Prezident İlham Əliyev 22 iyul- Milli Mətbuat Günü münasibətilə jurnalistləri təltif edib. 145 illik tarixə malik Milli Mətbuatımızın inkişafında müstəsna xidmətləri ilə seçilən media nümayəndələri “Əməkdar jurnalist” fəxri adına, “Tərəqqi” medalı və Prezident təqaüdünə layiq görülüblər.
“Sherg.az”ın xəbərinə görə, bununla bağlı bir qrup jurnalist Prezidentə təşəkkür məktubu ünvanlayıb.
"Şərq" qəzetinin baş redaktoru, araşdırmaçı jurnalist Akif Aşırlı Prezidentə məktubunda bildirir:
“Hörmətli cənab Prezident, Azərbaycan milli mətbuatının yaranmasının 145-ci ildönümü münasibətilə imzaladığınız sərəncama əsasən, bir qrup vətənpərvər qələm əhlinə müxtəlif mükafatlar, fəxri adlar verilib. Nə xoş ki, bu sırada mənim də adım var, Azərbaycan Respublikasının "Əməkdar jurnalisti" adına layiq görülmüşəm. Sizin qayğınızla əhatə olunan Azərbaycan mətbuatının bir nümayəndəsi olaraq qeyd edim ki, son 15 il ərzində rəhbərlik etdiyim "Şərq" qəzetinin 4 əməkdaşı müxtəlif dövlət təltifi ilə mükafatlandırılıb, 5 əməkdaşı evlə təmin olunub. Hazırda "Şərq" qəzeti gündəlik nəşrini bərpa edib, rəngli formatda işıq üzü görür.
Cənab Prezident, mətbuatın cəmiyyətdə əhəmiyyətli rolunu hər zaman diqqətdə saxladığınıza, peşə fəaliyyətimizi dəyərləndirdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Apardığınız ardıcıl, dinamik siyasətin nəticələri media sektorunda öz bəhrəsini verir, Həsən bəy Zərdabi ənənələrinə söykənən milli jurnalistika sistemimiz növbəti inkişaf mərhələsini yaşayır. Sizin qətiyyətiniz, iradəniz və məqsədyönlü siyasətiniz nəticəsində düşmənə aman verməyən yenilməz Azərbaycan Milli Ordusu kimi, bu gün güclü söz, mətbuat, jurnalist ordusu da formalaşıb. Bu möhtəşəm ordu Azərbaycan dövlətinin yanındadır.
Əməyimə, fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə, var olun, cənab Prezident”.