İyunun 17-də Tbilisidə “Mənim rayonum” mövzusunda multikultural festival keçirilib. Festival keçirilən ərazidə Azərbaycan mədəniyyətini əks etdirən stend də quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də təmsil olunub. Muzeyin kollektivi festivalın keçirildiyi ərazidə “Azərbaycan guşəsi” yaradıb. Guşədə Azərbaycanın mədəniyyət, incəsənət və tarixinə dair nümunələr - Qarabağ və Borçalı xalçaları, milli musiqi alətləri, milli geyimlər nümayiş etdirilib.
Tədbir çərçivəsində Krtsanisi rayonunun İoseb Qrişaşvili adına parkın ərazisi qədim Tbilisinin atributları ilə bəzədilib. Bu ərazidə yaşayan bir çox xalqların nümayəndələri də milli guşələr təşkil ediblər.
Krtsanisi rayonunun məktəbliləri və peşəkar aktyorlar köhnə Tbilisi həyətini yeni teatrlaşdırılmış tamaşa ilə canlandırıblar.
Həmçinin burada məktəblilərin “Multikultural Tbilisi” mövzusunda çəkdikləri rəsmlər sərgilənib.
Sərgi çərçivəsində maraqlı konsert proqramı da təşkil olunub.