Ramiz Rövşən: “Şirməmməd Hüseynov ləyaqətin, saflığın, prinsipiallığın rəmzi idi”
Bu gün görkəmli alim və tədqiqatçı mərhum Şirməmməd Hüseynovun anadan olmasının 95-ci ildönümüdür. Moderator.az-a bu tarixi günlə bağlı açıqlama verən xalq şairi Ramiz Rövşən, Şirməmməd Hüseynov haqqında maraqlı fikirlər səsləndirib, bir kəs daha onun ölkə mediası və tarixindəki önəminə diqqət çəkib:
“Mətbuat tariximizin ən fədakar, ən vicdanlı qələm sahiblərindən biri olan Şirməmməd Hüseynovun 95 yaşı tamam olur. Bu günü onu bütün sevənlərə birgə qeyd etməyə Şirməmməd müəllimin yaşadığı uzun və şərəfli ömrün cəmi bir neçə ayı çatmır.
Auditoriyaya ilk dəfə ayaq basdığı gündən ömrünün sonuna qədər bir müəllim kimi ləyaqətin, saflığın, prinsipiallığın rəmzi olan bu əvəzsiz insan, öz ömrünün ən azı müstəqilliyimizin payına düşən son 30 ilə yaxınını günbəgün, saatbasaat bir alim və tədqiqatçı kimi millətimizin mənəvi, mədəni, tarixi sərvətlərini zərrə-zərrə toplayıb özümüzə qaytarmağa sərf elədi. Onun Cümhuriyyət tariximizə, xüsusilə də M.Ə.Rəsulzadə irsinə münasibəti, yalnız bir övladın öz ata ocağına, ata irsinə olan sevgisi və sədaqəti ilə müqayisə oluna bilər.
Sözün düzü, Şirməmməd müəllim kimi ikinci bir zəhmətkeş adam təsəvvür eləmək, mənim üçün çox çətindir. Və yəqin elə buna görə də, hətta bu yaşda belə onun ölümü məndən ötrü gözlənilməz oldu. Çünki onun millət naminə görəcəyi çox işlər var idi və onun ömrü sanki bitmədi, qırııldı. 95 yaşında da ölümü gözlənilməz olan insan xoşbəxtdir”.