Həsən bəy yorulmadan çalışdı

O, özündən sonra təmiz, yüksək ehtirama layiq ad qoyub getdi



Mətbuat tarixi üzrə araşdırmaçı, tarix üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi, 1875-1920-ci illər” adlı kitabında vurğulayıb ki, Seyid Əzim Şirvaninin yaradıcılığında “Əkinçi”nin müstəsna rolu olub. Müəllif əsərində qeyd edib ki, bu mətbu orqanın səhifələrində şairin onlarla şeiri işıq üzü görüb: “Azərbaycan xalqının həyatında “Əkinçi”nin böyük rolu olduğunu şeirlərində vurğulayan Şirvaninin nəzərində qəzetin xeyli üstünlükləri var idi. Dünyanın müxtəlif yerlərindən informasiyaları toplayıb oxucuya çatdırması, maarifçilik işi aparması, elm toxumu səpməsi, ana dilinin saflaşması uğrunda aparılan mübarizə Şirvani tərəfindən mətbuatın üstünlüyü hesab edilirdi. Qəzet onun əlində maarifçilik ideyalarının yayıldığı xitabət kürsüsünə çevrilmişdi.  "Əkinçi"nin nəşri ilə bağlı göndərdiyi təbrik məktubunda Seyid Əzim bu mətbu orqanı və Zərdabinin "əhli-islamı", "xaki-məzəllətdən" qaldırdığı, xalqı öz ana dilində günün aktual problemləri ilə tanış etdiyini alqışlayırdı.

O, "Əkinçi"nin gəlişini ruh təzələyən səhərə bənzədir. Səhər mehi insanda xoş duyğular oyatdığı kimi "Əkinçi" də müsəlman aləmini qəflət yuxusundan oyadır. Qəzetin müsəlman aləminə gətirdiyi bu yeniliyi duyan şair "Əkinçi"nin davamlı nəşrini arzulayırdı. "Əkinçi"yə həsr etdiyi şeir nümunələrindən aydın görünür ki, Şirvani dövrünün bir çox ziyalıları kimi mətbuatın imkanlarını çox gözəl dəyərləndirir, xalqın tərəqqisi və inkişafında mühüm vasitə olduğunu duyurdu. O, "Qəzet nədir" şeirində "Əkinçi"nin məramı, məqsəd və vəzifələrini nəzmlə oxuculara çatdırırdı. Həsən bəyin özünün təbirincə desək, Şirvani "Əkinçi"nin səsinə səs verərək maarifi təbliğ etməklə kifayətlənmir, yeni tipli məktəblərin açılmasını alqışlayırdı. Aqilin cahildən yüksək tutulmasını maarifçiliyin əsas prinsipi hesab edən Şirvani öz oğlunu Şamaxıda açılan yeni tipli məktəbə qoymuşdu. Oğluna nəsihət məzmununda yazdığı şeiri "Əkinçi"yə göndərən Şirvaninin bu əsəri redaksiya qeydi ilə çap olunmuşdu. Redaksiya qeydində deyilirdi: "Şamaxıda bir camaat uçqolası bina olub ruhani okrujioy məclisinin nəzarətində Şamaxı sakini Seyid Əzim Məliküşşüəra öz oğlu Mir Cəfər namı haman uçqolaya elm təhsil etmək üçün qoymadan xalqın məzəmmətin görüb öz oğluna nəzm ilə nəsihət verdiyinin bəyanıdır".

