Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə "Koronavirus: xüsusi karantin rejimində medinın fəaliyyəti" mövzusunda onlayn konfrans keçirilib.
Şuradan "Sherg.az"a verilən məlumata görə, toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, koronavirus pandemiyasının geniş yayıldığı indiki dövrdə infeksiyanın qarşısının alınmasına yönələn kifayət qədər məqsədyönlü tədbirlər reallaşdırılmaqdadır. O, ölkəmizin mövcud istiqamətdə nümunəvi fəaliyyətlə fərqləndiyini vurğulayıb.
Toplantıda iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bu cür həssas durumlarda vətəndaş həmrəyliyi və vəhdətinin olmasının vacibliyini əsaslandırıb və bu baxımdan media orqanlarının üzərinə son dərəcə böyük məsuliyyətin düşdüyünü vurğulayıb. A.Quliyev vətəndaş cəmiyyəti institutlarının koronavirus təhlükəsinə qarşı maarifləndirici missiyası barədə məlumat verib. O, həmçinin medianın və sahə QHT-lərin birgə əməkdaşlığının vacibliyindən söz açıb. Mövcud istiqamədə əlaqələndirmənin gücləndirilməsi üçün QHT-lərlə media orqanlarının birgə konfransının təşkili təklifini irəli sürüb.
Daha sonra konfransda iştirak edən digər media təmsilçiləri və QHT üzvləri də məsələ ilə bağlı fikirlərini bildiriblər.