Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasında milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi məqsədilə, kütləvi informasiya vasitələrinin ölkəmizin ictimai-siyasi həyatındakı yerini və müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alan ölkə başçısı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına öz tapşırıqlarını verib.
Qeyd edib ki, jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Sözügedən sərəncamı dəyərləndirən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlunun “Sherg.az”a açıqlamasına görə, Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında ölkə rəhbərinin imzaladığı Sərəncam ölkəmizdə mətbuata yüksək dövlət qayğısının daha bir bariz nümunəsidir.
Media institutunun müasir çağırışlara və qlobal trendlərə, ən əsası, milli maraqlara uyğun fəaliyyət göstərməsinin strateji əhəmiyyətə malik olduğunu deyən baş redaktor deyib ki, Azərbaycan mətbuatının inkişafını şərtləndirən əsas amil bu sahədə güclü dövlət diqqəti və qayğısının mövcud olmasıdır:
“Bununla yanaşı, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir”.
H.Babaoğlunun fikrincə Azərbaycan mətbuatı öz inkişaf tarixində zəngin, şərəfli və mürəkkəb yol keçib:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu strateji kursun qanunauyğun nəticəsi kimi, ölkəmizin iqtisadi potensialı və maliyyə imkanları artdıqca mətbuatın maddi problemlərinin həlli ilə bağlı çox müvafiq tədbirlər görülüb. Bütün bu addımlar Azərbaycan mətbuatının inkişafına mühüm töhfələr verib.
Bu gün dövlət başçısının müvafiq göstərişləri əsasında mühüm ictimai institut olan medianın inkişafı, xüsusilə də çap mətbuatının öz fəaliyyətini müasir reallıqlar və çağırışlara uyğunlaşdıraraq davam etdirməsi istiqamətində çox əhəmiyyətliu addımlar atılır və real nəticələr əldə olunur”.
Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərinin dostu, hamisi və qayğıkeşi olduğunu deyən Hikmət Babaoğlu əlavə edib ki, dövlət başçısının milli mətbuatımızın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı bu reallığın növbəti əyani ifadəsidir.