"Hər bir vətəndaş ən azından öz ailəsinin sağlamlığını düşünməlidir" - Baş redaktor


"Koronavirus rəngi, iyi, dadı bizə məlum olmayan bir düşməndir".

Bunu "Sherg.az"a açıqlamasında "Novoya vremya" qəzetinin baş redaktoru Şakir Ağayev deyib.

Baş redaktor bildirib ki, dünyanın hər yerində virusa qarşı ən kəskin formada mübarizə aparılır: 

"Azərbaycan höküməti də təhlükə ilə bağlı təxirəsalınmaz tədbirlər görür. 14 martdan başlayaraq ölkəmizdə insanların sağlamlığı və xəstəliyə az yoluxması üçün dövlət tərəfindən zəruri addımlar atılır. Operativ Qərargah gecə-gündüz işləyir və vəziyyətə uyğun olaraq yeni qərarlar qəbul edir. Həmçinin, sosial təcridi, karantin rejimini daha da ciddiləşdirir. Bunların hamısı təqdirəlayiq haldır və görülən bütün tədbirlər vətəndaşların sağlamlığını təmin etmək üçündür. Nzərə almaq lazımdır ki, bu tədbirlər dövlətə asan başa gəlmir".

Ş.Ağayev vurğulayıb ki, atılan zəruri addımlara görə iqtisadiyyat  və ölkənin maliyyəsi ziyan görür: 

"Ancaq İqtisadiyyat Nazirliyinin məlumatına görə, hökumət 2.5 milyard manat dəyərindəki ziyanı ödəyəcək. Yəni, xalqın az ziyan görməsi üçün dövlət  bütün zəruri addımları atır. Amma sadəcə dövlətin addımları ilə iş bitmir. Vətəndaşlar özləri şüurlu surətdə dövlətin tədbirlərinə dəstək verməlidirlər. Hətta lazımi məqamda bu iş zorən tədbiq edilməlidir. Kimlərsə gündəlik çörək pulunu və digər məsələləri gündəmə gətirirlər. Başa düşürük, amma Allah eləməsin, bir nəfər xəstəliyi yoluxarsa, 100 nəfəri yoluxdura bilər. Ona görə də bu məsələyə ciddi yanaşmaq lazımdır".

Baş redaktorun sözlərinə görə, inkişaf etmiş dövlətlər belə  bu bəla ilə bacara bilmirlər: 

"Məsələn, ötən gün ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında əsas müzakirə mövzusu məhz koronavirus olub. Lakin təssüflər olsun ki, dünyada gedən dəhşətli proseslərdən nəticə çıxartmırıq. Hər bir vətəndaş ən azından öz ailəsinin sağlamlığını düşünməli və karantin rejiminə ciddi əməl etməlidir. Media olaraq biz də ev şəraitində çalışırıq. Amma daha çevik və daha məsuliyyətlə fəaliyyət göstəririk. Adi günlərdən fərqli olaraq gecə-gündüz online rejimdə hökümətin qəbul etdiyi qərarları cəmiyyətə çatdırırıq. Bu məsələdə ən çox güc həkim və polislərlə yanaşı, jurnalistlərə də düşür".

Müsahibimizə görə, marifləndirmə çox vacibdir: 

"Çünki sosial şəbəkələrdə dezinformasiyalar çox yayılır, insanları çaşdırırlar. Biz mətbuat olaraq bu təhlükəli məqamda bütün gücümüzlə çalışırıq və bu bəladan xilas olanadək işimizi bu cür davam etdirəcəyik. Vtəndaşlar da bilməlidir ki, qaydalara nə qədər ciddi riayət etsələr, xəstəlik bir o qədər tez bitəcək".