“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən jurnalistlər üçün təlimlər və yazı müsabiqəsi keçiriləcəkdir.
"Sherg.az" xəbər verir ki, təlim-müsabiqənin keçirilməsində məqsəd jurnalistləri energetika sahəsinin xüsusiyyətləri və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 5 illik fəaliyyəti ilə tanış etmək, həmin dövr ərzində əldə olunmuş nailiyyətlərin və tətbiq edilən yeniliklərin işıqlandırılmasını, bu sahədə jurnalist tədqiqatlarının aparılmasını və sahəvi jurnalistikanın inkişafını stimullaşdırmaqdır.
Təlim- müsabiqədə Kütləvi İnformasiya Vasitələrində (dövri mətbu nəşrlərdə, teleradio proqramlarında, informasiya agentliklərində, internet informasiya ehtiyatlarında, kinoxronika proqramlarında) işləyən şəxslər iştirak edə bilərlər.
Təlimlərdə iştirak hüququ qazananlar (25 nəfər), təlim proqramını uğurla başa vurduqdan sonra “Azərişıq” ASC-nin 5 illik fəaliyyəti – inkişafın işıq surəti” mövzusunda yazı müsabiqəsi mərhələsinə buraxılır.
Müsabiqə mərhələsində yazıların qiymətləndirilməsi təşkilatçılar tərəfindən cəlb edilmiş müstəqil ekspertlər tərəfindən həyata keçiriləcək. Elan olunan mövzuda 3 (üç) əsas mükafatçı müəyyən ediləcək və birinci yer 1000 manat, ikinci yer 700 manat, üçüncü yer 500 manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılacaq.
Sənəd qəbulu 21 sentyabr 2020-ci il saat 10:00-dan başlanır və 27 sentyabr 2020-ci il saat17:00-da bitir.
Təlimdə iştirakla bağlı qeydiyyatdan keçmək və daha ətraflı məlumat əldə etmək üçün www.kivdf.gov.az və www.azerishiq.az saytlarına müraciət edə bilərsiniz.
Qeyd: Qaydalar və müraciət üçün link şərh bölməsində