Arif Əliyev: "Ən düzgün və adekvat addım budur"
Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) ümumilikdə 5 Azərbaycan saytını ölkə ərazisində bloklayıb.
Rusiyada bloklanan Oxu.az saytının bu barədə açıqlamasında saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən bu addımın atıldığı qeyd olunub. Saytdan bildirilib ki, bu, birbaşa söz azadlığına, demokratiyaya, plüralizmə zidd hesab olunur, “Roskomnadzor”un bu addımı qərəzli və qanunsuzdur.
Qeyd edək ki, bundan əvvəl Haqqin.az və Minval.az saytları da Rusiya ərazisində bloklanıb.
Hazırda Bakının cavab olaraq hansı addımı atacağı maraqla gözlənilir.
“Yeni Nəsil” Jurnalistlər İttifaqının sədri Arif Əliyev “Şərq”ə açıqlamasında media təşkilatlarının buna bəyanatlarla, xahiş məktubları yazmaqla cavab verdiyini bildirib. Onun sözlərinə görə, bu, düşünülməmiş görülən tədbirdir:
“Bu kimi hallara dəfələrlə rast gəlinib və adətən belə vəziyyətdə cavab tədbirləri başqa xarakterdə olur. Əgər hər hansı ölkənin informasiya orqanlarına digər ölkədə məhdudiyətlər qoyulursa, ona uyğun şəkildə eyni addımlar bu ölkədə də atılmalıdır. Rusiyanın Azərbaycanda yayılan və fəal şəkildə informasiya ötürən saytları çoxdur. Bizdə də eyni sayda və xüsusilə, informasiya mühitimiz üçün təbliğat baxımından problem yaradan saytlara məhdudiyyət tətbiq olunmalıdır. Ən düzgün və adekvat addım budur.
İndiki halda bizim ora müraciətlər göndərib, şikayət ünvanlamağımız bir qədər qəribə görünür. Çünki Rusiyanın həmin dövlət qurumu daha böyük və milli saytlara belə məhdudiyyətlər tətbiq edib. “Exo Moskva”, “Novaya qazeta” kimi mətbuat orqanlarının fəaliyyətinin dayandırılması haqqında bəyanat verildi və müharibə bitənə qədər buna məcbur olduqlarını bildirdilər. Belə halda bizim onlara müraciətlərimiz və ya söz azadlığını başa salmağa çalışmağımız əbəsdir”.