(Əvvəli var)
Müasir dövrdə Kütləvi İnformasiya Vasitələri cəmiyyətin maariflənməsində, ictimai rəyin formalaşmasında misilsiz rol oynayır və bu vəzifələri çox müxtəlif üsullarla gerçəkləşdirir. Heç şübhəsiz jurnalistikanın, kütləvi informasiya vasitələrinin cəmiyyətə təsiri çox güclüdür və geniş radiusu təşkil edir. Belə bir möhtəşəm gücə malik ictimai, kütləvi institut ictimai həyatın kamilləşməsi üçün öz üzərinə öhdəliklər götürür. Kütləvi İnformasiya Vasitələri cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Onların fəaliyyəti cəmiyyətdə baş verən reallıqlara münasibət formalaşdırır, ictimai-siyasi təsir göstərir. KİV təkcə informasiya ilə kifayətlənmir, o həm də yeniliklərə şərh verir, ayrı-ayrı ideyaları, təlimləri, siyasi proqramları təbliğ və təşviq edir. Media insanlarda ictimai fikirlər, inam və sosial fəallıq formalaşdırmaqla, onları müəyyən fəaliyyətə istiqamətləndirir.
Hər nə qədər ictimaiyyətin bir kəsimi hazırkı reallıqda Azərbaycan mediasının cəmiyyətə təsir imkanının olmamasını iddia etsə də, media nümayəndələrinin əksəriyyəti onların bu fikirləri ilə qəti şəkildə razılaşmırlar. Ekspertlər hesab edir ki, media bu gün də cəmiyyəti öz arxasınca aparmağı bacarır. Yəni "medianın təsir imkanları yoxdur” kimi fikirlər absurddur. Peşəkarlara görə, mətbuatın cəmiyyətdə baş verən proseslərə ciddi təsiri var. Media gündəm yaradır və müxtəlif problemlərin həllinə nail olur. KİV-lərin maarifləndirici funksiyası bir xeyli axsasa da, medianın güclü silah olduğunu etiraf edirlər. Hesab edirlər ki, hətta ən zəif halda belə cəmiyyəti informasiya ilə təmin etmək, yönəltmək imkanına malikdir. Sözsüz ki, əksini düşünən media ekspertləri də yox deyil.
Qeyd edək ki, son günlər dünyanın əsas müzakirə mövzusuna çevrilən koronavirus xəstəliyi sosial media və mətbuatın da gündəmində olan əsas məsələdir. Azərbaycan mediası dövlət tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərin və izolyasiya qaydalarının cəmiyyətə çatdırılması və bu istiqamətdə əhalinin maarifləndirilməsi üçün əlindən gələni edir. Jurnalistlər öz yazılarında koronavirus, onun dünyadakı təsirləri, ölkəmizdəki vəziyyət barədə məlumatlara daha çox üstünlük verməkdədir və bu, təbiidir. Mətbuat Şurasının müşahidələri göstərir ki, aparıcı, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrimizin mövzuya yanaşması peşəkarlıq standartlarına ümumən cavab verir. Bununla belə media məkanımızda virusla bağlı təşviş, qorxu, həyəcan yaradan çoxsaylı əsassız mülahizələrə də rast gəlinməkdədir.
Bu cür nöqsanlara rəğmən dövlətin həyata keçirdiyi tədbirlərin təbliğ edilməsində, əhaliyə çatdırılmasında medianın da rolu danılmazdır. Azərbaycan mediasının bu virusla mübarizədə sərgilədiyi münasibət, atdığı addımlar nəzərdən qaçmır.
Bir çox ekspert hesab edir ki, Azərbaycan mediası virusla mübarizədə heç də dövlət qurumlarından az iş görmür. Mediamızın bu virusla bağlı ajiotaj, panika yaratmaq yönümlü yazılara, xəbərlərə üstünlük vermədiyini deyən ekspertlərin fikrincə, mətbuat dövlətçi mövqe ilə çıxış etməklə yanaşı, həm də bu məsələyə peşəkar münasibət sərgiləyib.
”Media çox böyük əzmlə işləyirlər. Jurnalistlərimiz demək olar ki, “ön cəbhədədir”
Mövzunu “Sherg.az”a dəyərləndirən “Milli.az” saytının baş redaktoru Anar İmanov indiki koronavirus vəziyyətində mediamızın işini çox yüksək qiymətləndirib. Baş redaktorun sözlrin görə, həmkarlarımız çox böyük əzmlə işləyirlər:
“Hamı bir nəfər kimi çalışır, fədakarlıq göstərir. Jurnalistlərimiz demək olar ki, “ön cəbhədədir”. Koronaviruslu xəstələrlə, koronavirusdan qurtulanlarla müsahibə edirlər, cəmiyyəti maarifləndirirlər, bu amansız bəla ilə mübarizədə düzgün yolu seçməyə kömək edirlər. Bütün saytlarda, fikir vermisizsə, ən görünən yerlərdə koronavirus haqda xəbərlər, yoluxmamaq üçün evdə qalmaq üçün çağırışlar yerləşdirilib. Bir çox saytlarda sırf koronavirusa aid olan bütün xəbərlər ən görünən yerdə, təzə açılmış rubrikada təqdim olunur. Bir çox KİV-lərdə bu ümumbəşəri xəstəlik haqda kifayət qədər maarifləndirici materiallar var.
