“Pulun var?” Qırğızıstanda dillər əzbəri oldu - Qırğız müğənni Bayel Davlatov "Şərq"ə danışdı

  • “Azərbaycan mahnılarını uşaqlıqdan dinləyərək böyümüşük”
  • “Azərbaycanla Qırğızıstanı birləşdirən gözəl əsərlər yaratmaq istəyirəm”

Azərbaycan və Qırğızıstan arasında tarixi dostluq və qardaşlıq münasibətləri mədəniyyət, incəsənət sahəsində də özünü göstərir. Xalqları bir-birinə yaxınlaşdıran əsas vasitələrdən biri isə musiqidir. Bu dəfə Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz əsərlərindən biri olan “Pulun var?” mahnısını qırğız müğənniləri Bayel Davlatov və Elizat Abdyganyeva səsləndiriblər.

Qırğızıstanda ifa olunan mahnı sosial şəbəkələrdə də böyük maraq doğurub. Layihənin müəllifləri Azərbaycan musiqisinə olan sevgilərini bölüşərək iki qardaş xalqın mədəni bağlarının daha da möhkəmlənməsinə töhfə verməyə çalışıblar. 

Sherg.az layihənin meydana gəlməsi, Azərbaycan musiqisinə sevgisi və gələcək yaradıcılıq planları barədə qırğız müğənnisi Bayel Davlatovla söhbətləşib:

-Elizat Abdyganyeva ilə ifanız sosial şəbəkələrdə böyük maraq gördü. Bu layihənin ideyası necə yarandı?

-“Pulun var?" (“Акчаң барбы?”) mahnısını çox bəyəndik və həyat yoldaşım Elizat Abdyganyeva ilə birlikdə onu qırğız dilində xalqımıza təqdim etməyi qərara aldıq.

Çünki bu əsəri uşaqlıqdan televiziya vasitəsilə “Arşın mal alan” filmindən izləyərək və dinləyərək böyümüşük.

Ümumiyyətlə, hamımız türk dilli qardaş xalqlar olduğumuz üçün mən Azərbaycan xalqının yaradıcılığını çox bəyənir, yüksək qiymətləndirir və hörmət edirəm.

Bu mahnı yumoristik üslubda yazılmış əsər olduğundan hər kəsin, xüsusilə də gənc ailələrin xoşuna gəlir və insanlar arasında geniş yayılır.

-Bəs klipin ssenarisi necə hazırlandı?

-Klipin ssenarisini özüm yazdım. Çünki klipdə Azərbaycan xalqının milli geyimlərini, adət-ənənələrini və mədəniyyətini əks etdirmək istəyirdik.

-Azərbaycanın hansı mahnılarını bəyənirsiniz?

-Azərbaycanın retro mahnılarından Müslüm Maqomayevin “O more, more” əsərini, indiki dövrdən isə Çingiz Mustafayevin “Getmə”, Talıb Tale ilə Zeynəb Həsəninin “Səbr elə”, Üzeyir Mehdizadənin “Yaxşı olar”, Nahidə Babaşlının “Ay üzlüm” mahnılarını xüsusilə bəyənirəm.

-Gələcəkdə azərbaycanlı müğənnilərlə birgə layihələrə imza atmaq istərdinizmi?

-Duet istiqamətində yeni yaradıcılıq layihəsi hazırlamaq niyyətim var. Məsələn, Talıb Tale, Zeynəb Həsəni, Nahidə Babaşlı kimi istedadlı müğənnilərlə birlikdə yeni əsər ərsəyə gətirib duet oxusaq, çox yaxşı olardı.

-Türk dünyasının musiqi sahəsində əməkdaşlığının inkişafı barədə fikirləriniz nələrdir?

-Musiqi xalqları yaxınlaşdıran, qəlbləri birləşdirən ən güclü dildir. Mədəniyyət iki xalq arasında ən möhkəm körpüdür.

Qırğızıstanla Azərbaycanın yaradıcılıq dünyasını birləşdirən gözəl əsərlərin ərsəyə gəlməsi ilə bağlı böyük arzularım var.

-Müsahibəni oxuyanlara nə demək istəyirsiniz?

-Mahnının müəllifi, SSRİ Xalq artisti, dahi bəstəkar Üzeyir Hacıbəyliyə Allahdan rəhmət diləyirik və bütün Azərbaycan xalqına dərin təşəkkürümüzü bildiririk!

Qırğızıstanla Azərbaycanın dostluğu və qardaşlığı bundan sonra da möhkəmlənməkdə davam etsin!