Müharibə astanasında


Sülhəddin Əkbər: "Bölgədə müharibə Ermənistan və Rusiyanın maraqlarına xidmət edir"

Azad İsazadə: "Ermənistan ordusunun Azərbaycanı əməliyyatlara cəlb etməkdə məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını ölkəmizə qarşı hərəkətə gətirməkdir"

Elçin Mirzəbəyli: "Nikol Paşinyan və komandasının diqqəti daxili problemlərdən yayındırmaq cəhdləri də istisna faktor deyil"



Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mövqelərimizi ələ keçirmək məqsədi ilə törətdiyi növbəti təxribatın qarşısı qətiyyətlə alınıb. Ordumuzun əks hücum tədbirləri nəticəsində  düşmən tərəf xeyli sayda canlı qüvvə və hərbi texnika itirərək geri çəkilib. 
Atəşkəsin qoşunların təmas xəttində deyil, iki ölkə sərhədində pozulması haqlı olaraq ictimaiyyətdə sual doğurur. Daha doğrusu, 2016-cı il Aprel döyüşlərindən sonra Ermənistanın Azərbaycanla dövlət sərhədində irimiqyaslı təxribata əl atması diqqət çəkir.

Sözsüz ki,  dövlət sərhədlərinin hərbi əməliyyatlar zonasına çevrilməsi Azərbaycana qətiyyən lazım deyil, çünki bu halda üçüncü tərəfin – Rusiyanın işə qarışması və Ermənistanın tərəfində hərbi müdaxiləsi üçün hüquqi zəmin yaranmış olur. Ermənistan və Rusiyanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsinin 3-cü maddəsinə əsasən üzv ölkələrin ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin müdafiəsi təşkilatın məqsədləri sırasındadır.

Azərbaycan XİN-in yaydığı bəyanatda isə bildirilib ki, bu təxribatçı əməl təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməlidir. Yəni Ermənistan bu əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır.



Sərhəddə müharibə kimə və nəyə lazım idi müzakirəsinə "Sherg.az" vasitəsilə aydınlıq gətirən Azərbaycan-Atlantika Əməkdaşlıq Assosiasiyasının rəhbəri, politoloq Sülhəddin Əkbərin sözlərinə görə, bu gün dövlət sərhədinin Tovuz istiqamətində yaşanan gərginlik və müharibə ab-havası ayrı-ayrılıqda həm Ermənistanın, həm də Rusiyanın maraqlarına xidmət edir:

"Əvvəla onu deyim ki, torpaqları işğal altında olan və 30 ildən çoxdur müharibə şəraitində yaşayan bir ölkə üçün  istənilən istiqamətdə təxribat gözləniləndir.  Doğrudur, Ermənistanın  silahlı qüvvələri adətən  atəşkəs rejimini  qoşunların təmas xətti istiqamətindən pozur və cəbhə xəttinin  müxtəlif istiqamətlərində  təxribatlar törədir. Bu mənada növbəti təxribatın Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətindən hücuma keçmək cəhdləri sual doğurur. Amma təxribat üçün məhz dövlət sərhədinin  məhz Tovuz istiqamətinin seçilməsi heç də təsadüfi deyil". 

Azərbaycan-Ermənistan sərhəddində baş verən gərginliyi "açıq və gizli düşmənlərin Azərbaycana və onun hakimiyyət orqanlarına təzyiq kimi" qiymətləndirən politoloq hesab edir ki, baş verənlər Ermənistan və onu himayə edən Rusiyanın məqsədli şəkildə həyata keçirdiyi planın tərkib hissəsidir: "Başlıca səbəblərdən biri geopolitikadır.

Avropa Birliyi və Türkiyənin Azərbaycanla olan infrastruktur əlaqələrini genişləndirən dəhliz məhz həmin bölgədən keçir. Azərbaycanı Gürcüstan vasitəsilə Türkiyə və Avropaya bağlayan dəmiryolu,  nəqliyyat yolu, fibrooptik yol və neft və qaz kəmərləri məhz həmin istiqamətdədir. Bir sözlə, Avropanın enerji təhlükəsizliyi bu bölgədən keçən tranzit yol vasitəsilə təmin olunur. Rusiya da Ermənistanın əli ilə sözügedən tranzit yoluna təhdid yaratmaqla Türkiyə və qərbə açıq mesaj göndərir  ki, bu ərazi mənim nəzarətimdədir. İstədiyim vaxt gərginlik yaradıb sizin enerji təhlükəsizliyinizi təhdid altında saxlaya bilərəm".