Hazırda cəmiyyətə koronavirus haqda düzgün və dolğun informasiya çatdırmaq üçün əvvəlkindən daha çox və gərgin işləyən həmkarlarım çoxdur. Onların gərgin iş fəaliyyətinin nəticəsində hər-hansı məlumatın əldə edilməsi üçün vətəndaşlırımız heç bir əziyyət çəkmir. İstər paytaxtda, istərsə də ucqar kənddə hamının koronavirus haqda informasiyanın tez və dolğun şəkildə əldə edilməsi üçün hər şey edilir”.
“Media bu çətin günlərdə öz üzərinə düşən işin öhdəsindən lazımınca gəlir”
“Cümhuriyyət qəzetinin redaktoru Elman Cəfərli də “Sherg.az”a açıqlamasında bildirib ki, media bu çətin günlərdə öz üzərinə düşən işin öhdəsindən lazımınca gəlir:
“Koronavirus epidemiyasının yayılması ilə əlaqədar ölkədə xüsusi karantin rejimi elan olunub. Əyləncə və ticarət mərkəzilərinə və digər kütləvi yerlərə giriş yasaq edilib. Orta və ali məktəblərdə tədris dayandırılıb. Səhiyyə orqanları xüsusi rejimdə işləyir. Televiziyalar sosial çarxlar hazırlayıb yayınlayır. Dövlət üzərinə düşən vəzifəni yerinə yetirir. Qalır vətəndaş məsuliyyəti. Topluma təsir etmək üçün başqa vasitələr də var. Hər şey sanksiyalaşdırımış normalarla edilə bilməz. İctimai rəyə təsir edən nüfuzlu insanların, QHT rəhbərlərinin, medianın üzərinə böyük məsuliyyət düşür. Artıq 10 gündən çoxdur ki, bir sıra media orqanları onlayn rejimdə işləyir, cəmiyyətin informasiya təminatını maksimum yerinə yetirməyə çalışır. Hər gün Nazirlər Kabineti yanında Operativ Qərargahın xəbər və açıqlamaları, bildirişləri, koronavirusdan qorunmağın ylları ilə bağlı həkim ekspertlərin açıqlama və müsahibələri yayılır. Lakin internet provayderləri də “Biz birlikdə güclüyük” kampaniyasına qoşulamlıdır. Bu çətin günlərdə internetin verilişində kəsilmələr, fasilələr olmamalıdır. Fikrimcə, media orqanlarına bununla bağlı güzəştlər də edilə bilər”.
”Azərbaycan jurnalistləri bu sınaqdan üzüağ çıxırlar”
“Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli də bəyan edib ki, koronavirus pandemiyası bütün dünyada geniş yayıldığından bir jurnalist olaraq dünya mediasını yaxından təqib edir:
“Dekabrın sonlarından bu günə qədər dünyanın gündəmi koronavirusdur. Azərbaycan da dünyanın tərkib hissəsi olduğundan bu bəla bizdən də yan keçə bilməzdi. Koronavirus İrana yayılandan biz həyəcan təbili çalmağa başladıq. Bu mövzu ilə bağlı xəbərlərə, videolara geniş yer ayırdıq. Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycan jurnalistləri bu sınaqdan üzüağ çıxır, qələm əhli ən təhlükəli nöqtələrdən, xəstəxana otaqlarında xəstələrdən birbaşa açıqlamalar alır, müsahibələr edir. Jurnalistlərin işi çox ağır və məsuliyyətlidir. Biz cəmiyyətdə təşviş, panika yaratmadan hadisələrin ciddiliyini çatdırmağa çalışırıq. "#Evdəqal", "#azxeberoxu" kampaniyasını ilk olaraq azxeber.com xəbər saytı başlatdı. Bu gün artıq milyonlarla insan bu kampaniyaya qoşulub, bundan əlavə məşhurlarımızın iştirakı ilə həkimlərə dəstək videosu hazırladıq. Deyə bilərəm ki, Azərbaycan jurnalistləri bu sınaqdan üzüağ çıxırlar. Fürsətdən istifadə edib hər birinə təşəkkür edirəm.
”Azərbaycan mətbuatı pandemiya ilə bağlı karantin vəziyyətində çox normal işləyir”
“Pia.az” saytının baş redaktoru Azər Qaramanlı da bildirib ki, hazırda Azərbaycan mətbuatı pandemiya ilə bağlı karantin vəziyyətində çox normal işləyir:
“Əsas olan odur ki, qeyri-rəsmi və panikaya səbəb olacaq xəbərlər yayılmır. Sosial şəbəkələrdə hərdən qeyri-ciddi və təxribat xarakterli xəbərlər yayılsa da, ümumi vəziyyəti qənaətbəxş hesab eləmək olar. İnsanlarımızın böyük hissəsi özlərinin məsuliyyət hissini dərk edirlər. Bu yaxşıdır. Mətbuatın üzərinə düşən bir nömrəli vəzifə isə karantin qaydalarına əməl edilməsini davamlı olaraq insanların diqqətinə çatdırmaqdır. Çünki hazırda koranavirusdan qorunmağın tək yolu təcriddir və bu da könüllü qaydada hər kəsin öz məsuliyyətini başa düşməsi yolu ilə mümkündür. Qeyd etdiyim kimi mətbuatın bir nömrəli vəzifəsi insanlara bu məsuliyyəti çatdırmaqdan ibarət olmalıdır”.
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.