Dünyanı fəth edən Qarabağ notları kosmosa da göndərilib
Muğam sənəti Azərbaycan xalqının milli sərvəti, zəngin mədəni irsinin mühüm bir qoludur. Muğamın yaranma tarixi çox qədimdir, kökləri keçən minilliyə, hətta zərdüştlük dövrünə təsadüf edir. Qədim dövrlərdə təbiblərin müxtəlif xəstəliyə düçar olan insanları muğam sədaları ilə müalicə etdiyi kimi fikirlər də var.
Muğam sənətinin tədqiq edənlər əmindirlər ki, Azərbaycanda bu musiqi janrı əsrlər boyu formalaşıb. Muğam ölkənin bütün bölgələrində yayılsa da, əsas mərkəzləri Bakı, Şamaxı, Gəncə, Naxçıvan və Şuşa hesab olunur. Muğamın peşəkar formada ifa olunmasındabu şəhərlərin saray və kübar salonlarında təşkil edilən məclislərin böyük rolu olub. Adətən belə məclislərdə şairlər, ədiblər, musiqiçilər, ziyalılar, klassik poeziyabiliciləri muğamları diqqətlə dinləyib, saatlarla müzakirələr aparıblar. NizamiGəncəvi, Məhəmməd Füzuli, Nəsimi, Seyid Əzim Şirvani kimi şairlərin qəzəlləri üstündə oxunan muğamlar bu musiqi janrının inkişafına təkan verib.
Azərbaycanda 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun”, köməkçi muğamlar isə “Şahnaz”, “Sarənc” və “2-ci növ Çahargah”dır. Onlar ifa xüsusiyyətlərinə görə instrumental və vokal-instrumental muğamlara bölünür. Bu muğamların həm oxşar, həm də fərqli cəhətləri var.
Tədqiqatçılar qeyd edir ki, Azərbaycanda ilk dəfə muğamın nota köçürülməsi işi ilə görkəmli bəstəkar Müslüm Maqomayev məşğul olub. O, 1928-ci ildə məşhur tarzən Qurban Pirimovun ifa etdiyi “Rast” muğamını nota salıb.
Azərbaycan muğamının elmi əsası isə XX əsrdə dahi bəstəkar qarabağlı Üzeyir Hacıbəyli tərəfindən verilib. Məhz həmin dövrdə Azərbaycan bəstəkarları, şairləri muğamı əsas götürərək qiymətli sənət nümunələri yaradıblar. Fikrət Əmirovun “Şur”, “Gülüstani-bayatı-şiraz”, Niyazinin “Rast”, Süleyman Ələsgərovun “Bayatı-şiraz” simfonik muğamları dünyanın bir çox ölkəsindətanınıb.
Qarabağ – muğam məskəni
XIX əsrin əvvəllərindən başlayaraq Qarabağda, xüsusən də “Şərqin konservatoriyası” adlandırılan Şuşada muğam ifaçılığı məktəbinin əsası qoyulub. Xan Şuşinski, Zülfü Adıgözəlov, Seyid Şuşinski, Əbülfət Əliyev, Mütəllim Mütəllimov, İslam Rzayev kimi tanınmış sənətkarlar bu məktəbin yetirmələridir.
Azərbaycanın cənnət guşəsi Qarabağda yaxşı səsi olan bir çox ifaçılar dünyaya göz açıb. Belə deyirlər ki, Qarabağ torpağının təbiəti, insanın ruhunu oxşayan gözəlliklər bu bölgənin musiqi mədəniyyətində də öz əksini tapıb. Qarabağ muğam məktəbinin rəmzinə çevrilən məşhur “Qarabağ şikəstəsi” buna bariz nümunədir.
Qarabağ muğam məktəbinin nümayəndələrinin əksəriyyəti Şuşada doğulub. Yazıçı Əbdürrəhim bəy Haqverdiyev deyirdi ki, XIX əsrin ikinci yarısında Bakıda, Şamaxıda, Aşqabadda, Tehranda və ya İstanbulda musiqiçilərlə rastlaşsanız, hökmən onların arasında şuşalı olduğunu görəcəksiniz. Məşhur rus şairi SergeyYeseninin “Şair deyilsə Şirazdan deyil, müğənni deyilsə Şuşadan deyil” ifadəsi hər kəsə bəllidir. Mədəniyyət beşiyi olan Şuşanın abu-havası məşhur yazıçı Aleksandr Dümanın “Qafqaz səfəri” əsərində öz əksini tapıb. Belə ki, kitabda bu yerlərin gözəlliyindən, Azərbaycan xalqının qonaqpərvərliyindən, Qarabağ xanlığından, o dövrün tanınmış şairəsi şuşalı Natəvandan bəhs edilir.
