“Qanun” Nəşriyyatına qarşı kampaniya doğru deyil -AÇIQLAMA

"Feminizm hər şey üçündür" kitabında heç bir qəbahət görmürəm”

Fazil Mustafa: “Nə böyük problem olub ki? Bu kitabda yazılan sözlər ermənicə deyil ki?!”


   Bir neçə gündür sosial şəbəkələrdə Qloriya Cin Uotkinsin  "Feminizm hər şey üçündür" kitabının Azərbaycan dilinə tərcüməsi ilə bağlı müzakirə gedir. Yazarlar və sosial şəbəkə istifadəçilərinin bir çoxu bu kitabın tərcüməsinin bərbad vəziyyətdə olduğunu və dilimizin qayda- qanunlarına tərcümə ədəbiyyatının  qaydalarına cavab vermədiyini iddia edir. Kitabın  tərcüməçisi güney Azərbaycandan olan Türkan Urmuludur. Kitab isə Azərbaycan dilinə tərcümə adı ilə təqdim edilsə də, Türkiyə türkcəsi, Azərbaycan dili və güney azərbaycanlıların ləhcəsi qarışıq bir dildə olduğu  iddia edilir.

  Kitab "Qanun" Nəşriyyatı tərəfindən nəşr olunduğu üçün  nəşriyyatın direktoru Şahbaz Xuduoğlu məsələyə bu cür  aydınlıq gətirib:
 "Təbrizdə doğulur, farsca təhsil alır, Türkiyəyə gedib türkcə təhsilini davam edir, oradan daha yüksək təhsil üçün Avropaya üz tuturlar. Dünya elmlərinə yiyələnirlər, onların da deməyə fikirləri yaranır. 
  Təhsil aldıqları Türkiyə türkcəsi, yaxud ingilis dilində rahat yazırlar, müdafiə edirlər. Amma yenə də bəzi ürək sözləri var ki, onu məhz öz dillərində qələmə almaq istəyirlər.
Bir tərəfdən Türkiyə türkcəsi, Azərbaycan türkcəsi, digər tərəfdən Təbriz, Ərdəbil ləhcəsi qarışır bir-birinə.
Onlar bizim türkcənin qrammatikasına bələd deyillər. Oxuduqları kitablar və müşahidələr nəticəsində yazı vərdişləri qazanıblar. 
Bunu gözəl başa düşürəm. Bəzən biz o yazıları redaktə ilə tam təmin edə bilmirik, bəzən isə özləri redaktədən imtina edirlər.
Bütün bunlara baxmayaraq, İrandan gələn heç bir yazıya yox demirəm və deməyəcəyəm. Onların dilinə irad tutub əl çalanlar daha dərin düşünə bilmirlər, daha uzağa baxa bilmirlər. 
  Cənubdan nə qədər yazı, kitab gəlsə, hamısını nəşr edəcəyəm. 
Düzdür, yazı dili inkişaf etməyib, amma bu işi aparan fədakar insanlarımız az deyil. Hamısına hər cür dəstək vermək lazımdır. 
Onların yaradıcı fəaliyyətini gündəmə çevirmək, "bu nə dildə yazır?” demək etik deyil".
Lakin bəzi oxucular  buna da irad tutub ki, hansı ləhcəni kitaba çevirib, dərc etmək istəyirsinizsə, özünüz bilərsiniz: 
- “Azərbaycan dilinə tərcümə” kimi təqdim etmək oxucunu aldatmaqdır. Çünki sözügedən kitab Azərbaycan dilində deyil. Öncədən başlıq qoyun ki, çoxlu səyahət edən, ona görə də həftəbecər dildə danışan adamın tərcüməsi. Kim də bu həftəbecəri oxumaq istəyirsə, buyursun, alsın.

  Başqa bir oxucu isə yazıb ki, ləhcə rəsmi dil deyil: 
“Kitabı alıb Azərbaycan dilinə tərcümə adı ilə satışa buraxırsız, amma içində türkcə yazılan sözləri ə hərfi ilə əvəzləyib yazılan mənasız bir mətn var. Heç bir rəsmi dildə  eytim, ələşdirəl deyə bir söz yoxdur. Necə ki gəncəli, şəkili biri gəlib kitabı öz ləhcəsinə uyğun yaza bilməz, eləcə də güney azərbaycanlılar öz danışdıqları kimi kitabı tərcümə edib üstünə "azərbaycanca tərcümə" yaza bilməz, çünki bu, bizim dil deyil. Zəhmət çəkib öz dilimizi öyrənsinlər, sonra tərcümə etsinlər.

  Millət vəkili Fazil Mustafa isə “Sherg.az”a açıqlamasında deyib ki, bu cür təşəbbüslərə qarşı çıxanların ciddi bir izahı yoxdur:
 “Azərbaycan dilinin mövcud orfoqrafiya qaydalarına əməl edərək kitab çap etmək hər bir Azərbaycan vətəndaşının hüququ və vəzifəsidir. Lakin Azərbaycan həm də türk, Güney Azərbaycan arealında mədəni mühitin formalaşmasına təsir  göstərən bir ölkədir. Bizim maraqlarımızdan biri  də milli seqmentə əlverişli variantlar təklif  etməklə   onların oxumasını asanlaşdıran yollar tapmaqdır. Qeyd edim ki, İran öz ideoloji kursunu  yaşlı nəsil arasında yaymaq üçün  Azərbaycanda  kiril əlifbası  ilə kitablar nəşr etdirirdi. Bununla da göstərirdi ki, kitabları ərəb əlifbası ilə çap etdirib heç kimin oxumamasından, kiril əlifbası buraxıb ideologiyanı insanlara yaymaq önəmlidir. 
Nə böyük problem olub ki? Bu kitabda yazılan  sözlər ermənicə deyil ki?!
  Kitabın məhz bu formada tərcümə edilməsi, hər kəs tərəfindən oxunması və anlaşılması məqsədini özündə ehtiva edir. Ortaq  türkcənin formalaşması istiqamətində atılan bir təşəbbüsdür. Lakin kitab Azərbaycan dilinə təcümə olunmuş kimi yox, ortaq türkcədə çap olunmuş kimi  təqdim edilsə, daha yaxşı olardı. Artıq bir çox müəlliflər, elə biz özümüz də ifadələrimizdə türkcə türkcəsində olan daha uyğun ifadələri işlətməyə üstünlük veririk. Ortaq türk mədəniyyəti və ortaq türk dilinin formalaşması baxımından burada heç bir qəbahət görmürəm”.

Millət vəkilinin sözlərinə görə, kitabın redaktəsi, korrektəsi, üslubunda hansısa səhvlər varsa, bunların müzakirəyə çıxarılması və tənqid olunması normal haldır:
 “Lakin kitab niyə Güney Azərbaycan, niyə Türkiyə türkcəsinin qarışıq ləhcəsində  yazılıb kimi irad bildirmək, məsələni drammatikləşdirməyin tərəfdarı deyiləm. Niyyət ortaq türkcənin, güney azərbaycanlılarla bizim birlikdə  anlayacağımız bir dilin təqdimatıdırsa, bundan dilimizə heç bir ziyan gəlməz.  Bu kitab üzərindən müəllifə və “Qanun” Nəşriyyatına qarşı kampaniya aparmağın doğru yanaşma olmadığını düşünürəm”.