AMEA-dan professorun təklifinə REAKSİYA: " Jurnalistika institutuna ehtiyac duymuram"

“Çünki ədəbiyyat institutunda mətbuat tarixini, publisistikanı öyrənən xüsusi şöbələr var”



BDU- nun Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) da yeni institutun yaradılmasını təklif edib. O, akademiyanın tərkibində xüsusi Jurnalistika institutunun yaradılmasının lazımlı olduğunu düşünür. Bu barədə professor özünün "Facebook" səhifəsində yazıb:

"Cəmiyyətimiz informasiya cəmiyyəti, əsrimiz informasiya əsri, jurnalistlər ən qaynar nöqtələrdə...Amma AMEA-da Jurnalistika institutu yoxdur. Yəqin ki, aparılan islahat zamanı bunu nəzərə alacaqlar. Çox inanmaq istərdim".

  Təklifə münasibət bildirən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli buna ehtiyac olmadığını düşünür. O, "Sherg.az"a açıqlamasında fikrini belə əsaslandırıb: 



"AMEA- nın Ədəbiyyat institutunda mətbuat tarixini, publisistikanı öyrənən xüsusi şöbələr var. Bu istiqamətdə ciddi işlər gedir. Biz mətbuat tarixini ədəbiyyat tarixindən ayrı təsəvvür edə bilmərik. Çünki milli mətbuatımızın əsasını qoyanların böyük əksəriyyəti həm də ədəbiyyatşünas, yazıçı olublar. Əlbəttə, jurnalistikanı tədqiq etmək bizim vəzifəmizdir və mövcud imkanlar bunun üçün kifayətdir. Yəni ayrıca bir institutun yaradılmasına ehtiyac duymuram. Həm də dünyadakı bütün akademiyalarda institutların sayı azaldılır, funksiyaları optimallaşdırılır".