Liqa sədri: "Mediamız seçkilərdə öz missiyasını yerinə yetirməyi bacaracaq"

“Mediamız adətən ölkədə keçirilən bütün seçkilərdə öz missiyasını yerinə yetirir”. Bunu Sherg.az-a açıqlamasında Demokratik Jurnalistlər Liqasının sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Yadigar Məmmədli deyib. 

Lakin təşkilat rəhbəri təəssüflə bəyan edib ki, seçki prosesində mətbuatın imkanlarından və gücündən az istifadə olunur: 

“Media namizədlərin reklam olunduğu, təbliğatının aparıldığı platformadır. Bu, həm də media üçün əlavə gəlir mənbəyidir. O baxımdan əslində KİV-in özünün marağındadır ki, seçkilərdə daha fəal iştirak etsin və maliyyə imkanlarını artırsın. Lakin hazırda bu, bizim istədiyimiz səviyyədə deyil. Ola bilsin, bunun müxtəlif səbəbləri var. Ötən günlərdə televiziyalar namizədlərin təşviqat kampaniyası ilə bağlı qiymətləri açıqladı. Bəlkə də qiymətlər həddindən artıq yüksək olduğuna görə, namizədlər onlara verilən imkandan yararlana bilmirlər. Halbuki, media seçkilərdə daha aktiv iştirak edə, fəallıq göstərə bilər. Namizədlər öz təbliğatlarını aparması, platformalarını bəyan etməsi üçün daha üstün imkanlara sahibdir. Əfsuslar olsun ki, bəzi səbəblərə görə, bundan az istifadə olunur”.

Qeyd edək ki, bu gün Bakıda “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib. Tədbir Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə baş tutub. Seminarda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova seçkilər zamanı medianın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O vurğulayıb ki, media seçkiləri obyektiv və operativ şəkildə işıqlandırmalı, seçkiqabağı təşviqat dövründə bütün namizədlərə bərabər şərait yaratmalıdır.