S.Əkbərin sözlərinə görə, təxribatın məhz dövlət sərhədində törədilməsinin bir səbəbi də geopolitik  qarşıdurmadan istifadə edən Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını  (KTMT) Dağlıq Qarabağ münaqişəsinə  cəlb etmək istəyidir:

"Ermənistanın indiki hakimiyyəti  KTMT-nin, daha doğrusu, Rusiyanın birbaşa dəstək verib-verməməsindən asılı olaraq öz maraqlarını icra edəcək. Bu təşkilat isə münaqişənin onlara aidiyyəti olmadığını, ona hansısa formada müdaxilə etməyə səalhiyyətlərinin çatmadığını bildirir. KTMT-nin əsasnaməsinə görə, üzv ölkələrdən birinə hücum bütövlükdə hamıya hücum sayılır. Ona görə Ermənistan dövlət sərhəddində təxribatlar törədib üzv dövlətlərin sanksiyasına məruz qoymaq üçün ciddi-cəhdlə bu məsələdə Azərbaycan tərəfi günahkar çıxarmağa çalışır.

Onların məqsədi “Azərbaycan Ermənistana hücum edib” fikrini təbliğ edərək sərhəd məsələsinə təşkilatı da cəlb etməkdir". Bu baş tutmayanda KTMT-nin əhəmiyyətsiz bir qurum olması barədə anti-təbliğat başlanacaq. Sözsüz ki, indiki halda Rusiyanın birbaşa Ermənistana açıq dəstək verərək münaqişəyə cəlb olunma ehtimalı çox azdır. Çünki KTMT-nin belə bir qərar verməsi üçün digər üzvlərin də  razılığı lazımdır ki, bu da real görünmür. Çox güman ki, KTMT-dən açıq dəstək almayan Paşinyan hakimiyyəti  ictimai  rəydə öz siyasi mövqeyini qərblə yaxınlaşmaq  istiqamətində quracaq". 



Hərbi ekspert Azad İsazadə isə hesab edir ki, Ermənistan ordusunun Tovuz istiqamətində təxribat yaradaraq Azərbaycanı əməliyyatlara cəlb etməkdə məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) ölkəmizə qarşı hərəkətə gətirməkdir:

"Ermənistanın bütün səylərinə baxmayaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı indiki halda bu prosesə qoşulmayacaq. Xüsusən də, bu hərbi alyansda iştirak edən Belarus və Qazaxıstan Azərbaycana qarşı proseslərdə birmənalı şəkildə iştirak etməyəcək. Deməli, bircə Rusiya qoşula bilər. Amma Rusiya tərəfi də Nikol Paşinyana görə bu prosesə qoşulmaz”. A.İsazadənin fikrincə, bəlkə də erməni hərbçilərinin törətdiyi təxribatın bir niyyəti də odur ki, Paşinyan ruslardan kömək istəsin və beləcə, Rusiyanın siyasi xəttinə qayıtsın.  



Dövlət sərhədində baş verən gərginliyi  şərh edən politoloq Elçin Mirzəbəyli  "Sherg.az"a açıqlamasında Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindəki hərbi təxribatının gerçək səbəblərini açıqlayıb.  

Baş nazir Nikol Paşinyanın hakimiyyətə gələn kimi  sərhəddin qorunmasını Daxili Qoşunlara həvalə etdiyini xatırladan politoloq hesab edir ki, o bununla guya, Azərbaycan-Ermənistan sərhəddində hər hansı bir insident və təxribat olmayacağı görüntüsünü yaratmağa çalışırdı. 

Ermənistanın hərbi təxribatını Azərbaycanla dövlət sərhədində həyata keçirməyə cəhd göstərməsinin məqsədyönlü xarakter daşıdığını vurğulayan E.Mirzəbəylinin sözlərinə görə, işğalçı ölkə bununla diqqəti münaqişənin mahiyyətindən, işğal faktından yayındırmağa, məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışır.

