Əqli Mülkiyyət Agentliyi (COPAT) əməkdar incəsənət xadimi bəstəkar Cavanşir Quliyevin “Yarım gilə” mahnısının ermənilər tərəfindən oğurlanması faktı ilə bağlı araşdırma aparır.
Bu barədə APA-nın sorğusuna cavab olaraq agentlikdən məlumat verilib.
Bildirilib ki, yaxın günlərdə nəticə barədə ətraflı məlumat veriləcək.
Bəstəkar Cavanşir Quliyev isə APA-ya açıqlamasında bildirib ki, 1991-ci ildə yazdığı mahnı bir xeyli məşhurluq qazanıb, türk və gürcü müğənnilər tərəfindən ifa olunub.
“Hətta gürcü ifaçını mən tapmışdım, o məndən icazəsiz ifaya görə üzr istədi. Görünür, məhz bu formada da gedib Ermənistana da çıxıb”.
Bəstəkar erməni ifaçının lent yazısını COPAT-a göndərdiyini və araşdırma aparmaqlarını xahiş edib.
“Təəssüf ki, həmin ifa yutubda yoxdur, o mənada, bir az çətindir. Hüquqi baxımdan, yutubda olsaydı, daha rahat həll etmək olardı”.