Mediada yeni islahatlar başlayıb

Azərbaycan jurnalistləri beynəlxalq təcrübəni öyrənir

Seminarın iştirakçıları təəssüratlarını "Şərq"lə bölüşüb


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar davam edir. Xatırladaq ki, seminarlara iyunun 14-dən başlanılıb. Birgə seminarın təşkil olunmasında məqsəd media nümayəndələri arasında təcrübə mübadiləsinin aparılmasıdır.

Seminar silsiləsinin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, ADA Universitetinin prorektor müavini Aygün Hacıyeva seminarın əhəmiyyətini vurğulayaraq qeyd etmişdilər ki, seminarların təşkilində məqsəd müasir media mühitinə birgə nəzər salmaq, media sahəsində innovativ təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun ölkədə media islahatları prosesinə təkan verməkdir. Seminarın ilk günü “Media”nın icraçı direktoru Ə.İsmayılov media nünayəndələri ilə “Media haqqında” qanun layihəsini müzakirə etdi. Mediada yeni imkanlar və istiqamətlər mövzusunda müzakirələr  aparıldı. Qanun layihəsində yer alan müddəalar barədə media nümayəndələrinə ətraflı məlumat verildi. Bildirildi ki, yeni qanun layihəsi Media sahəsində ictimai münasibətlər sistemini tənzimləyən yeni normativ hüquqi aktın hazırlanmasını nəzərdə tutur. Qanun layihəsinin əsas məqsədi bütün media subyektlərinin, o cümlədən yeni yaranmış onlayn media subyektlərinin də fəaliyyətinin və hüquqlarının müəyyən olunmasıdır. Seminarlar davam edir və maraqlı keçən müzakirələrdə yerli media qurumlarının rəhbərləri, jurnalistlər, onlayn mediada çalışan həmkarlarımız iştirak edirlər. Həmçinin xarici media - "Əl-Cəzirə" və "Haber Global"ın mütəxəssislərinin iştirakı da nəzərdə tutulur ki, bu da təcrübə mübadiləsi baxımından faydalıdır. Qeyd edək ki, "Əl-Cəzirə" Media İnstitutunun nümayəndə heyətinin iştirakı ilə bir seminar artıq keçirilib.  
Bu barədə az sonra məlumat verəcəyik. Hələliksə seminardakı müzakirələrə nəzər salaq. 

Dövlət qurumlarının media ilə əməkldaşlığı

Seminarda media nümyəndələrinin marağına səbəb olan hal şübhəsiz ki, Azərbaycan  Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin seminar iştirakçıları qarşısında ustad dərsi ilə çıxış etməsi idi. Seminarın bu məzmunda təşkilində məqsəd dövlət və ictimai sektor qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulması idi. Seminarda ADA Universitetinin media sahəsi üzrə yerli və xarici tədqiqatçıları ilə yanaşı, biznes sektorunun mütəxəssisləri və ölkənin multimedia platformasının aparıcı üzvləri ilə panel müzakirələr təşkil edib, interaktiv müzakirələr zamanı mətbuat xidməti rəhbərləri “İctimai əlaqələr şöbəsinin təşkilatdakı məqsədi və rolu”, “Kommunikasiya planı və gündəlik media təmasları: proaktiv və reaktiv strategiyalar”, “Böhran vəziyyətlərində kommunikasiyanın qurulması” kimi mövzularda fikir mübadiləsinə qoşularaq, müasir media mühitindəki çağırışlara yeni həll yolları axtarıblar. 

Mediamızın xarici əlaqələri genişlənməlidir
 
Qeyd etdik ki, "Əl-Cəzirə" Media İnstitutunun nümayəndə heyətinin iştirakı ilə bir seminar artıq keçirilib. Seminar çərçivəsində ADA Universiteti ilə "Əl-Cəzirə"Media İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Sonra "Əl-Cəzirə"nin baş müxbiri Resul Serdar və meneceri Rene Ode  “Xəbərlər şöbəsinin səmərəli idarəedilməsi” , “Gündəmi necə qurmalı: praktiki yanaşmalar” mövzularında məruzə ilə çıxış ediblər. “Media” Agentliyində keçirilən görüşdə isə Aljazeera Media İnstitutunun Yeni layihələr üzrə meneceri Montaser Maray Azərbaycana səfərdən məmnunluq ifadə edərək, Media Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə keçirilən silsilə seminarların əhəmiyyətinə toxunub. Bildirilib ki, media sahəsində mövcud problemlərə fərqli perspektivlərdən yanaşmaq üçün təcrübə mübadiləsinin aparılması vacibdir.

Seminar iştirakçısı həmkarlarımızın fikirlərini öyrəndik. İctimai Televiziyanın İctimai-siyasi Proqramlar Departamentinin direktor müavini Nigar Sabirqızı seminarlar barədə “Şərq”ə danışdı. Onu da qeyd edək ki, Nigar Sabirqızı "Əl-Cəzirə" Media İnstitutunun sertifikatı ilə təltif edilib: 

- ADA Universiteti ilə Medianın İnkişafı Agentliyinin birgə təşkil etdiyi “Mediada islahatlara doğru” silsilə seminarlarında iştirak edənlərdən biri də mənəm. Seminarda ilk müsbət amil kimi media sahəsində tanınmış simaların bir arada olmasını qeyd edə bilərəm. İlk baxışda “bu qədər təcrübəli insanların təlimə nə ehtiyacı var” sualı yarana bilər.

Amma nə qədər təcrübəli olsaq da, seminarda çıxışçıları dinlədikcə, bir daha Sokratın “Mən indi bilirəm ki, mən heç nə bilmirəm” sözlərini xatırlamamaq olmur.

