Müasir Azərbaycan mediasının bəlkə də ən ciddi problemi istinad mədəniyyətinin formalaşmamasıdır. Xüsusən elektron mediada istinad məsələsi aktual bir problemə çevrilib. Portalların dünya praktikası ilə ayaqlaşmaq cəhdi təqdirəlayiq hal olsa da, istifadə olunan informasiyalara istinad olunmaması xəbər yayıcısının peşəkarlığını kölgə altına salır. Hazırda gündəlik xəbər yayan informasiya saytlarında məlumatların əksəriyyəti istinadsız göstərilir. Ən mənfi cəhət isə odur ki, bu sahədə problem ötən illərdə necə idisə, bu gün də eyni vəziyyət hökm sürür. Eyni məlumatın müxtəlif saytlarda istinadsız yayılması isə mübahisələrə səbəb olur. Həmin xəbərin ilk dəfə hansı saytda və ya qəzetdə dərc olunduğu ətrafında söz-söhbət sosial şəbəkələrdə qarşılıqlı ittihamlara yol açır, hətta bəzən təhqirlərə də yol verilir. Ancaq bu, təkcə şəbəkə söhbəti deyil, həm də peşəkarlıq məsələsi və müəllif hüququnun pozulmasıdır. Xüsusən son vaxtlar bəzi həmkarlarımız “istinad mədəniyyəti” ifadəsindən geninə-boluna istifadə edirlər.
Bəzi saytlar tirajladığı informasiyanı başqa bir mənbədən götürdükləri halda, xəbəri yayımlayan mənbəyə istinad etməyi ya özlərinə sığışdırmır, ya da görməməzlikdən gəlirlər. İstinad mədəniyyətinin pozulması problemi ilə əksər hallarda cəmiyyətdə nüfuzu olan, geniş oxucu auditoriyası ilə sayılıb-seçilən agentliklər, xəbər portalları üzləşirlər. Dünya mətbuatında qəbul olunmuş təcrübə isə belədir: - Hər hansı KİV digərindən məlumat götürərək, bu məlumatı öz qəzetində, jurnalında, internet saytında və s. yerləşdirirsə, mütləq məlumatın ilkin mənbəyinə istinad edir.
Bu normaldır və çox yaxşı təcrübədir. Əlbəttə, insanlara lazım olan informasiyanın daha sürətlə çatdırılması mühüm amildir. Amma bu o demək deyil ki, başqa bir mətbu orqanın informasiyasını özününküləşdirib, nöqtə, vergülünə belə dəymədən öz adına çıxmaq olar. Auditoriya kimin nə söylədiyi, informasiya və fikirlərin haradan qaynaqlandığı barədə açıq siqnal almalıdır. Əks halda, auditoriyada fakt, şərh və rəy arasında çaşqınlıq yarana bilər.
Əfsuslar olsun ki, 90-cı illərdən, yəni müstəqil media formalaşandan bəri bu məsələ müzakirə olunsa da, indiyə qədər həllini tapmaq mümkün olmayıb.
Nəsir Əhmədli: “İstinad hər bir qələm sahibinin və informasiya vasitəsinin borcudur”
Gündəmə gətirilən problemi “Şərq”ə dəyərləndirən BDU-nun beynəlxalq jurnalistika kafedrasının professoru Nəsir Əhmədli deyib ki, hər bir əsər, o cümlədən jurnalist yazısı, yaradıcısının, müəllifinin intellektual mülkiyyəti hesab edilir:
“Başqalarının onu tam şəkildə, yaxud qismən mənimsəməsi müəllif hüquqlarının və peşə etikasının pozulması deməkdir. Təsadüfi deyil ki, “Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları”nın 2-ci prinsipi (İnformasiya qaynaqlarına sayğılı yanaşma) bu məsələyə həsr olunub. Bir müəllif heç bir istinad olmadan başqa bir müəllifin fikrini “özəlləşdirirsə”, bu, plagiat, ədəbi oğurluq sayılır. Xüsusən, internetin geniş yayıldığı indiki dönəmdə nəyin plagiat olub-olmadığını müəyyənləşdirmək xeyli çətindir. Bu məsələyə aydınlıq gətirmək üçün deməyi lazım bilirəm ki, mövzu eyniliyi, üslub oxşarlığı, eyni mənbədən alınmış eyni rəqəmlər plagiat deyil. Sadəcə, onların alındığı ilk mənbə göstərilməlidir. Amma həmin rəqəmlər başqa bir müəllifin yazısından istinad edilmədən götürülübsə, bu, plagiatdır”.