Qarabağ muğamını dünyaya tanıdan “Xarı bülbül”festivalı
Özünün muğam məclisləri ilə məşhurlaşan Şuşa musiqi mədəniyyəti baxımından Qafqazda nadir məkana çevrilmişdi. İllər boyunca musiqi həvəskarları məşhur müğənniləri dinləmək və ya ifaçılıq dərsi almaq üçün Şuşaya axışıb gəlirdilər. Burada dağların dövrəyə aldığı “Cıdır düzü” yaylası öz akustikasına görə tayı-bərabəri olmayan açıq zal təsirini yaradırdı. Cıdır düzü indiyədəkbir çox şöhrətli müğənnilərin ifasına şahidlik edib. Burada səslənən musiqilər müxtəlif aşırımlardan, zirvələrdən dalğa-dalğa Şuşanın üzərinə yayılar, sıldırım qayalarda, dərələrdə əks-səda verərək, birləşib vahid axarda qovuşurdu.Qarabağda keçirilən musiqi festivalları və müsabiqələri yeni istedadların üzə çıxması ilə yanaşı, muğam sənətinin dünyada tanıdılmasına şərait yaratmışdı. Buna misal olaraq, 1989-cu ildənetibarən Şuşada keçirilən “Xarı bülbül” (bu bölgədə bitən nadir çiçəyin adı) musiqi festivalını göstərmək olar. Azərbaycanla yanaşı, qonşu ölkələrin, həm də Avropadan olan sənətçilərin iştirak etdiyi festival açıq səma atında, təbiətin qoynunda - Cıdır düzündə təşkil olunurdu.
XX əsrin sonlarında Qarabağ və ətraf rayonların, o cümlədən Şuşanın erməni işğalçıları tərəfindən işğalı burada əsrlər boyu yaradılmış mədəniyyət, tarixi və memarlıq abidələrinin dağıdılmasına səbəb oldu. Şuşa azad olunduqdan sonra bu şəhər Azərbaycanın mədəniyyət paytaxtı statusunu bərpa etdi. 2021-ci ildən etibarən Cıdır düzü yenidən “Xarı bülbül” festivalına ev sahibliyi etməyə başladı. İşğaldan sonra keçirilən ilk festivalaAzərbaycanla yanaşı, xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri qatılıblar.
Tarixin ilk muğam professoru: “Damarımda axan qandır”
Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri də Xalq artisti Arif Babayevdir. Uşaq yaşlarından bu sənətin vurğunu olan xanəndə ömrünün uzun illərini muğamın təbliğatına həsr edib. Bu baxımdan, Arif Babayevin tarixdə ilk muğam professoru adını almış xanındə olması təsadüfi deyil.
Arif Babayev muğam sənətini Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incisi hesab edir. “Muğam musiqimizin tacıdır, ilahidən gələn bir sədadır, fəlsəfədir. Muğamların hər biri başqa cür gözəldir”, deyən xanəndənin sözlərinə görə, muğam ifaçısı şeirləri seçə bilər, lakin oxuduğu əsərin musiqi xüsusiyyətlərinə mütləq fikir verməlidir: “Məsələn, “Rast” muğamı üçün seçilən qəzəllər “Humayun”a uyğun gəlməz. Çünki “Rast” işıqlı koloritə malikdir. Mən bütün muğamları ifa etmişəm. Amma ən çox “Segah” muğamını sevirəm, qəlbə yatır”.
İndiyədək dünyanın bir çox ölkəsində çıxış edən ustad sənətkarın sözlərinə görə, muğamı dinləyən hər kəsi onun sehrinə düşür: “Çünki muğam bizim dünyaya bəxş etdiyimiz ən böyük xəzinədir, muğam damarımda axan qandır, muğam üçün yaşamağa dəyər”.
Azərbaycan muğamı kosmosa göndərilib
İllər keçdikcə,Azərbaycan muğamına maraqdaha da artıb. 1970-ci illərin əvvəllərində SSRİ-də UNESCO-nun himayəsi ilə beynəlxalq festivallar keçirilib. 1971-ci ildə UNESCO 50 albomdan ibarət olan “Dünya ənənəvi musiqisinin antologiyası” kolleksiyasına “Azərbaycan musiqisi” valını da daxil edib. 1975-ci ildə Azərbaycan muğamları UNESCO-nun “Musiqi mənbələri” seriyasında yer alıb.
1977-ci ildə ABŞ-nın NASA-ya aid “Voyajer 1” peyki nəticəsində Azərbaycan muğamı kosmosa göndərilib. Amerikalı astronom KarlSaqanın hazırladığı “Qızıl Voyajer” valında Kamil Cəlilovun balaban ilə çaldığı “Muğam” (bəzən “Çahargah ahəngi” adlanır) kompozisiyası da yer alıb.