Nəcəf bəy Vəzirov və “Əkinçi” qəzeti


Akif Aşırlı kitabında bəyan edib ki, Azərbaycan ədəbiyyatına mahir dramaturq kimi daxil olan Nəcəf bəy Vəzirov hələ tələbəlik illərindən "Əkinçi"nin səsinə səs vermiş, onun yaradıcı heyətinə qatılmış, publisist məqalələri ilə çıxış edib: “Əkinçi"nin ilk sayı işıq üzü görəndə N.Vəzirov Moskvada Petrovski-Razumovsk Kənd Təsərrüfatı Akademiyasında təhsil alırdı. Bakıda real gimnaziyada oxuyan vaxt Zərdabi onun müəllimi olmuşdu. Müəlliminin ana dilində qəzet nəşr etməsini Moskvada eşidən Vəzirov "Əkinçi"də yaxından iştirak etməyi qarşısına əsas məqsəd qoymuşdu. Dövrünün maarifçilər nəslinin nümayəndəsi olan N.Vəzirov təhsil sistemində islahatlara ciddi ehtiyac olduğunu düşünür, tərəqqini mədəniyyətin inkişafında görürdü. Məktəblərdə tədris olunan dərs kitablarının keyfiyyətsizliyindən, dövrün tələblərinə cavab vermədiyindən gileylənən Vəzirov dünyəvi elmlərin tədrisini vacib hesab edirdi. O, məqalələrinin birində yazırdı: "Elmi coğrafiya kitabını oxusaq, həm yazıb oxumağı öyrənərik, həmi dünya üzündə olan vilayətlərdən xəbərdar olarıq". "Əkinçi"də dərc etdiyi məqalələrdə N.Vəzirov ədəbiyyat və sənət məsələlərinə də toxunur, gerçəkliyi özündə ehtiva edən nümunələrin yerini həcvlərin, mədhiyyələrin tutmasına mənfi münasibət bildirirdi. Özünün ilk bədii əsərlərini qələmə almış Vəzirov təhqirlə dolu həcvləri, mədhiyyələri qəbul etmir, dövrün tələbinə uyğun olaraq ədiblərin yeni forma və məzmun axtarışlarını vacib bilirdi. Vəzirov dövrün dəyişdiyini, dünyanın tərəqqi yolunda olduğunu görür və məhz buna görə də şairləri bu tələblərə cavab verən əsərlər yazmağa səsləyirdi”. 

Əsgər ağa Gorani, Hacı Məmmədsadıq, Ələkbər Heydəri və başqaları...


Araşdırmaçı vurğulayıb ki, Bakı gimnaziyasında Həsən bəy Zərdabinin şagirdi olmuş, sonra isə təhsilini Moskvada Petrovski-Razumovsk Kənd Təsərrüfat Akademiyasında davam etdirmiş Əsgər ağa Gorani də "Əkinçi"lər məktəbinin fəal nümayəndələrindəndir: “Təzə xəbərlər yazmağa meyl edən Gorani cəmiyyətdə baş verən hadisələri öz düşüncələrinin süzgəcindən keçirərək "Əkinçi"də çap etdirirdi. "Elm xəbərləri" şöbəsində Ə.Goraninin qəbiristanlığa yaxın yerdə su quyularının qazılmasının zərərindən, mal-qaranın yeni saxlama üsullarından, Şərq xalqlarının elmsizlik ucbatından cahilliyə meyil etməyindən, telefon və stenoqrafiyanın ixtirasından, tarix elminin inkişafı məsələlərindən bəhs edən onlarca məqaləsi nəşr olunmuşdu. Əhsənül-Qəvaid ləqəbi ilə yazılar yazan Hacı Məmmədsadıq "Əkinçi"nin yaradıcılıq işində Zərdabiyə yaxından kömək edirdi. Onun "Məktubat" şöbəsində dərc olunan məqalələri dini təhsildə olan problemlər, mövhumatçılığın tənqidi, feodal-patriarxal münasibətlərin mədəni tərəqqiyə mane olması, ədəbiyyat məsələləri ilə bağlı idi. Eyni zamanda o, müasir təhsilin vacibliyindən və bəzən isə kənd təsərrüfatından bəhs edən məqalələr yazırdı. Əhsənül-Qəvaid məhsuldar jurnalistlərdən idi. Belə ki, "Əkinçi"nin 18 sayında 21 məqalə dərc etmişdi. Müəllifin məqalələrindən hiss olunur ki, o, öz dövrünün savadlı ziyalılarından biridir, fars və ərəb dilini mükəmməl bilir. Onun ədəbiyyat haqqındakı yazıları kifayət qədər maraqlıdır. "Əkinçilər" məktəbinin banilərindən olan Ələkbər Heydəri qəzetin nəşri dövründə Mahaç-Qalada yaşayırdı. O, 1879-cu ildə Bakıya köçərək səfarətxanada qulluq etmişdi. Heydərinin qəzetdə dərc olunan kəskin yazısı təhsil müəssisələrində dini elmlərlə yanaşı, dünyəvi elmlərin tədrisi ilə bağlıdır ki, bu da kifayət qədər ciddi polemika doğurdu. Bu məqalə "Əkinçi"nin 10-cu sayında işıq üzü görmüşdü. Qəzetin 11-ci sayında Əhsənül-Qəvaid müəllifin fikri ilə həmrəy olduğunu bildirmiş, dini təhsillə yanaşı, dünyəvi elmlərin tədrisini vacib hesab etmişdi. Qəzetin 12-ci sayında Zaqafqaziyanın şeyxülislamı Axund Əhməd Hüseynzadə polemikaya qatılmış, öz düşüncələrini bildirmişdi. Ümumən Heydərlinin bu məqaləsinə cavab olaraq "Əkinçi"də 15-dək yazı nəşr olunmuşdu. 

