MEDİA-da Özbəkistanın Milli İnformasiya Agentliyinin rəhbərliyi ilə GÖRÜŞ

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) Özbəkistanın Milli İnformasiya Agentliyi UzA-nın rəhbərliyi, baş direktorun birinci müavini Sobir Şukurov, baş redaktor Qayrat Xonnazarov, eləcə Özbəkistan Nazirlər Kabinetinin Turizm, Mədəniyyət və Kütləvi Kommunikasiyalar katibliyinin sektor müdiri Şahobiddin Musayevlə görüş keçirilib. 

"Sherg.az" xəbər verir ki, görüş zamanı MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov qonaqları Azərbaycanda bir müddət əvvəl qəbul edilmiş “Media haqqında” qanun, bu qanunun üstünlükləri, eləcə də ölkədə media reyestrinin yaradılması layihəsi barədə məlumatlandırıb. Əhməd İsmayılov bu reyestrin işə salınmasından sonra media nümayəndələrinin yararlana biləcəyi imtiyazlardan danışıb. Qeyd edilib ki, onlayn mediada işləyən jurnalistlər bununla da rəsmi status alıb.

Agentlik rəhbəri, həmçinin özbəkistanlı həmkarları media sahəsində kadr potensialının inkişafı ilə bağlı müxtəlif layihələr, ADA Universiteti və Bakı Dövlət Universiteti ilə birgə təşkil olunan ixtisas artırılması proqramları, məşğələlər, çap mediası və xəbər saytlarına dəstək proqramları və digər təşəbbüslər barədə məlumatlandırıb.

Özbəkistanın Milli İnformasiya Agentliyi UzA-nın baş direktorunun birinci müavini Sobir Şukurov iki ölkə media strukturları arasında münasibətlərin inkişafına töhfəsinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. 

“Biz təkcə müstəqil informasiya agentlikləri ilə deyil, həm də dövlət strukturları ilə təcrübə mübadiləsi aparmaq istərdik. Bizim əməkdaşlığımız həm də siyasi və normativ aktlar səviyyəsində genişlənməlidir”, - Sobir Şukurov deyib.