Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıya qəzetin 25 illik yübileyi münasibəti ilə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
Dəyərli Akif Bəy!
Müstəqillik dövrü Azərbaycan mətbuatının ən populyar və ciddi qəzetlərindən biri olan “Şərq” qəzetinin yaranmasından 25 il ötür.
“Şərq” qəzeti müasir Azərbaycan oxucusunun zövqünün formalaşmasında, cəmiyyətdə baş verən ictimai-siyasi proseslərin xalqa çatdırılmasında tarixi missiyasını şərəflə yerinə yetirməyi bacaran mətbuat orqanlarından biridir. Yarandığı gündən Azərbayvanın dövlət maraqlarını hər şeydən üstün tutan “Şərq” qəzeti milli mətbuatımızın “Əkinçi”dən gələn tarixi ənənələrini yaşadıb, inkişaf etdirən bir qəzet kimi böyük yol keçib. Bu gün də öz yoluna sadiq qalan “Şərq” ölkəmizdə qəzetçiliyin əsas qalalarından biri, mətbu sözü qoruyan ciddi media qurumudur.
Dəyərli, Akif Bəy!
Yubiley münasibətilə başda Siz olmaqla, “Şərq” əzetinin kollektivini bu gözəl gün münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayır, uzunmürlü olmanızı diləyirəm.
Böyük sevgi və sayğı ilə...