Professorun sözlərinə görə, bir neçə jurnalist eyni vaxtda eyni hadisəni müşahidə edirsə, onların yazılarındakı faktlar da eyni ola bilər:
“Lakin o jurnalistlərdən biri hadisə yerində olmayıbsa və faktları orada olmuş jurnalistin materialından götürərək öz adından təqdim edirsə, bu, plagiatdır. İstinad mədəniyyətinə yiyələnmək hər bir qələm sahibinin, hər bir informasiya vasitəsinin borcudur. Bununla onlar həm də öz mədəniyyətlərini, ilkin mənbəyə sayğı ilə yanaşdıqlarını göstərmiş olurlar”.
Azər Nuriyev: “Ümid qalır sözün əsl mənasında həqiqi jurnalistika ilə məşğul olan, imzası olan həmkarlarımıza”
“Kaspi” qəzetinin əməkdaşı, tanınmış jurnalist Azər Nuriyev də “Şərq”ə açıqlamasında vurğulayıb ki, istinad məsələsi sözün əsl mənasında bu gün Azərbaycan mediasının ən ciddi problemlərindən birinə çevrilib:
“Bu gün istinad məsələsi çap mətbuatında deyil, daha çox elektron kütləvi informasiya vasitələrinin ciddi problemlərindən birinə çevrilib. Jurnalistikaya başladığım ilk vaxtlardan indiyə qədər hələ də bu problemin şahidiyəm. Yadımdadır ki, illər əvvəl müxtəlif jurnalist təşkilatları mətbuat orqanlarından xəbərsiz istinadla bağlı monitorinqlər keçirirdilər. Həmin monitorinqin nəticələri indiyə kimi yadımdadır. Ən çox hörmət bəslədiyim sizin qəzet (“Şərq” qəzeti-red) də daxil olmaqla, bizim “Kaspi” qəzeti də orada istinad mədəniyyəti göstərən orqanlar içində yer almışdı. Ümumiyyətlə, bu məsələni qabardan jurnalistləri başa düşmək olar. Hamımız yaxşı bilirik ki, bu gün hansısa bir dövlət və ya qeyri-dövlət qurumundan özəl xəbər əldə etmək necə bir əziyyətdir. Təsəvvür edin ki, informasiyanı alır sayta qoyur və üstündən az sonra hansısa bir sayt və yaxud portal onu heç bir istinad etmədən öz xəbəri kimi dərc edir. Bu zaman həmin jurnalistin hansı hisslər keçirdiyini, necə bir vəziyyətə düşdüyünü təsəvvür edə bilirsinizmi? Özüm illər uzunudur ki, regional, daxili siyasətdən məqalələr yazıram. Hətta deyim ki, bədnam qonşularımızın saytlarından belə informasiyanı təqdim edərkən onların adlarını da mütləq yazıram. Özü də istinad problemi tək saytlarla bağlı deyil. Xəbər kanalları, radioların xəbər-informasiya buraxılışlarında da xəbərin ilkin mənbəyinə istinad edilməməsinin şahidi oluruq”.
A.Nuriyev təəssüf hissi ilə qeyd edib ki, uzun illərdir bu məsələlər müzakirə olunur, lakin bunu lazımınca nəzərə almırlar:
“Hesab edirəm ki, həmin saytlara nə qədər bununla bağlı irad bildirsən də faydası olmayacaq. Yalnız ümid qalır sözün əsl mənasında həqiqi jurnalistika ilə məşğul olan, imzası olan həmkarlarımıza. Əminəm ki, onlar informasiyanı götürdükləri mənbənin adlarını mütləq yazırlar.
Sonda qeyd etmək istərdim ki, “istinad mədəniyyəti” dedikdə bunun sadəcə üstündən keçib getmək lazım deyil. Bu, ilk növbədə kiminsə əməyinin mənimsənilməsi, özününküləşdirilməsi deməkdir”.