"Kəramət Natiq Rəsulzadədən daha artıq xalq yazıçısıdır"

Şahbaz Xuduoğlu: "Xalq yazıçısı sosial şəbəkələrin insanların həyatına necə nüfuz etdiyini görmürsə, deməli, o, zülmətdədir. Heç nə görmür"

Çıxın küçəyə, qarşınıza çıxanlardan soruşun, Natiq Rəsulzadəni tanıyan varmı? Tanımayacaqlar. Onun Azərbaycan dilində bir əsərini belə bu xalq oxumayıb

  Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə sosial şəbəkə istifadəçilərinin hücumuna məruz qalıb. Günah özündədi, desək, bəlkə biz də hücumlara məruz qaldıq, onun pərəstişkarları, oxucuları tərəfindən. Amma və lakin “xalq yazıçıcı” titulu daşıyan şəxs deyəcəyi sözü yüz ölçüb bir biçməlidir. Xalq yazıçısı hansısa media orqanına müsahibə verirsə, bunu geniş kütlənin oxuyacağını da gözardı etməməlidir. 

Ola bilər, cəsarətinə güvənib, “bu, mənimn şəxsi fikrimdir, düşündüyümü, doğru bildiyimi söyləyirəm”, desin. O zaman hücumlara da hazır və nazır olmalıdır. Bir tərəfdən baxanda, hazırda elə insanlar var ki, onları cəmiyyətin fikri, rəyi düşündürmür. Bel bağladıqları məlum dayaqları var ki, ona arxayındılar. Məsələn, Xalq yazıçısı Çingiz Abdullayev də hərdən sözləri çaşdırır. Fikrini ifadə etməkdə çətinlik çəkir və baş-ayaq sözlər ortaya çıxır. Sonra da umu-küsü edir ki, cümlə kontekstdən çıxarılıb, belə demək istəməmişəm, sözlərim düzgün anlaşılmayıb və sair. Qınamaq da olmur. Rusdillidi. Beynindəkiləri, ürəyindəki sözləri səhv tərcümə etməsi mümkündür. Natiq Rəsulzadə də eyni situasiyadadı. Belə deyirlər də: rus dilində düşünüb, Azərbaycan dilində danışır. Sinxron tərcümə də həmişə uğurlu alınmır.  

  Bu dəfə Xalq yazıçısı Natiq Rəzulzadə bu ilin birinci yarısında elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində keçirilmiş dissertasiya müdafiələrinə dair açıqlanan məlumatlara, habelə bu məsələdə səsləndirilən rüşvət iddialarına münasibət bildirərkən “ağır konuşub”. Cavabında "Siz sosial şəbəkələrə də çox inanmayın. Mən də sosial şəbəkələrdə varam. Sosial şəbəkələr kütlədən ibarətdir. Oradan 95 faiz səviyyəsiz, axmaq çıxırsa, onun yalnız 5 faizi ağıllı adam olur. Belə olanda həmin o 95 faizin sözünə niyə baxırsınız? Hansı ki, onlar deyir, bu, rüşvətlədir”, deyə bildirib. Görürsünüz, yenə baş-ayaq cümlələr. “95 faiz səviyyəsiz, axmaq” nə deməkdir, “onun yalnız 5 faizi ağıllı adam olur”, nə demək?!. Yenə də bunu xalq yazıçısının tərcümə işini yaxşı bilməməsinə keçirik. Amma sosial şəbəkə istifadəçiləri xalq yazıçısına bu təhqiri keçməyib. Və dünəndən N.Rəsulzadənin ünvanına olmazın hədyanlar səslənir. Hətta qələm dostları – həmkarları da onu yamanlayır. 

  “Qanun” Nəşrlər Evinin direktoru, naşir Şahbaz Xuduoğlu “Şərq”ə açıqlamasında xalq yazıçısının kobud səhvə yol verdiyini dedi: 

- Xalq yazıçısı deyiləndə Mövlud Süleymanlı yada düşür, Əkrəm Əylisli, Sabir Əhmədov, İsa Muğanna (Allah rəhmət eləsin), İsmayıl Şıxlı... (Sabir Rüstəmxanlı – M.R.) yada düşür. Mənim üçün Seymur Baycan daha artıq xalq yazıçısıdı, nəinki Natiq Rəsulzadə. Qan Turalı, İlkin Rüstəmov xalq yazıçılarıdır, amma titulsuz. Mən Kəraməti Natiq Rəsulzadədən daha artıq xalq yazıçısı hesab edirəm. Çünki Kəramət daha artıq xalqın içindədi, pis və ya yaxşı formada. Azərbaycan xalqının Natiq Rəsulzadə adlı xalq yazıçısı yoxdur. Çıxın küçəyə, qarşınıza çıxanlardan soruşun, Natiq Rəsulzadəni tanıyan varmı? Tanımayacaqlar. Onun Azərbaycan dilində bir əsərini belə bu xalq oxumayıb. Xalq yazıçısı o adama deyərlər, hansı ki xalqın dərdindən danışsın. N.Rəsulzadə bir dəfə deyib ki, səhiyyəmiz niyə bərbad gündədi? Bir dəfə deyibmi ki, niyə bu xalqa qaz limitlə verilir? Nə bilim, metro niyə yaxşı işləmir? Axı bu xalqın onun “axmaq” adlandırdığı 95 faizi metrodan istifadə edir. 
 
 Ş.Xuduoğlu bildirdi ki, “Qanun” Nəşriyyatı N.Rəsulzadənin kitabını nəşr edib, amma: 

- Biz onun imza gününü də keçirmək istəmişik, heç kim gəlməyib. Bilirsiz, təəssüf ki, bizim ölkədə vəziyyət belədir; fəxri adı verirlər, amma ünvanı səhv salırlar. N.Rəsulzadənin sosial şəbəkə istifadəçiləri barədə səsləndirdiyi fikrə gəlincə, bu, cavabı özündə olan məsələdi. N.Rəsulzadə sosial şəbəkələrin, internet resurslarının insanların həyatına necə nüfuz etdiyini görmürsə, deməli, o, zülmətdədir. Heç nə görmür. Belə xalq yazıçısından bundan başqa nəsə gözləməyinə də dəyməz, ona baş qoşmaq da lazım deyil.