Rəşad Məcid: “Şuşada səhər Alim Qasımovun zənguləsinə oyandım”


13 noyabrda əməkdar artist Xumar Qədimovanın yeni mahnısının təqdimatı olub. Müğənni bu dəfə  “Şuşa” adlı yeni əsər ifa edib. Mahnının sözləri yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə, musiqisi Xumar Qədimovanın özünə məxsusdur. 

Müğənni Xumar Qədimova musiqinin təqdimat mərasimində çıxış edib. O bildirib ki, ilk dəfə sənətə Şuşaya həsr etdiyi “İsa bulağı” mahnısı ilə gəlib: “Ona görə də möhtəşəm zəfərdən sonra Şuşaya mahnı həsr etməyə bilməzdim. Əziz dostum Rəşad Məcid mənə bu şeiri oxuyanda çox xoşuma gəldi. İçdən, səmimi hisslərlə yazılmışdı. Qərara gəldim ki, şeirə musiqi bəstələyib ifa edim. Fikrimcə, bu bəstə Şuşaya həsr olunmuş mahnıların tacıdır. Mahnıda sevgi, həsrət, çoşqu, çağırış və qələbə var”.

Azərbaycan   Yazıçılar Birliyinin sədr müavini,  şair Rəşad Məcid   "Şuşa"nın sözlərinin ərsəyə gəlməsinə dair fikirlərini  "Sherg.az"la bölüşüb.
12-13 may tarixlərində  Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalında iştirak edən şair,  42 ildən sonra Şuşa haqqında yeni şeir yazıb:
 “Mayın 12-də Şuşada idim.  O zaman  Prezident dedi ki, “Dünyanın gözəl şəhərlərini gördüm, Şuşaya bənzərini görmədim”.  Həmin gecə Şuşada qaldıq. Səhər 6-nın yarısı Alim Qasımovun canlı zənguləsinə oyandım. İ.Əliyevin sözünü xatırladım, şeiri yazdım.

Min şəhər adı var dillər əzbəri,
Adların ən üstün adıdır, Şuşa!
Musiqi notudur, cüt hecasıyla
Dilimin şəhdidir, dadıdır, Şuşa!

Şeiri dostum Xumar Qədimovaya oxudum, o da bəyəndi. Belə bir musiqi ərsəyə gəldi. Xumar xanım artıq dördüncü dəfədir, şeirimə musiqi bəstələyir. “Bir də gəlməyəcək”, “Səbəbi sənsən”, Daha səni üzməyəcəm” kimi ifalar da yaxşı alınıb və sevilib.

“Şuşa” mahnısı  cəmiyyətdə maraqla qarşılanıb. Cəngavərliyi, hünəri özündə ehtiva edən musiqi , marş kimi səsləndirilir. Bu musiqi Şuşa haqqında ən gözəl mahnılardan biri olacaq”.