Regionlarda yeni iş yerləri yaradılır


Sənaye zonalarının genişləndirilməsi Azərbaycanın ən prioritet istiqamətlərindən biridir

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Sahibkarlığın inkişafı ölkəmizdə əsas prioritet məsələlərdən biridir. Qeyd edək ki, bugünədək sahibkarlar tərəfindən sənaye zonalarına 6,2 mlrd. manatdan çox investisiya yatırılıb və 9500-dək iş yeri yaradılıb. İndiyədək sənaye zonalarında 89 sahibkarlıq subyektinə isə rezidentlik statusu verilib və bunlardan artıq 55-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bugünədək sənaye zonalarına 6,2 mlrd. manatdan çox investisiya yatırılıb və 9500-dək iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 mln. manat investisiyanın yatırılması və 2 minə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. 

Bu barədə İqtisadiyyat Nazirliyindən  məlumat verilib. Sənaye zonaları üzrə indiyədək ümumilikdə 5 mlrd. manatlıq məhsul istehsal edilib ki, bunun 1,4 mlrd. manatı (təqribən 28 faizi) ixrac olunub. Sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2020-ci ilin 9 ayında sənaye zonalarında 977 mln. manatlıq məhsul istehsal edilmişdisə, 2021-ci ilin 9 ayında 56,7 faiz çox (1,5 mlrd. manatlıq) məhsul istehsal olunub. İxrac isə 2020-ci ilin analoji dövrü (269 mln. manat) ilə müqayisədə 102,6 faiz (2 dəfə) artaraq 545 mln. manat təşkil edib. 2021-ci ilin 9 ayında 1,5 mlrd. manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,2 faiz, qeyri-neft sənaye məhsullarının ixracında 25,9 faiz (545 mln. manat) olub. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 30-dan çox ölkəsinə ixrac edilib. Qeyd edək ki, sənaye zonalarında sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Sənaye zonaları ölkənin qeyri-neft sektorunun, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafında və əhalinin məşğulluq səviyyəsinin təmin edilməsində mühüm rol oynayır.

Mövzuya münasibət bildirən Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov “Şərq”ə açıqlamasında qeyd edib ki,  sənaye zonaları, eləcə də məhəllələri sənayeləşmə baxımından çox vacibdir. Millət vəkili diqqətə çatdırıb ki, bu istiqamətdə sənayeləşmənin genişləndirilməsi Azərbaycan üçün prioritetdir: 

“Sənaye zonalarında, eləcə də parklarında vergi güzəştlərinin tətbiq olunması, dövlət tərəfindən infrastrukturun formalaşması imkan verir ki, daha çox sərmayənin bu istiqamətə cəlb edilməsi mümkün olsun. Eyni zamanda, bu həm də yeni iş yerlərinin yaradılması baxımından çox vacibdir”.

Deputat vurğulayıb ki, əslində son dövrlər bölgələrdə yaradılan yeni iş yerlərində sənaye zonalarının və parklarının xüsusi payı var: 

“Bu baxımdan təbii ki, yeni istiqamətdə fəaliyyətlərin genişləndirilməsi bir tərəfdən Azərbaycanda istehsal edilən sənaye məhsullarının payını və həcmini artırıb. Digər tərəfdən də bu imkan verir ki, daha çox iş yerləri və ixtisaslı kadrların işlə təmin olunmasına nail olmaq mümkün olsun. Sənaye məhəllələrində fəaliyyət göstərən sahibkarlar genişmiqyaslı yeni güzəştlərdən istifadə etmək imkanına malikdirlər. Bu, bir tərəfdən həmin məhəllələrə yerli investisiyanın cəlb edilməsinə imkan verir, digər tərəfdən sahibkarlara dövlət dəstəyindən daha geniş faydalana bilmələrinə şərait yaradır. O baxımdan bu sənayeləşmə siyasətinin əsas elementlərindən biri olmaqla, regionlarda yeni iş yerlərinin yaradılmasına və məhsul istehsalının genişləndirilməsinə xidmət edir. Sənaye məhəllələrində fəaliyyət göstərən sahibkarlar dövlət dəstəyi ilə yeni iş yerlərinin yaradılmasını həyata keçirirlər. Bu, yerli istehsalın və ixrac imkanlarının genişləndirilməsinə xidmət edir. O baxımdan həyata keçirilən siyasət həm məşğulluğun təmin olunmasına, digər tərəfdən də Azərbaycanın istehsal və ixrac imkanlarının artırılmasına gətirib çıxarır”.