Muğam sənətinin inkişafında və qorunub gələcək nəsillərə çatdırılmasında böyük əməyi olanxanəndələr Həqiqət Rzayeva, Əlibaba Məmmədov, Canəli Əkbərov, Ağaxan Abdullayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, tarzənlər Ağasəlim Abdullayev, Vamiq Məmmədəliyev, Möhlət Müslümov, kamançaçılar Habil Əliyev, Mirnazim Əsədullayev, Şəfiqə Eyvazovavə sair sənətkarlar illərlə Azərbaycan muğam ifaçılığı mədəniyyətinə böyük töhfələr veriblər.
Azərbaycan muğamını fərqli üslubda təqdim edən muğam ifaçılarından biri də Xalq artisti Alim Qasımovdur. O, özünəməxsus səsi və orijinal ifası ilə bütün dünyaya səs sala bilib.Könülləri fəth edən xanəndə 1999-cu ildə UNESCO-nun Beynəlxalq Musiqi Şurasının birinci mükafatını qazanıb. 2010-cu ildə isə onun səs sessiyası Fransanın tanınmış di-ceyiDevidVendettanın “Vendetta” albomunda “I’myourGoddess” mahnısına daxil edilib.
Muğam UNESCO-nun mədəni irs siyahısına daxil edilib
Qeyd edək ki, muğamın dünyada daha da tanınmasında Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük rolu var.Məhz onun xidmətləri sayəsində 2003-cü ildə Azərbaycan muğamı UNESCO tərəfindən “Bəşəriyyətin Şifahi və Qeyri-maddi İrsinin şah əsəri” elan olunub. 2008-ci ildə isə muğam UNESCO-nun “Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısı”na daxil edilib. Bununla da muğam sənəti təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi dəyərləndirilib.
Heydər Əliyev Fondunun “Qarabağ xanəndələri” layihəsində xalqımızın musiqi mədəniyyətinin inkişafında xüsusi rolu olan Qarabağ muğam məktəbinin 24 nümayəndəsinin səs yazıları dinləyicilərə təqdim edilir. “Muğam” jurnalı, Azərbaycan, rus və ingilis dillərində ikicildlik “Muğam ensiklopediyası” nəşr edilib. Muğama dair müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusu ilk tədris vəsaiti kimi hazırlanıb. Dənizkənarı Milli Parkda inşa edilən Beynəlxalq Muğam Mərkəzi də bu sahənin inkişafına xidmət edib.
Muğamın kamançası da UNESCO siyahısında
Azərbaycanda muğam adətən muğam üçlüyünün müşayiəti ilə ifa olunur. Milli musiqi alətləri olan tar, kamança və xanəndə Azərbaycan muğamının triosu və simvolu hesab edilir. Məhz onlar muğamı bütöv, dəstgah şəklində dinləyiciyə çatdırır. Muğam bilicilərinin sözlərinə görə, trioda ən böyük rolu olan musiqi aləti məhz kamançadır.
2017-ci ildə isə “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” UNESCO-nun “Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısı”na daxil edilib.
Kamança ifaçısı, Əməkdar artist Toğrul Əsədullayevin bu alətlə tanışlığı 6 yaşında başlayıb. Gənc yaşlarından Azərbaycan muğamını dünyada təmsil edən sənətçi 40-dan çox ölkəyə qastrola gedib. Azərbaycan muğamını Amerika, Kanada, Meksika, Çin, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Avropa və digər ölkələrin böyük salonlarında səsləndirib.
Tanınmış xanəndələri kamançada müşayiət edən T. Əsədullayev xaricilərin muğamı heyranlıqla dinlədiklərini deyir: “İnanın ki, gözlərini yumurlar və deyirlər ki, bu necə düşündürücü bir musiqidir, bizi özümüzdən alır. Yəni, dəfələrlə səfərlərimizdə bunu eşitmişik. Muğam kamança alətində çox gözəl alınır. Çünki kamançanın imkanları çox zəngindir. Bizielədinləyirlər ki, sanki muğam musiqisi onları ovsunlayır”. T.Əsədullayev muğamın təbliğatı istiqamətində tədbirlərin davam etdiriləcəyini bildirib.
Beləliklə, muğam ifaçılarının yaratdığı sənət inciləri bütün dünyaya yayılmaqda davam edir. Eyni zamanda, muğam məktəbinin ənənələri tək Qarabağ musiqiçiləri arasında deyil, ümumiyyətlə bütün ölkəmizdə yaşayır, inkişaf etdirilir və gələcək nəsillərə ötürülür.
P.S. Yazı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə yardımı ilə icra edilən “Qarabağın və Zəngəzurun zəngin mədəni irsinin beynəlxalq və yerli mediada təbliği” layihəsi çərçivəsində hazırlanıb. Nazirlik yazının tam məzmununa görə məsuliyyət daşımır.