Qəzet redaktorlarının KİVDF-nin yeni rəhbərliyindən GÖZLƏNTİLƏRİ

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru vəzifəsindən azad olunub. Prezidentin digər sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov KİVDF-nin icraçı direktoru vəzifəsinə təyin olunub. Yeni icraçı direktor artıq qurumda kadr dəyişiklikləri edib. 

KİVDF-nin yeni rəhbərliyi mətbuatın inkişafında hansı yeniliklərə imza atacaq? 

Unikal.org KİVDF-nin maliyyə dəstəyi ilə çap olunan qəzet baş redaktorlarının fikirlərini öyrənib. 



“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib ki, ötən il ölkəmizdə müxtəlif sahələrdə, dövlət strukturlarında, hökümət təsisatlarında islahatlar aparıldı, amma mediadakı islahatlara müəyyən bir fasilə verildi. Bunun koronavirus pandemiyası ilə əlaqəli olduğunu xatırladan A.Aşırlı bildirib ki, mediada əlverişli mühitin yaranması üçün çox ciddi addımların atılacağına ümid edir:

“KİVDF-nin yeni rəhbərliyindən ədalətli mövqe görmək istərdik. İkinci bir tərəfdən istərdik ki, klassik media ənənələri yaşasın. Bunu yaşatmaq üçün dövlətin qəzetçiliyə maliyyə dəstəyi ilə yanaşı, mətbuatın inkişafını ləngidən addımların da qarşısı alınmalıdır. Reklam bazarı formalaşdırılmalıdır, "online" mediaya keçid prosesində klassik medianın gücündən yetərincə istifadə olunmalıdır. Arzu edirik ki, çox ciddi islahatlar aparılsın. Aparılan islahatlar ciddi qərarlara söykənsin, mətbuatda ayrı-seçkilik olmasın. Cəmiyyətdəki nüfuzuna görə KİV-ə qiymət verilsin. Çox təəssüf ki, biz zamanında bu qiyməti görə bilmədik. Buna görə də peşəkar kollektivlər dağıldı. İndi gözləyirik ki, vəziyyət normallaşsın və jurnalistlərin fəaliyyəti üçün normal əsaslar yaransın”.



“Unikal” qəzetinin baş redaktoru Zaur Əhməd isə bildirib ki, KİVDF dövlətin yazılı mətbuatı ayaqda saxlamaq, onu inkişaf etdirmək üçün bir vasitədir. Onun sözlərinə görə, bu gün qəzetçilik məhz, dövlətin dəstəyi nəticəsində ayaqda dura bilir:

“Klassik qəzetçilik ənənələri bütün dünyada qorunub saxlanılır. Hazırda inkişaf etmiş ölkələrdə belə qəzetlər hələ də çoxminli tirajla çap olunur. Minlərlə insan var ki, hətta informasiyanı belə qəzetlərdən alırlar. Yəni, hər bir qəzetin müəyyən stabil, vəfalı oxucuları var. Azərbaycanda da informasiyanı qəzetdən alır, keyfiyyətli araşdırma, analitik yazıları oxuyurlar. Təbii ki, Azərbaycanda çap mediasında reklam bazarı demək olar ki, yoxdur. Bu səbəbdən də ilk növbədə Azərbaycanda reklam bazarını formalaşdırmaq, digər tərəfdən, satış sistemini də təkmilləşdirmək lazımdır. Bakıda fəaliyyət göstərən qəzet köşklərini minimarketə çeviriblər. Belə bir şəraitdə hansı inkişafdan danışmaq olar? Mənə elə gəlir ki, bu məsələyə də ciddi yanaşmaq lazımdır”.

Z.Əhməd onu da vurğulayıb ki, bu günə kimi kimlərsə əllərində olan imkanlardan sui-istifadə edərək qəzetlərə abunələr yazdırırdılar, bu cür hallara da son qoymaq lazımdır:

“Qəzeti zorla abunə yazdırıb hörmətdən salmaq lazım deyil. Dövlətin mətbuata ayırdığı pulları havaya sovurmaq olmaz. Dövlətin mətbuata maliyyə dəstəyi real gücü, ictimai rəyə təsiri olan qəzetlərə verilməlidir ki, bu dəstək siyasətinin nəticəsi olsun. Ümid edirəm ki, KİVDF-nin yeni rəhbərliyi bütün bunları nəzərə alacaq və qarşıdayeni bir dövr başlayacaq”.



“Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev də KİVDF-nin yeni rəhbərliyindən yeniliklər gözlədiyini bildirib:
“Təbii ki, yeni rəhbərlik öz yeni komandası ilə fəaliyyətə başlayacaq. Bu, qəbul olunmuş normadır.Yeni rəhbərlik təyin olunanda onun qarşısına yeni vəzifələr qoyulur. O da bu məqsədlərə çatmaq üçün öncə köhnə heyətin işini araşdırmalıdır. Köhnə  rəhbərliyin vaxtındakı neqativ halları aradan qaldırmaq üçün bu işləri görməlidir. Bu gün heç kimə sirr deyil ki, Azərbaycan çap mediası öz ağır, çətin durumunu yaşayır. KİVDF bundan ötəri yaradılıb ki, çap mediasına kömək olsun. Bəli, köməkliklər göstərilir. Ümid edirəm ki, yeni rəhbərlik daha obyektiv və şəffaf şəkildə bu işi davam etdirəcək. Ölkə başçısı tərəfindən yeni rəhbərliyin qarşısına qoyulan məsələlər öz həllini tapacaq. Hər yerdə islahatlar gedir. Hesab edirəm ki, yeni təyin olunan gənc kadr bu islahatlara öz töhfəsini verəcək. Ümid edirəm ki, çap mətbuatı ilə daha səmərəli iş qurulacaq. Hər bir mətbu orqanın işinə daha obyektiv qiymət veriləcək. Çünki prezidentin də mətbuat qarşısında qoyduğu vəzifə budur. Son iki ayərzində dünyanı bürüyən pandemiya şəraitində də Azərbaycan mətbuatı öz işini gördü. 

Ş.Ağayev təkliflərini də irəli sürüb. O bildirib ki, ilk növbədə qəzetlərin monitorinqi aparıla bilər:

“Hansı qəzet daha çox ictimai rəyə təsir göstərir, hansı daha çox satılır. Bunu etmək çox asan məsələdir. Bütün statistika var.İstər köşklərdə satılan, istərsə də insanların özünün abunə olduğu qəzetlər var. Bununla da qəzetlərə ayrılan yardımı ona uyğun bölmək olar. İkincisi hesab edirəm ki, kateqoriyalar ləğv olunsa, daha yaxşı olar. İctimai rəyə təsir edən qəzetlər daha çox maliyyə yardımı əldə etməlidir. Mən hesab edirəm ki, bu, daha yaxşı olardı.Üçüncüsü qəzetlərə daha çox sərbəstlik verilməlidir. Bu yardımı ayırmaqla sərbəstliyi əldən almaq lazım deyil. Mətbuat ölkədəki ictimai-siyasi prosesləri obyektiv işıqlandırsın, dövlətin milli maraqları qorunsun. Bu sərbəstlik qəzetlərin satışına və oxucu auditoriyasına təsir göstərəcək. Əvvəlki sistemdə məcburi abunə var idi. Heç kimə sirr deyil ki, Prezident Administrasiysından siyahi verilirdi, məcburi abunə edilirdi. Çox yaxşı olardı ki, məcburi abunə sisteminə görə yox, qəzetin öz nüfuzuna, satışına və cəmiyyətdəki roluna görə qiymət verilsin.Qəzet idarələrə gedəndə onu heç kim oxumur, stolüstundə qalır.Çox önəmli olardı ki, Azərbaycan mətbuatının xarici və daxili nüfuzu nəzərə alınsın”.



“Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova bizimlə söhbətində bildirib ki, bu gün Azərbaycanda çap mediasını narahat edən bir sıra həlli vacib olan məsələlər mövcuddur:

“Qəzetlərin bundan sonra da fəaliyyətini davam etdirə bilməsi, müasir dövrün tələbləri ilə ayaqlaşması üçün bu məsələlərin həlli qaçılmazdır. İlk öncə, qəzetlərin satış və yayımı ilə bağlı problemlər həllini tapmalıdır. Bu sahədəki çatışmazlıqlar təhlil edilərək, ictimai müzakirəyə çıxarılaraq optimal bir yol cızılmalıdır. Bizi narahat edən digər bir məqam isə çap mediasının reklam bazarının çox zəif olmasıdır. Reklam bazarının inkişafı və bu sistemin formalaşdırılması qəzetlərin maliyyələşməsi məsələsində mühüm vasitədir. Qeyd edilən məsələlərin həllinə nail olunsa, qəzetlərin həm məzmun, həm də keyfiyyət və peşəkarlıq baxımından daha yüksək inkişafa nail olacağını görə bilərik. Bir məqam da unudulmamalıdır ki, qəzetlər bu günümüzün reallıqlarını gələcək nəsillərə daşıyacaq salnamədir. Bu ənənə davam etdirilməlidir”.