hərarətölçənlə müəyyənləşdirmək
mümkün deyil. Qonaqların “xəstə deyiləm”,
sözünə də nə dərəcədə etibar etmək olar?! Deməli, tv-lər yenə də köhnə şakərlərindən
əl çəkmir. Xəstə, sağlam, kim necədir bilmədən, ehtiyat da etmədən, proqrama dəvət
edirlər. Heç koronavirus da onları proqramda pul qazanmaq niyyətindən çəkindirə
bilmir. Amma hazırda qarşımızda səhiyyə sistemi, əczaçılıq sənayesi dünyaya örnək
olan böyük Hindistanın acı mənzərəsi dayanıb. Bu ölkədə, yəqin ki, sanitar-karantin
qaydalarına doğru-düzgün əməl edilmədiyindən bu gün koronavirusdan vəfat edənləri
basdırmağa yer belə tapmırlar. Bu gün qazandığımız pullar sabah virusa
yoluxduqda bizə kömək edə bilməyəcək. Pandemiya dövründə iştəhanı azacıq da
olsa basdırmada fayda var.
Məsələ ilə bağlı fikirlərini “Şərq”ə bildirən Əməkdar jurnalist, Bakı
Dövlət Universitetinin professoru, teletənqidçi Qulu Məhərrəmli qeyd etdi ki,
pandemiya şəraitində televiziyalar xüsusi iş rejimində çalışmalıdır:
- Studiya, texniki avadanlıqlar tez-tez dezinfeksiya edilməlidir. Fərdi
mikrofanlar olmalıdır. Bəzən məhdud texniki imkanlar bunun təmin edilməməsinə səbəb
ola bilər. Lakin tv-lər çalışmalıdır ki, fərdi mikrofonlardan istifadə edilsin.
Virusun yayılma sürəti, əşyaların üzərində qalma müddəti də var. Efir zamanı bu
məqamlara, şərtlərə diqqət edilməli və karantin qaydalarına əməl olunmalıdır. Mən
dəvət olunduğum proqramlarda bu məqamlara diqqət edildiyini görmüşəm. Amma ola
bilər ki, hansısa tv-də, hansısa proqram yayımı zamanı qaydalara riayət edilməsin,
yoluxma riski nəzərə alınmasın. Əlbəttə, belə hallar insanların fəlakətinə gətirib
çıxara bilər. Çünki televiziya canlı orqanizmdir, burda hər gün yüzlərlə insan
bir-biri ilə ünsiyyətdədir, təmasdadır.
Q.Məhərrəmli qeyd etdi ki, efirdə, yayım zamanı aparıcıların,
qonaqların, proqram iştirakçılarının tibbi maskalardan istifadəsi görüntü
baxımından xoşagəlməz ola bilər. Lakin yenə də vəziyyət şəraitə uyğun müəyyənləşməlidir:
- Əgər aparıcı ilə proqram iştirakçısı arasında 1,5 – 2 metr ara məsafəsi
varsa, tibbi maskasız yayım mümkündür. Yox əgər, tok-şoudursa və studiyada çox
sayda iştirakçı varsa, ara məsafə qısadırsa, iştirakçılar, yaxud qonaqlar
bir-birinə yaxın məsafədə əyləşibsə, bu zaman tibbi maskalardan istifadə edilməlidir.
Elə etməyək ki, bu gün proqrama dəvət edilən qonağın sabah virusa yoluxduğu
aşkarlansın. İctimaiyyətə, topluma hansısa vacib məsələ barəsində məlumat vermək,
ya da tamaşaçını əyləndirmək məqsədilə efirə dəvət edilən qonağın həyatına bais
olmasınlar.