"Əkinçi"nin bağlanması 


A.Aşırlı bildirib ki, “Əkinçi”ni bağlatmaqla kifayətlənməyənlər H.Zərdabinin mətbu və ictimai fəaliyyətini dayandırmaq üçün onu Bakı gimnaziyasından Yekaterinodar gimnaziyasına dəyişdirmək haqqında əmr verdilər: “Bu qərar əslində Zərdabinin Azərbaycandan sürgün edilməsi idi. Taleyini öz xalqı ilə bağlayan Həsən bəy müəllimlikdən istefa verdi. Onun istefa verməsi gimnaziyanın müəllimlərinə, xüsusən şagirdlərinə ağır təsir etdi. Çünki azərbaycanlılardan ilk gimnaziya müəllimi olan Zərdabi böyük nüfuz və hörmətə sahib idi. Müəllimlikdən istefa verdikdən sonra Zərdabini Bakıda heç bir yerdə işə götürmədilər. O, Bakıdan köçüb 16 il doğma kəndi Zərdabda yaşadı. Bu illərdə Həsən bəy həyat yoldaşı Hənifə xanımla birlikdə böyük çətinliklərlə üzləşdi, yenə də maarifçilik missiyasını davam etdirdi. Burada bir məktəb açıb kənd uşaqlarına təhsil verdi. Azərbaycanın mərkəzindən uzaqda, kənddə yaşamasına baxmayaraq, Zərdabi publisist fəaliyyətini davam etdirir, yalnız Bakı, Tiflis mətbuatında deyil, Peterburq və Moskva qəzetlərində də məqalələrlə çıxış edirdi. 1896-cı ildə Zərdabi təkrar Bakıya qayıdıb öz əvvəlki ictimai-mətbu həyatını bərpa etdi. Rus və Azərbaycan dillərində çıxan qəzetlərə məqalələr yazaraq fəal əməkdaşlığa başladı. O, "Həyat", "Kaspi" qəzetlərində müntəzəm yazılarla çıxış edirdi. Zərdabi möhkəm iradəyə, qaynar və tükənməz enerjiyə sahib milli ziyalı idi. O, ömrünün sonunadək xalqın savadlanmasına, onların hüquqlarının qorunmasına və Azərbaycan mətbuatının, jurnalistikasının inkişafına xidmət etdi. Səhhətinin son dərəcə pozulmasına, çox çətinliklərlə hərəkət etməsinə baxmayaraq, Həsən bəy vəfatından bir gün əvvəl "Kaspi" qəzetinə gedib orada işləmişdi. 1907-ci ildə H.Zərdabinin dəfn mərasimində natiqlərdən biri belə deyib: "Həsən bəy Bakıya ac gəldi, ac da getdi". Bu sözlərdə böyük həqiqət yükü var. Həsən bəy ömrü boyu özü üçün yaşamadı, şəxsi mənfəətlərini güdmədi, xalqın səadətini hər şeydən üstün tutdu. Həsən bəy Zərdabi Azərbaycan tarixində nadir şəxsiyyətlərdəndir. O, öz xalqının inkişafı yolunda yorulmadan çalışdı, özündən sonra təmiz, yüksək ehtirama layiq ad qoyub getdi”.