Əslində, bu, təlimdən çox, fikir mübadiləsidir. Çünki media sahəsində mövcud problemləri müzakirə edir, bundan çıxış yolları ilə bağlı təkliflər səsləndiririk. Seminar çərçivəsində xüsusilə "Əl-Cəzirə" kanalının ingilis bölməsinin xüsusi müxbiri Rəsul Sərdar Ataşın təlimlərini vurğulamaq istəyirəm. Rəsul bəy beynəlxalq jurnalistika barədə müfəssəl bilgilər verdi, öz təcrübəsini bizimlə bölüşdü. Onun bir jurnalist kimi lentə aldığı müxtəlif insan hekayələri məni xüsusilə təsirləndirdi. Onun dilindən bir jurnalistin qarşılaşdığı ən çətin vəziyyətlər və ondan çıxış yolları barədə təcrübələrini bizimlə bölüşməsi də bir aparıcı kimi mənə çox maraqlı idi. Təlimin sonunda "Əl-Cəzirə" Media İnstitutunun sertifikatını alanlardan biri də mən oldum. Bu sertifikat beynəlxalq sənəddir və düşünürəm ki, ona sahib olmaq mənə gələcəkdə müəyyən üstünlüklər verəcək. Həm bu baxımdan, həm də mediaya qazandıracağımız yeniliklər baxımından bu cür seminarları yararlı hesab edirəm. 

Türküstan.info saytının baş redaktoru Aqil Camal seminarların müasir medianın tələblərinin öyrənilməsində əhəmiyyətini vurğuladı:   

- Bildiyiniz kimi Medianın İnkişafı Agentliyinin yaradılması ilə Azərbaycanda həm dövlətin media siyasətinə, həm də ümumən, ölkədə media camiəsinin yeni dövrdə fəaliyyətinə yeni baxış prosesi başlayıb. Sonuncu elan olunan, qəzetlər və saytlarla bağlı MEDİA-nın müsabiqəsi də bu yeni yanaşmanın əhəmiyyətli təzahürüdür. 

Bu işlərlə paralel olaraq media təmsilçiləri üçün seminarların təşkili, bu seminarlara yerli və xarici ekspertlərin təlimçi kimi dəvət olunması hesab edirəm ki, başlanmış işə əlavə nəzəri-praktik dəstək xarakteri daşıyır.

Mən də seminarlarda iştirak edirəm. Xüsusən, ənənəvi və yeni elektron media ilə bağlı dünya təcrübəsinin öyrənilməsi, medianın təməl prinsipləri, cəmiyyət qarşısında medianın məsuliyyəti və maarifləndirici missiyası… Bu və bu kimi digər məsələlər çox sadə şəkildə təlimçilər tərəfindən izah olunur, sərbəst diskussiya şəraitində müzakirə edilir.

Bu kimi proqramlar gələcəkdə də davam etdirilə bilər. Düzdür, ilk təlimlərdə əsasən, media rəhbərləri iştirak edir. Amma qarşıda müxtəlif istiqamətlər üzrə uyğun əməkdaşlar cəlb oluna bilər. Bunlardan biri, məsələn, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə qəzet tərtibatçıları üçün təlimlər ola bilər. 

Seminarın daha bir iştirakçısı, media mütəxəssisi, populyar aparıcı, Turan İbrahimov keçirilən tədbirin faydalarını diqqətə çatdırdı: 

- Seminarlar haqqında istənilən halda ancaq və ancaq müsbət fikirlər bildirə bilərəm. Çünki çox gözəl təşəbbüsdür. Ora Azərbaycanda fəaliyyət göstərən, ictimai rəyə təsir imkanı olan media quruluşlarının rəhbərləri, aparıcı əməkdaşları dəvət olunub. Və onlara müasir medianın tələbləri nələrdir, həm də bundan sonra dövlətin media siyasətinin nədən ibarət olacağını çatdırmaq qərarlığı var.

Bunu hiss edirik. Müsahibələrinin birində “Media”nın icraçı direktoru Əhməd müəllim də bildirmişdi ki, bu seminarlar vasitəsilə həm də dövlətin media sahəsində görmək istədiyi islahatların nədən ibarət olması çatdırılacaq. Biz də bunu anlayırıq və görürük. Həm də təbii ki, müxtəlif səpkili mühazirələr zamanı media ilə bağlı bəzi məsələləri bir daha xatırlayırıq.

Müəyyən məsələlərlə bağlı şəxsən mən, baxış bucağımda hansı korrektələrin vacibliyini anlayıram. Bir də ki, təkrar biliyin anasıdır. Ümumi götürdükdə, geniş mənada bir yenilik yoxdur.

Çünki orda gənclərlə yanaşı, Azərbaycan jurnalistikasının, qəzetçiliyinin yeni dövrünün əsasını qoymuş şəxslər, həmçinin Azərbaycan televiziyasında xəbərçilikdə, xəbər istehsalında illərlə konkret rol oynayan insanlar iştirak edir. Və onlar da dövlət media islahatlarıyla nəyə nail olmaq istəyir, gözəl bilirlər. Bununla yanaşı biz də öz bilik və təcrübəmizdən əlavə müəyyən situasiyalarla bağlı reflekslərə kənardan baxmaq imkanı qazanırıq. Düşünürəm ki, "Əl-Cəzirə" və digər xarici xəbər mərkəzlərinin, institutlarının təcrübələrini bölüşməsi də çox faydalıdır.

Seminarlar iyulda bitəcək. Seminar bitəndən sonra mediamızın fəaliyyətlərində bu silsilə seminarların təsiri olacaq. Həm peşəkarlıqda, həm də digər məqamlarda bu özünü büruzə verəcək.