“Mediada peşəkarlıq və dil problemləri var” - AÇIQLAMA

 Son zamanlar mətbuatda tez-tez dil normalarının pozulması halları ilə rastlaşırıq.  Əlbəttə, bu, heç də xoş deyil və oxucuda ikrah yaradır. Dilin saflığı uğrundan çalışan, vuruşan insanlar isə belə hallar qarşısında sözün əsl mənasında məyus olurlar. Dilçi-alim, professor Adil Babayev məsələni kökündən həll etmək üçün təkliflə çıxış edib.

O, jurnalistlərə Mətbuat Şurasının  xətti ilə iki aylıq ödənişsiz dil seminarları keçməyə hazır olduğunu deyib: 

“İki ay öz biliklərimi bütün media işçiləri ilə bölüşər və var gücümlə neqativ halların aradan qalxmasına çalışaram”. 




“Jurnalist olmaq istəyən qeyri-ixtisas sahibləri üçün xüsusi seminarlar, kurslar təşkil edilməlidir”
Professorun bu təklifinə münasibət bildirən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev “Sherg.az”a açıqlamasında belə təşəbbüslərin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib:

 “Heç kimə sirr deyil ki, mediada peşəkarlıq və dil problemləri var.  Bunun üçün zaman-zaman müxtəlif tədbirlər həyata keçirilir. Düşünürəm ki, Adil müəllimin təklifi də Mətbuat Şurasında müzakirə oluna bilər. Hər halda dövr dəyişir, mətbuata yeni adamlar gəlir. Onlara dəstək olmaq, professionallıqlarının artırılmasına çalışmaq lazımdır”. 

U. Mirzəyev belə neqativ halların baş vermə səbəblərindən də söz açdı: 

“Əsəs problem ondan ibarətdir ki, qeyri-ixtisas sahibləri də jurnalistika ilə məşğul olmaq istəyirlər. Amma onların dil bilikləri kifayət qədər deyil. Əvvəllər BDU-nun nəzdində Jurnalistika sənətkarlığı institutu var idi. Jurnalist olmaq istəyən qeyri-ixtisas sahibləri iki il orda oxuyur, nəzəri biliklərə yiyələnirdilər. Sonradan bu institut ləğv edildi. Ona görə də, məncə, jurnalist olmaq istəyən qeyri-ixtisas sahibləri üçün xüsusi seminarlar, kurslar təşkil edilməlidir”.