“Amma  bunun üçün heç bir əsas yoxdur və bütün faktlar təxribatın Ermənistan tərəfindən həyata keçirildiyini, ölkəmizin isə təxribata adekvat cavab verdiyini sübuta yetirir. Azərbaycan Silahlı Qüvvələri istənilən hərbi təxribata cavab vermək gücündədir. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Düşmənə hər zaman olduğu kimi öz layiqli yeri göstəriləcək. Azərbaycan xalqı və dövləti heç zaman işğalla barışmayacaq".
Politoloqun sözlərinə görə,  Ermənistanın Azərbaycanla dövlət sərhədində hərbi təxribat törətməsini şərtləndirən başqa bir səbəb Ermənistanın dövlət sərhədlərinin ermənilər  tərəfindən qorunmaması ilə bağlıdır. Bu da kifayət qədər önəmli faktorlardan biridir. Yəni Ermənistan bu həmləsi ilə üçüncü tərəfi müharibəyə cəlb etmək istəyir: "Döyüşlərin Qarabağ cəbhəsində deyil, sərhəddə baş verməsi dövlətlərarası konflikt kimi təqdim edilir ki, burada da  məqsəd yenə üçüncü tərəfin dəstəyini almaqdır".

E.Mirzəbəylinin sözlərinə görə, baş nazir Nikol Paşinyan və komandasının diqqəti daxili problemlərdən yayındırmaq cəhdləri də istisna faktor deyil. Amma Ermənistandakı vəziyyət o qədər acınacaqlıdır ki, diqqəti daxili problemlərdən yayındırmaq üçün heç bir təxribat və avantüra Ermənistan hakimiyyətinin köməyinə gəlməyəcək.

Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətinin tamamilə nüfuzdan düşməsinə zəmin yaradıb. Paşinyanın və komandasının sözügedən təxribatla paralel olaraq, nəzarətlərində olan bütün informasiya resursları ilə ölkə daxilində total təbliğat kampaniyasına başlamaları da sübuta yetirir ki, əsas məqsədlərdən biri paramparça olmuş Ermənistan cəmiyyətini xarici təhlükə qarşısında bir araya gətirmək cəhdidir:

"Ölkədəki iqtisadi böhran və sosial problemlər ən yüksək həddə çatıb. Bunun əsas səbəblərindən biri, COVID-19 virusuna yoluxma halları ilə bağlı aparılan mübarizənin effektsizliyi və sərhədlərin qapalı olmasıdır. Daxili resurslarla əhalinin minimum ehtiyaclarını ödəyə bilməyən Paşinyan hakimiyyəti onları aclıq və səfalətlə baş-başa buraxıb. Yaranmış vəziyyət Ermənistandakı daxili kataklizmlərin daha da dərinləşəcəyi ehtimalını yaradır. Ermənistanın, Paşinyan hakimiyyətinin isə COVID-19 səbəbindən itirilən vəsaitləri kompensasiya etmək üçün heç bir iqtisadi resursu yoxdur.

Bu dəfə klassik dilənçilik ənənəsi də ermənilərin köməyinə çatmır. Çünki pandemiya səbəbindən dünyanın bütün ölkələri diqqəti daxili sosial-iqtisadi problemlərinin həllinə yönəldiblər. Məhz bu səbəbdən Nikol öz hakimiyyətini bir ölümcül nəticədən xilas etmək üçün başqa bir ölümcül nəticəni – Azərbaycanla sərhəddə təxribat törətmək yolunu seçib".

"Artıq bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu isə Ermənistan hakimiyyətinin münaqişə ilə bağlı həm daxildə, həm də xaricdə manipulyasiya etmək cəhdlərinin qarşısını alır, təbliğat imkanlarını minimuma endirir.

Bu səbəbdən də Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Odur ki, Ermənistana qarşı sərt mövqe dəyişməməlidir. Hakimiyyətdə oturan şəxsin kimliyindən asılı olmayaraq düşmən ölkə dərk etməlidir  ki, Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə heç zaman barışmayacaq və ərazi bütövlüyünün bərpası üçün istənilən fürsətdən yararlanacaq.

Azərbaycanın dövlət sərhədlərini pozmağa cəhd  edən istənilən qüvvə və onun  himayədarları Azərbaycan xalqının və ordusunun  sərt üzünü görəcək. Heç bir halda öz mövqelərimizdən geri çəkilən deyilik və hər zamankı kimi öz hədəflərimizə doğru daim irəliləyəcəyik" -deyə politoloq əlavə edib.